“Bu uğur dünya elmində yeni, parlaq bir səhifə açacaq” – Deputat

“Bu münasibətlə başda qardaş Türkiyə Cümhuriyyəti olmaqla, bütün türk dünyasını təbrik edirəm. Alper Gezeravcının kosmosa səyahəti bütün türk dünyasının tarixi uğurudur” .

Bunu millət vəkili Vahid Əhmədov bildirib.

Millət vəkili qeyd edib ki, bu, sadəcə qardaş Türkiyənin deyil, bütün türk dünyasının tarixi uğurudur:

“Alper Gezeraycının kosmosa səyahəti sadəcə qardaş Türkiyənin uğuru deyil. Bu, türk dünyası olaraq bizim hər birimizin uğurudur. Mən bu münasibətlə başda qardaş Türkiyə Cümhuriyyəti olmaqla, bütün türk dünyasını təbrik edirəm. Əminəm ki, bu səyahətlə dünya elm tarixində yeni, parlaq bir səhifə açılacaq, məlum səyahət dünya elminin inkişafına böyük töhfələr verəcək”.

Millət vəkili qeyd edib ki, Alper Gezeraycının kosmosa səyahəti türk xalqının elmə olan marağından xəbər verir:

“Türk xalqı, türk dünyası hər zaman elmə, yaradıcılığa olan hədsiz marağı ilə diqqət çəkib. Bizim üçün qürurvericidir ki, son illər bu marağın daha da artmasına şahid olmaqdayıq. Bu gün dünyanın bir çox qabaqcıl elmi mərkəzlərində, institutlarında, laboratoriyalarında, beyin mərkəzlərində Azərbaycandan, Türkiyədən, Qazaxıstandan, Özbəkistandan və digər türk respublikalarından olan mütəxəssislər çalışır. Onlar bəşəriyyətin tərəqqisi və rifahına öz töhfələrini verirlər. İnanıram ki, Alper Gezeravcının kosmosa səyahəti türk gəncliyində elmə olan marağı daha da artıracaq, onları yeni elmi biliklər ardınca yollanmağa həvəsləndirəcək”.

Millət vəkili türk kosmonavtın ABŞ-a məxsus “SpaceX” şirkətinə aid kosmik gəmi ilə havaya qalxmasının da normal olduğunu bildirib:

“Bildiyiniz kimi, Alper Gezeravcı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) digər əməkdaşları ilə birgə “SpaceX” şirkətinə məxsus kosmik gəmi ilə havaya qalxdı. Düşünürəm ki, türk kosmonavtın ABŞ kosmik gəmisində səyahət etməsi tamamilə normaldır və burada türk xalqının tarixi uğuruna kölgə salacaq heç  bir nüans yoxdur.

Heç kimə sirr deyil ki, kosmik tədqiqat çox böyük maliyyə və intellekt tələb edən bir prosesdir və bu prosesdə dünyanın bütün qabaqcıl dövlətləri sıx əməkdaşlıq edir. Bəzi hallarda isə bu prosesdə dünyanın müxtəlif ölkələrində yerləşən minlərlə şirkət iştirak edir ki, məqsəd müvəffəqiyyətli uçuşu təmin etməkdir. Kosmik səfərlərdə iştirak edən kosmonavtların bir çox hallarda müxtəlif xalqların nümayəndələrindən ibarət olması faktı da bu məsələdə beynəlxalq əməkdaşlığa ən bariz nümunədir.

Mən bütün qəlbimlə inanıram ki, yaxın gələcəkdə türk dünyası kosmosun fəthində daha yaxından iştirak edəcək, dünya kosmonavtları səmaya Azərbaycanın, Türkiyənin, Qazaxıstan istehsalı olan kosmik gəmilərlə yollanacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.