13 noyabr 2025-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında əməkdaşlığın növbəti mühüm mərhələsi baş tutub. “Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Qrant yardımı Çərçivə Sazişi” üzrə həyata keçirilən “Kiçik Həcmləri ODA (İnkişafa Rəsmi Yardım)” proqramı çərçivəsində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə edilib. Bu münasibətlə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Ümumi Cərrahiyyə şöbəsinə tibbi avadanlıqların təmin edilməsi” layihəsinin təhvil-təslim mərasimi keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Cənubi Koreyanın Azərbaycandakı səfiri Kanq Kımqu, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktoru İlkin İsmayılov və tibb işçiləri iştirak ediblər.
Niyazi Bayramov qonaqları salamlayaraq bildirib ki, bu layihə Azərbaycan ilə Koreya arasında mövcud dostluq, əməkdaşlıq və humanitar tərəfdaşlığın bariz nümunəsidir. O qeyd edib ki, səhiyyə sahəsi ölkəmizdə prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılır. Bu baxımdan, dost Koreya Respublikasının dəstəyi xüsusilə dəyərlidir.
Cənubi Koreyanın Azərbaycandakı səfiri Kanq Kımqu çıxışında bildirib ki, son üç ildə həyata keçirilən təşəbbüslər təkcə tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə deyil, həm də iki ölkə arasında dostluq və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir.
Zaur Əliyev çıxışında vurğulayıb ki, bu kimi layihələr Azərbaycan səhiyyə sisteminin inkişafına mühüm töhfə verir. Onun sözlərinə görə, layihənin əsas məqsədi həssas əhali qrupları üçün tibbi xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaqdır.
Vüqar Qurbanov isə xatırladıb ki, ötən il Koreyanın dəstəyi ilə Gəncədə “Uşaqlara Tibbi Müayinə Dəstəyi” layihəsi icra edilib. Həmçinin “Kiçik Həcmli İnkişafa Rəsmi Yardım (ODA)” proqramı çərçivəsində ürək-damar xəstəlikləri ilə bağlı 18 adda müasir tibbi avadanlıq Gəncə Birləşmiş Şəhər Xəstəxanasına ianə olunub.
İlkin İsmayılov qeyd edib ki, müəssisəyə təkcə Gəncə şəhərindən deyil, ətraf 17 rayondan da vətəndaşlar müraciət edirlər:
“Bu müraciətlərin yüksək səviyyədə qarşılanması üçün ianə edilən müasir tibbi avadanlıqlar xəstəxanamızın texniki imkanlarını genişləndirir. Yeni cihazlar tibb personalının işini daha səmərəli təşkil etməyə və vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəltməyə imkan verəcək.”
Məlumat verilib ki, ianə edilən avadanlıqlar sırasında rentgen aparatı, defibrilyator, anesteziya cihazı, xəstə monitorları, əməliyyat lampaları və masaları, elektrocərrahiyyə və aspirasiya aparatları, reanimasiya çarpayıları, körpə inkubatoru və digər tibbi qurğular yer alır.
Qeyd edək ki, bu layihə “Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Qrant yardımı Çərçivə Sazişi”nə əsasən “Kiçik Həcmləri ODA (İnkişafa Rəsmi Yardım)” proqramı çərçivəsində həyata keçirilən üçüncü tibbi avadanlıq ianəsidir. Əvvəlki illərdə də proqram çərçivəsində TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrinə ana və uşaq sağlamlığının qorunması üçün avadanlıqlar ianə edilmiş, həmçinin pandemiya dövründə müayinə köşkləri təhvil verilmişdir.





