Dünyada milyonlarla insan var. Bu insanların hər biri ayrı-ayrı xasiyyətə və düşüncəyə sahibdirlər.
Bu bir gerçəklikdir ki, insanların həyatlarında heç olmasa bir dənə də olsa onları maraqlandıran, narahat edən, hər zaman cavabını bilmək istədikləri sual olur. Mən də, əlbəttə, bu cür insanlardanam. Mənim həyatda cavabını bilmək istədiyim çox suallar var. Onlardan demək olar ki, ən birincisi “İnsanlar nə üçün bir-birilərini anlamaq istəmirlər?” sualıdır.
Çox təəssüf ki, insanlar yaşamları boyunca bir çox səhvlər edirlər. Bu səhvlərin bəzisi bilməyərəkdən, bəzisi isə iradəsizlikdən olur. Lakin, elə bir cəmiyyətdə yaşayırıq ki, hər hansı bir insanın etdiyi səhvin böyük və ya kiçikliyindən asılı olmayaraq cəmiyyət tərəfindən qınaq obyektinə çevrilir.
İstər böyük, istərsə də kiçik səhvlərində insan qınanmamalı, cəmiyyətdən kənarlaşdırılmamalıdır. Onu səhvinə görə cəmiyyətdən uzaqlaşdırmaq deyil, əksinə, ona bu səhvini başa salmaq lazımdır. Çünki, bir insanın kiçik bir səhvinə görə onun üzərinə getmək, onun daha da böyük səhvlər etməsinə şərait yaratmaqdır. O elə düşünəcəkdir ki, artıq bundan sonra etdiyi hər yaxşılıq onun səhvinin kölgəsində qalacaqdır. Onu bu düşüncələrdən uzaqlaşdırmaq lazımdır. Necə deyərlər, “Mərdi qova-qova namərd etmək olmaz”.
Bəzən elə insanlar olur ki, valideyninin səhvinə görə onun övladlarını və ya əksinə, hər hansı bir yaxın tanışına görə digər ona yaxın olan insanı da günahlandırırlar. Bu, heç də doğru yanaşma deyil. Heç kəsin atdığı səhv addıma görə bir başqası ona yaxın olduğu üçün mühakimə edilməməlidir. Əgər bir şagird dərsdə yersiz hərəkət edirsə və adətən əksər müəllimlərin bu olaya verdiyi reaksiya – “ailədə gördüyün tərbiyə budur” deməsi, heç də doğru deyil. Bəli, insan öz tərbiyəsinin başlanğıcını ailədən götürür, ancaq o, cəmiyyətdə formalaşır. Bu o demək deyil ki, onun hər səhv hərəkəti onun ailəsinə də şamil edilməlidir. Bunun əsl səbəbi onun seçdiyi yanlış mühitdir.
Biz çalışmalıyıq ki, insanları cəmiyyətdən uzaqlaşdırmaq əvəzinə cəmiyyətə sağlam düşüncəyə malik, səhvlərindən dərs çıxaran, müsbət xüsusiyyətləri özündə cəmləşdirən insan qazandıraq.
Nərgiz Məmmədəliyeva
BSU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi