İndoneziya Universiteti tərəfindən dünyanın ən ekoloji universitetlərinin beynəlxalq reytinqi (UI Green Metric Ranking of World Universities 2018) açıqlanıb. Sıralamada müxtəlif ölkələrdən 716 universitet yer alıb.
Etmtv.news AzEdu.az -a istinadən xəbər verir ki, dünyanın ən yaşıl ali təhsil müəssisələrinin siyahısında ölkəmizi Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (453-cü yer) və Azərbaycan Dövlət İqtisad Universiteti (478-ci yer) təmsil edirlər.
Reytinqin tərtibçiləri qeyd edirlər ki, tədqiqatın məqsədi akademik ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməkdir. Reytinq tərtib olunarkən universitet kampuslarının təbii mühitə münasibəti, enerjidən istifadə və onun iqlimə təsiri, kampus ərazisində kağızlardan istifadənin azaldılması siyasəti, su resurslarından rasional qaydada istifadə olunması, ali məktəb ərazisində nəqliyyatdan (ictimai, şəxsi avtomobillər və ya velosiped) istifadə, ekoloji problemlər üzrə tədris kurslarının təşkili, ekoloji problemlərin öyrənilməsinə yönəlik tədqiqatçılıq fondlarının olması, ekoloji problemlərə dair dərc olunmuş elmi məqalələrin sayı və s. təhlil olunub.
Beləliklə də dünyanın ekoloji cəhətdən ən təmiz universitetlərinin ilk onluğunda aşağıdakı ali məktəblər yer alıb: Wageningen University & Research ( Hollandiya), University of Nottingham ( Böyük Britaniya), University of California, Davis (ABŞ), University of Oxford (Böyük Britaniya), Nottingham Trent University (Böyük Britaniya), Umwelt-Campus Birkenfeld (Almaniya), University of Groningen(Hollandiya), Bangor University (Böyük Britaniya), University College Cork (İrlandiya), Connecticut University of Connecticut (ABŞ).
Reytinqin direktoru, professor Riri Fitri Sarinin sözlərinə görə, dünyanın ən davamlı universitet kampusları tərəfindən atılan strateji addımlar məmnunluq doğurur.