Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr – Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Bayraq – bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Milli bayrağımızdakı göy rəng – türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadə edirAzərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının yerləşdirdiyi binada qəbul edilib və qaldırılıb. Azərbaycan Bayrağı tarixində ən sərfəli günlərdən biri 7 dekabr 1918-ci ildə şərqdə ilk demokratik, dünyəvi dövlət olan AXC parlamentinin açılışı zamanı qaldırılıb. Parlamentin birinci iclasını açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə üçrəngli milli bayrağına xitabən deyib: «Bir kərə yükləsən bayraq, bir daha enməz!».
Bu da sevindirici haldır ki, Azərbaycan Respublikası 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilib. Bu gün həmin təşkilatın Nyu-Yorkdakı igamətgahının qarşısında dünyanın 180-dən artıq müstəqil dövlətin bayraqları ilə bir sırada Azərbaycan bayrağı da dalğalanmaqdadır. Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir.