Cəlil Məmmədquluzadə Özbək istifadəçilərinə ana dilində təqdim olundu

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Azərbaycan ictimai fikri və ədəbiyyat tarixində tənqidi realizmin banisi,  yazıçı, dramaturq, jurnalist, ictimai xadim, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadə haqqında Özbək dilində geniş bölmə “Vikipedia” Elektron Ensiklopediyasında istifadəyə verilib.

Yaradılmış bölmədə Cəlil Məmmədquluzadənin yenitipli mətbuatın və jurnalistikanın ustadı, mollanəsrəddinçilik təliminin ideoloqu olmaqla yanaşı o, milli istiqlal hərəkatının əsas simalarından biri kimi xarakterizə olunur.

Bölmədə yazıçının həyatı, təhsil aldığı illər, pedaqoji fəaliyyəti, yaradıcılığı, bədii nəsri, əsərləri, hekayə və dramaturgiyası, elmi fəaliyyəti, qadın-azadlıq məsələləri, xatirəsi, onun haqqında ekranlaşdırılmış əsərlər, habelə tanınmış dramaturqa dair ədəbiyyat siyahısı öz əksini tapmışdır.

Virtual bölmədə qeyd olunur ki, Cəlil Məmmədquluzadə bədii yaradıcılığını Azərbaycan ədəbiyyatında özünəməxsus üslubda və mövzuda mənzum şəkildə də davam etdirmişdir. İstər bədii nəsr, istər dram, istərsə də publisistik əsərlərində olduğu kimi satirik şeirlərində də maarifçiliyə çağırış, cahilliyin və mövhumatçılığın tənqidi onun yaradıcılığında əsas yer tutmuşdu.

Yazıçının irsinin təbliği ilə bağlı məlumatlarda Cəlil Məmmədquluzadənin əsərlərinin dünyanın bir sıra dillərinə tərcümə edildiyi, 2019-cu ildə isə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə onun “Poçt qutusu” adlı hekayələr toplusunun Özbək dilinə tərcümə edildiyi ilk dəfə olaraq Daşkənddə nəşr edildiyi qeyd olunur.

Özbək dilində “Jalil Mammadqulizoda” adlı virtual bölmədə yazıçının xatirəsinin əbədiləşdirildiyi, Azərbaycanın Bakı və Naxçıvan şəhərlərində C. Məmmədquluzadənin ev muzeylərinin fəaliyyət göstərdiyi, yazıçının 125 və 150 illik yubileylərinin Azərbaycan Respublikasının  Prezidentlərinin müvafiq sərəncamları ilə dövlət səviyyəsində geniş qeyd olunduğu vurğulanır.

Özbək dilində istifadəyə verilmiş “Jalil Mammadqulizoda” adlı virtual bölmə ilə https://uz.wikipedia.org/wiki/Jalil_Mamadqulizoda linkində tanış olmaq mümkündür.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu ölkənin müxtəlif ali məktəblərində tədris proqramlarına Azərbaycanla bağlı, xüsusi ilə Azərbaycan ədəbiyyatı ilə bağlı mövzular daxil edilmiş və onların tədrisi həyata keçirilir.

Özbəkistanın Mirzə Uluqbek adına Milli Universiteti və Ə. Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində Azərbaycan ədəbiyyatına dair Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi yaradıcılığı, çağdaş Azərbaycan ədəbiyyatı, habelə bir sıra milli maarifçilərimiz, Cəlil Məmmədquluzadə yaradıcılığı geniş tədris olunur və bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən mütəmadi olaraq sözügedən ali məktəblərə qeyd olunan mövzuda nəşrlər əvəzsiz olaraq verilir.

Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, bu cür ədəbiyyat nümayəndələri haqqında materialların Özbək milli seqmentində İnternetdə istifadəyə verilməsi Azərbaycan ədəbiyyatının daha geniş tədqiqi və təbliğinə imkan yaradır və gələcəkdə də bu layihələr davam etdiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.