Brest qalasının azərbaycanlı qəhrəmanları-biz onlar haqqında nə bilirik?!.

BREST QALASININ QƏHRAMANLIQ DOLU MÜDAFİƏSİNDƏ CANLARINI QURBAN VERMİŞ İGİD HƏMYERLİLƏRİMİZƏ HƏSR OLUNUR.

Qəhramanlıq hansı dövrdə və hansı şəraitdə göstərilirsə göstərilsin o, mahiyyətcə elə ən ali  və nəcib hərəkət olaraq qalacaqdır.Tarixin bütün səhifələri bu növlü, lakin müxtəlif şərait və məkanda baş vermiş qəhramanlıqlarla doludur.Bu, ibrət götürmək ücün şanlı səhifələrdir.

1941-ci il iyun ayının 22-də müharibə elan etmədən Sovet torpağına soxulmuş faşist qoşunları elə ilk gündən müxtəlif millətlərin təmsilçiləri olan sovet əsgərlərinin müqavimətinə rast gəldilər. Böyük Vətən müharibəsinin elə ilk anlarında Brest qalasında başlanan qəhramanlıqla dolu bu mübarizə minlərlə naməlum və məlum əfsanəvi əsgəri rəşadətə və şücaətə təkan verdi.

II Dünya müharibəsinin qəhramanlarının heç də hamısı yaddaşlarda qalmayıb.Onların çoxu adsız həlak olub.Tarixdə onlar naməlum əsgər adlandırılırlar. Bir çox hissəsi isə təvazökarlıqdan göstərdiyi şücaətlər haqqında danışmamış, əsgəri rəşadət tarixçələrini adi əsgər borcu sanmışdır.  Lakin, müəyyən hissəsi sonralar xatirələrdə yenidən canlanmış və onların göstərdiyi şücaətlər insanlara bəlli olmuşdur.

Brest qalasında gedən döyüşlərdə çoxmillətli döyüşçülərin göstərdiyi qəhrəmanlıq artıq tarixə düşmüşdür. Bu döyüşçülərın arasında Azərbaycanın igid oğullarının göstərdiyi əsgəri rəşadət və şücaət  xüsusi yer tutur.

                                                MÜHARİBƏNİN  BAŞLANDIĞI GÜN

Faşist artilleriyasının birinci yaylım atəşi guruldayan zaman Brest qalası sakit, şirin yuxuda idi.Təkcə, çayın sahilindəki kolların arasında uzanmış sərhəd gözətçiləri və qalanın həyətindəki gecə növbətçiləri hələ qaranlıq olan səmanın qərb tərəfində parlaq bir alov görüb getdikcə yüksələn qəribə bir fit səsi eşitdilər. Bir an sonra yüzlərlə mərmi və minanın partlayış gurultuları torpağı titrətdi.

Bu, dəhşətli bir mənzərə idi. Şirin xəyallar içində yuxuya getmiş döyüşçü və komandirlər qəflətən odla ölüm içərisində yuxudan dik atılıb oyandılar.Onların çoxusu özlərinə gəlmyə macal tapmamış, ətrafda nələr baş verdiyini dərk etmədən, elə ilk saniyələrdəcə həlak oldular.

Partlayışların parıltılı alovunun deşib keçdiyi qalın tüstü və toz örtüyü qalanı bütünlüklə bürüdü. Evlər uçur və yanır, insanlar alov içərisində, xarabalar altında həlak olurdular. Qalanın şimal hissəsində komanda heyətinə məxsus evlərin və mərkəzi adadakı sərhəd komendaturası binası yanında ağlını itirmiş yarıçılpaq uşaqlı qadınlar çığıraraq həyətdə vurnuxur, mərmi qəlpələri ilə yaralanıb yıxılırdılar. Kazarmalarda  qana boyanmış taxtaların üstündə yaralılar inildıyir, silahlı və silahsız döyüşçülər arasıkəsilməz, getdikcə artan artilleriya atəşi və bombardmandan sığınacaq axtararaq ,tələsik pilləkənlərlə aşağıya ,zirzəmilərə qaçırdılar.

Bu qarışıqlıq  kazarmalarda  komandirlərin olmaması  ucbatından daha da artırdı.Şənbə və bazar günlərini komandirlər öz  ailələri ilə keçirirdi, döyüşçülərlə yalnız bir neçə yüksək rütbəli zabitlər, serjant və starşinalar qalmışdı. Düşmən qəfil hücumun bütün üstünlüklərindən istifadə etməyə tələsirdi. Sol sahil kolluqlarındakı toplar hələ atəşi davam etdirir, 45-ci piyada diviziyasının qabaqcıl hücumçu – avtomatçı dəstələri isə artıq rezin qayıq və pantonlarla Buq çayını keçib Brest qalasına – Qərb və Cənub adalarına soxulurdular.

Rəsmi sənədlərdə Brest qalasının müharibənin ilk dəqiqələrində qarşılaşdığı  vəziyyət belə təsvir olunur. Qala müdafiəçiləri müharibənin amansız, ağlasığmaz qəddarlığı ilə üz-üzə, demək olar ki, əliyalın qalmışdı. Lakin qalanın müxtəlif yerlərində müdafiə ocaqları yarandı və əsgərlər azsaylı komandirlərin rəhbərliyi altında hücum edən düşmən qoşunlarına qarşı son damla qanınadək mübarizəyə başladı. Xolm darvazası adlanan yerdə belə müdafiə ocaqlarının birinə polk komisarı Yefim Fomin başçılıq edirdi və bu dəstənin üzvlərinin böyük hissəsini azərbaycanlı döyüşçülər təşkil edirdi.

Alman topları hələ də qalanı atəşə tutur, alman təyyarələri havadan müdafiə ocaqlarını sıradan çıxarır,düşmən piyadaları bütün sahələrdə hücumunu davam etdirirdi. Ardı-arası kəsilməyən bombardmanlardan sonra, düşmən orada bir canlının belə qalmadığını düşünürdü. Amma bir neçə dəqiqə keçdikdən sonra pulemyot  və tüfəng şaqqıltıları yenidən eşidilirdi. Almanlar  top  və minaatanlarla  iyunun 30-dək  qalanı döyəclədilər…

Komisar Fominin bacarıqlı rəhbərliyi ilə dəstə müdafiəni  rəşadətlə davam etdirirdi. Onun Xolm darvazası yanında müdafiə mövqeyi tutmuş dəstəsində onlarla azərbaycanlı qəhrəmancasına vuruşurdu. Onlardan biri də əslən Gədəbəyin Çaldaş kəndindən olan Xəlil Haqverdiyev idi.Onun qəhrəmanlığı “Hünər” kitabında geniş təsvir olunur. O, qalanın müdafiəsində misilsiz rəşadət göstərmiş, adı qalanın döyüş tarixinə düşmüş yeganə azərbaycanlılardan biridir. Brest qalasında onun məzarı üstündə memorial lövhə qoyulmuşdur.

-“Xəlil Haqverdiyev və yoldaşları sahildə əlverişli mövqe tutub faşistlərin körpüyə doğru hərəkətini mətinliklə saxlayırdılar.Uzaqdan düşmən tankları göründü, arxalarınca da çoxlu piyada gəlirdi.Tanklardan biri irəli  çıxıb almanların hücumunu surətləndirdi. Komisar Fominin  “geriyə” əmrindən sonra döyüşçülər ara-sıra atəş açmaqla körpüyə tərəf süründülər.Tankdakılar pulemyotdan atəş açır,igid əsgərləri biçib-tökürdülər.Xəlil ən yaxşı döyüşçülərin həlak olduqlarını görüb qəzəblənirdi. O, fikirləşib əlverişli yer axtarırdı. Muxavetsin sahil qayalığını seçdi və  sürünüb orada gizləndi.Tank bərabərinə çataçatda Xəlil əlindəki qumbaranı onun tırtılı altına atdı.Partlayış zərbəsindən tank yerində silkələnib dayandı, sonra alovlanıb yanmağa başladı.Tankçilar xilas olmaq üçün qüllədən çıxanda igid  eloğlumuz ikinci qumbaranı  düz onların üstünə tulladı.

Geriyə çəkilən Haqverdiyev körpünün  faşistlər tərəfindən tutulduğunu gördü.İkinci tank  döyüşçülərimiz üzərinə od yağdırır,onları  biçib tökürdü. Xəlilin qəfildən tankın iki addımlığında  görünməsi  faşistləri çaş-baş saldı. Bircə anda  tank irəli sıçradı  və elə onda da  dəhşətli gurultu qopdu.Xalqımızın məğrur oğlu Xəlil Həmzə oğlu Haqverdiyev düşmənə  ölüm töhfəsini  öz əlləri ilə “bəxş etməyi” üstün tutdu.” – Məmməd Kazım özünün “Hünər” kitabında onun qəhrəmancasına həlak olduğu anları belə təsvir edir.

Qalanın müdafiəsində azərbaycanlı döyüşçülər komisar Fominin ən sədaqətli və yaxın silahdaşları olmuş və həmin dəstənin özəyini təşkil etmişlər. –“Qala divarlarının yaxınlığında münasib yer seçmiş  Nəbi Məmişov pulemyotla  düşmənin qarşısını saxlayır, müdafiəçilərin qalaya çəkilmələrinə şərait yaradırdı. Necə oldusa pulemyot susdu. Ənvər Mansurov  dostunun torpağa düşmüş başını qaldıranda  onun üzünü qan içində gördü.Tez pulemyotun arxasına keçdi.Bütün nifrət və qəzəbi ilə  pulemyotun tətiyini basdı.

-Al,alçaq,bu Xəlilin payı,bu Nəbinin payı,bu Qaçayın payı… Haradansa Allahverdi İmanov  da  özünü çatdırdı. Pulemyotun üstünə düşüb partlayan top mərmisi onun sözünü eşidilməz etdi.Top mərmisi Ənvərlə,Allahverdi ilə  yanaşı onlarca digər gənc ömrünün də şirin ahəngini kəsdi.”-kitabda qeyd edilir.

Bu mübarizədə  komissar Yefim Fomin ayağından yüngül yara alsa da,qalaya sağ-salamat qayıtdı. Həmyerlilərimizdən Mixail Rudanovski, Dadaş Dadaşov, Xəlil Məmmədov, Qəmbər Teymurov,Aslan Qafarov,Musa İsmayılov,Muxtar Məmmədov və başqaları döyüş meydanından özlərilə xeyli silah gətirmişdilər.Qənimət hitlerçilərdən alınmışdı.

Almanlar   böyük dəstələrlə  körpüdən keçməyə başlamışdılar. Komissar  narahatlıqla Dadaşovu çağırıb dedi:

-Serjant,körpünü partlatmaq lazımdır.

Nəqliyyat rotasının əsgəri Aslan Qafarov  yaxında olduğundan verilən tapşırığı eşitdi.

-Parkın qarşısında yararsız bir top var,bəlkə işə yarayar -dedi. 3-4 dəqiqə keçməmiş topu uçulmuş qala divarı yaxınında atəşə hazırladılar.Cəmi 3 mərmi vardı. Birinci və ikinci atəşlə hədəfi vurmaq mümkün olmadı.Üçüncü atəşdə körpü taxta və metal parçalarına dönüb, havaya sovruldu. Körpü ilə birlikdə  neçə-neçə  hitlerçi  də həyata həmişəlik vida dedi.

Müdafiənin doqquzuncu günü isə  vəziyyət tamamilə dəyişdi. Düşmən aviasiya ilə  qalanı ağır tonnajlı  bomba ilə atəşə tutdu.Şiddətli artilleriya atəşlərindən sonra faşistlər onsuz  da sayı  və qüvvələri tükənməkdə olan qala müdafiəçilərinin  üzərinə hücuma keçdilər.Komisar Fomin başda olmaqla onlarca qəhrəman  yaralı vəziyyətdə düşmənin əlinə keçdi.Onların içərisində Muxtar Qədirov,cəsur döyüşçü Xəlil Məmmədov, Alay  Quluyev və başqaları  da vardı.

Brest qarnizonunda  taleyi bu günədək müəmmalı qalan  yüzlərlə döyüşçülər var. Muzeydəki arxiv  sənədləri, yazılı xatirələr onların bir çoxlarının hətta  əsirlik şəraitində də özlərini  mərd  və  dəyanətli apardıqlarından xəbər verir. Belə igidlərdən biri də Gədəbəy rayonunun Rəsullu kəndindən əsgəri xidmətə getmiş müəllim Xəlil Məmmədov idi. Əsirlərin dindirildiyi vaxt o bir nəfər satqının  komisar  Yefim  Moiseyeviç  Fomini ələ verdiyini görür.Faşist zabiti bayıra çıxan kimi Xəlil satqının üzərinə atılır və boğazından yapışıb boğur. Bu əhvalat “Brest qalası” bədii filmində də əks olunmuşdur. Heyf ki,  “Brest qalası” kitabının müəllifi S.S.Smirnov öz kitabında bu əsgərin kimliyi haqqında bir söz deməmiş, qəhrəmanın adı naməlum qalmışdır. Ümumiyyətlə, sanki bu kitabda azərbaycanlıların adının çəkilməsinə  veto qoyulmuşdur. Daniyal Abdullayevdən başqa Brest qalasının qəhrəmanlıqla dolu müdafiəsində canlarından keçmiş və ya sadəcə igidliklə vuruşmuş bir azərbaycanlının adı belə çəkilmir. Biz bu məlumatlarla yalnız  sevimli jurnalist, sovetlət dönəmində milli televiziyada “Hünər” verilişinin aparıcısı olmuş Məmməd Kazımın eyni adlı əsərindən tanış ola bilirik. Onu da diqqətinizə çatdıraq ki, bu qeydlər rəsmi  sayıla bilər və sovetlər dönəmində nəşr olunmuş kitabdandır.

Brest qalasında, Xolm darvazalarından bir qədər aralıda  kazarmanın güllələrlə  dəlmə-deşik  edilmiş divarına  mərmər lövhə vurulmuşdur.Lövhədə  polk komisarı  Yefim Fominin burada hitlerçi cəlladların əlindən ölümü  cəsarətlə qarşıladığı yazılmışdır.

Əzablı əsirlik həyatının  iradəsini qıra bilmədiyi bakılı  həkim  Muxtar Qədirov  Byala-Podlyaska düşərgəsində neçə-neçə yaralını və xəstəni  yenidən həyata qaytarmışdı.

Eloğlularımızdan bir neçəsi də  müharibə faciələrinin  təlatümlü dalğalarından xilas olub doğma yuvalarına  qayıda bilmişdilər.

Müdafiənin sonuncu günü Daniyal  Abdullayevlə Boris Mixaylovski həmin dəhşətli gecədə yaralı vəziyyətdə çayda xeyli üzürlər.Faşistlərin tələblərinə baxmayaraq təslim olmaq istəmirlər. Axır hitlerçilər özlərini suya salıb üstlərinə tökülüşür, onları əsir alırlar.

Gədəbəyin Novosaratovka  kəndindən hərbi xidmətə gedən Boris Mixaylovski  Minsk  yaxınlığında qatardan düşüb qaçır və partizanlara qoşulur.1943-cü ildə döyüşdə həlak olur.

Müharibədən sonra Daniyal  Abdullayev Balakən rayonunda, Alay Əliyevlə, Musa Əliyev isə  Gədəbəydə  əmək  həyatına qayıdırlar.

Musa Əliyev Brest ətrafında fəaliyyət göstərən ilk partizan dəstəsinin yaradıcılarından biri idi.Mixail Çernyak  ilə Musa Əliyev bu dəstəni olduqca döyüşkən partizan dəstəsi kimi məşhurlaşdırmışdı.

Daniyal  Abdullayev S.S.Smirnovun  məşhur “Brest qalası”  kitabında adı çəkilən iki azərbaycanlıdan biridir. Heyfslər ki, digər qəhrəman həmyerlilərimiz  üçün bu kitabda yer ayrılmamış, hətta  Mixail Çernyakın  adını daşıyan dəstənin yaradıcılarından birinin  Musa Əliyev olduğu və Fomini satmış qızıl əsgərin məhz azərbaycanlı Xəlil Məmmədov tərəfindən öldürüldüyü göstərilməmişdir. Halbuki, adı çəkilən hər iki hadisə  kitabda öz yerini almışdır.

Müharibədən sonra dostları keçmiş silahdaşları Mixail  Platonoviç  Rudanovskinin  Şəki rayonunun Orconikidze adına kolxozdan  tez-tez sorağını alırdılar.

Sultan  Əzizov da müharibədə şərəfli döyüş yolu keçdi. Kobrin,Bobruysk,Qomel,Kursk,Oryol şəhərləri uğrunda vuruşdu. Müharibəni Brandenburq darvazası qarşısında başa vuran eloğlumuz, cəbhədən qvardiya mayoru rütbəsində, bir çox orden və medallarla qayıtdı. Xalqımızın dinc quruculuq  və əmək həyatında yüksək vəzifələrdə çalışan  Sultan Əzizov iş yoldaşlarının  dərin hörmətini, ehtiramını qazanmışdı.

Xəlil Həmzə oğlu Haqverdiyev  qalanın həyətindəki mərmər lövhə üzərində əbədiyyət tapdı. 1980-ci ilin əvvələrində “Belarusfilm”in yaradıcı heyəti Azərbaycana səfər edərək qəhrəman eloğlumuz haqqında “Brest qalasının qəhrəmanları” seriyasından sənədli film çəkmişdir. Gədəbəyin  Çaldaş kəndindəki doğma məktəb və rayon mərkəzindəki bir küçə Xəlil Haqverdiyevin adını daşıyır…

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.