Qubadlı rayonu 1930-cu ildə təşkil olunmuşdur. Rayonda 1 şəhər (Qubadlı) və 93 kənd vardı. Sahəsi 802 km2, əhalisi işgaldan əvvəl 29,9 min nəfər (əhali etinik tərkibcə azərbaycanlılardan ibarət olmuşdur), hazırda isə 41,6 min (01.01.2020) nəfərdir. İri yaşayış məntəqələri Qubadlı şəhəri, Xanlıq, Mahmudlu, Dondarlı, Mahruzlu kəndləri idi.
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şəqində yerləşir. Qərbdən Ermənistan Respublikasının Gorus, Qafan rayonları ilə (120 km), şimaldan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonu (45 km) və Laçın rayonu ilə, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. İnzibati Mərkəzi Qubadlı şəhəridir. (24.07.1990-cı ildə şəhər statusu almışdır.) Kəndlərinin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir.
Tarixən Zəngəzur mahalının (qəzasının) tərkibində olmaqla qədim tarixi – etnoqrafik bölgələrdən biri olan Qubadlı ötən əsrdə dəfələrlə Еrməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır (1915, 1918, 1920). Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Bununla bеlə bütün çətinliklərə və əzab-əziyyətlərə baхmayaraq hər dəfə işğalçı еrməni qoşunları torpaqlarımızdan qovulmuş, yaşayış məntəqələri və müvafiq infrastruktur bərpa еdilmişdir.
1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. Nəhayət, Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində tamamilə işğal edildi.
Rayonun işğalı nəticəsində 1 şəhər (Qubadlı), 93 kənd, 6988 yaşayış evi, 8 sənaye və 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 74 təhsil, 125 ticarət, 96 ictimai iaşə, 25 məişət xidməti, 48 kənd təsərrüfatı, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılmış, 13365 hektar meşə sahəsi işğal altında qalmışdır.
Müharibə nəticəsində rayondan 238 nəfər şəhid olmuşdur. Onlardan 8 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərhrəmanı adına layiq görülmüşdür. Şəhidlərdən 117 nəfəri mülki əhalidəndir. O cümlədən mülki şəhidlərin 40 nəfəri qadın, 4 nəfəri uşaq, 53 nəfəri qoca, ahıl yaşlı insanlardır. 204 nəfər hərbiçi, 12 nəfəri uşaq olmaqla 69 nəfər mülki şəxs əlil olmuşdur. Öz ata-baba torpağından didərgin düşmüş rayon əhalisi respublikamızın 41 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.
Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Qubadlı rayonu ərazisində də Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların arasında son tunc – erkən dəmir dövrünə aid Qubadlı şəhərinin qədim hissəsində yaşayış məkanı, Əliquluuşağı kəndindəki iki qala və Muradxanlı kəndindəki qala, Başarat kəndindəki Orta əsrlərə aid Qafqaz alban məbədi, Qayalı kəndinə yaxın Yazı düzündəki XIV əsrə aid qəbiristanlıq və Cavanşir türbəsi, Dəmirçilər kəndindəki XIII-XIV əsrlərə aid iki türbə, müxtəlif kəndlərdə olan çoxlu sayda məscidlər, Qubadlı Tarix muzeyində saxlanılmış 5 mindən çox nadir eksponat və sair abidələr dağıntılara və talana məruz qalıb.
Ümumilikdə işğal nəticəsində rayona 1,5 milyard dollar həcmində maddi ziyan dəymişdir.
Anar Məhəmməd Oğlu Burcəliyev,
Teatrşünas-tənqidçi.