Bu uşaqlar cəmiyyət üçün təhlükədir

Psixoloqdan SOS: “Zorakılıqla yetişən uşaq, cəmiyyət üçün təhlükədir”

Bəzi valideynlər öz övladlarını şiddətlə cavab verən, qəddar və insanlara zərər verə biləcək bir fərd kimi yetişdirirlər. Daha sonra isə həmin övlad böyüyüb aqressiv və empatiyadan uzaq bir insana çevrildikdə, günahı cəmiyyətin üzərinə atır, vəziyyəti düzəltmək üçün isə psixoloqlara üz tuturlar.

Bəs biz uşaqlarımıza dözməyi, problemi danışaraq həll etməyi deyil, zorakılıqla cavab verməyi öyrədirsəksə, gələcəyin cəmiyyətindən nə gözləyə bilərik?

Psixoloq Aydan Məmmədova AzEdu.az-a mövzu ilə bağlı açıqlama verib.

Psixolqun fikrincə, valideynlərin uşaqlarına zorakılıqla cavab verməyi öyrətməsi onların gələcəkdə aqressiv və empatiyadan uzaq şəxslərə çevrilməsinə səbəb olur:

“Uşaqlar, daha çox valideynlərini və ətraf mühiti təqlid edərək davranışlarını formalaşdırırlar. Əgər uşaq ailədə və ya məktəbdə zorakılıqla qarşılaşır və bu davranışlar normallaşdırılırsa, o da bu cür davranışları təbii qəbul edəcək. Diqqət etsək görərik ki, zorakılığa məruz qalan uşaqların bir çoxu böyüdükdə eyni davranışları təkrarlayır və bu da həm cəmiyyət üçün, həm də şəxsin özü üçün problemlər yaradır”.

Psixoloq bildirib ki, valideynlər uşaqlarının aqressiv davranışlarını müşahidə edirlərsə, bu, onların öz davranışlarını və tərbiyə metodlarını yenidən nəzərdən keçirmələri üçün bir siqnal olmalıdır:

“Uşaqlara sevgi və anlayışla yanaşmaq, onların duyğularını dinləmək və problemləri zorakılıqdan uzaq yollarla həll etməyi öyrətmək, uşaqda sağlam psixoloji prioritetlər və sağlam cəmiyyət formalaşdıracaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.