2019/2020-ci tədris ilində ali məktəblərə daxil olan kəlbəcərli tələbələrlə görüş keçirilib.
Etmtv. news Moderator.az-a istinadən xəbər verir ki, Gəncə şəhərində yerləşən 1500 ailəlik yeni qəsəbədəki Mədəniyyət Sarayında 2019/2020-ci tədris ilində ali məktəblərə daxil olan kəlbəcərli tələbələrlə görüş keçirilib. Tədbir Kəlbəcər rayon İcra Hakimiyyətinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığıl ilə baş tutub. Görüşdə ali məktəblərə yeni qəbul olunmuş tələbələrlə yanaşı onların valideyinləri, eyni zamanda Kəlbəcər Rayon Təhsil şöbəsinin əməkdaşları və ümumtəhsil müəssisələrinin pedaqoji kollektivləri də iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov geniş məruzə ilə çıxış edərək tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Aqil Məmmədov ölkəmizdə təhsilə, elmin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə aparılan islahatların verdiyi bəhrələrdən danışaraq qeyd edib ki, bu tədris ilində Kəlbəcər rayonu üzrə tam orta məktəbləri bitirən 1127 nəfər məzundan 556 nəfər tələbə adını qazanıb, onlardan 14 nəfəri 600-dən çox bal toplayıb.
Tədbirdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov görüş iştirakçılarını İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun və 123 saylı Kəlbəcər seşki dairəsindən millət vəkili seçilmiş Cavid Qurbanovun adından salamlayıb, ali məktəblərə daxil olan gəncləri təbrik edib.
Digər çıxış edənlər də ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonda ali məktəblərə daxil olmuş tələbələrə Millət vəkili Cavid Qurbanov tərəfindən ayırılmış pul mükafatları təqdim olundu.