Cavad Xanın anım günü. 3 Yanvar, yoxsa 15 Yanvar?

Bildiyiniz kimi 216 il əvvəl, 1804-cü ilin yanvar ayında rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəslərinə kimi vuruşaraq, Gəncə qalasının üzərində şəhidlik zirvəsinə ucaldılar.
Bütün tarixi mənbələrdə işğal gününü və Cavad xanın şəhid olduğu günü yanvar ayının 3 olaraq göstərilib və müasir mənbələrin çoxunda da mexaniki olaraq o tarixi kitablardan 3 yanvar günü kimi köçürülüb.
Ancaq bir məsələ unudulur ki, tarixi mənbələrdə 3 Yanvar günü o vaxt istifadə olunan Yulian təqvimi ilə göstərilib, bu da ki, XX əsrin əvvəllərindən istifadə etdiyimiz Qriqorian təqvimi ilə 15 Yanvar gününə düşür.
Bunun başqa bir təsdiqi üçün digər bir isbat da var.
Mənbələrdən məlum olduğu kimi, rusların qalaya hücumu Ramazan bayramının sabahısı sübh tezdən baş verib. Hicri tarixi ilə də 1 Şəvval, yəni Ramazan bayramı günü Yulian təqvimi ilə 2 Yanvar və ya müasir təqvimlə 14 Yanvar gününə düşür. Qalanın işğalı da bayramın səhərisi, yəni 15 Yanvar günü baş tutub. Doğru olan 15 Yanvar günü bir müddət əvvəl müəyyən səylərdən sonra Wikipediaya da əlavə edilib artıq.

Bildiyimiz kimi, Gəncədə anım günü uzun müddətdir ki, nədənsə 4 Yanvar tarixində qeyd edilir, hərçənd, dəqiq məlumdur ki, Cavad xan Yulian təqvimi ilə 4 yanvar günü deyil, məhz 3 yanvar tarixində səhər saatlarında şəhid olub…
Bu da, yuxarıda qeyd etdiyimiz kimi qriqorian təqvimi ilə 15 Yanvara düşür. Yəni, anım günü kimi qeyd edilən 4 Yanvar tarixi nə yulian, nə də qriqorian təqvimi ilə doğru tarix deyil.

Hamımızın bildiyi kimi, 2012-ci ildən bu yana Cavad xanın anım mərasimi ümumiyyətlə çox solğun keçirilirdi və bu səbəbdən də doğru olan tarixi təklif etməyi də heç münasib bilmirdik. Neçə ildən sonra, 2019-cu ildə yeni şəhər rəhbərliyi tərəfindən anım mərasiminin layiqli şəkildə keçirilməsini nəzərə alaraq, biz də bu tədbirin düz olan tarixdə, yəni rəsmən 15 Yanvar günü qeyd etməyi rəsmi şəkildə təklif etmişdik. Əfsus ki, deyən bu il də bu məntiqli təklifə biganə yanaşıldı…
Biz keçən il «CAVAD XAN» Tarix və Mədəniyyət Fondunun təşəbbüsü ilə anım mərasimini 15 Yanvar günü qeyd etdik, inşallah bu il də həmin tarixdə keçirəcəyik.

Müzadil Həsənov, «CAVAD XAN» Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti.

Müzadil Həsənov adlı şəxsin şəkli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.