Braziliyalı senator Gəncədə erməni terroru nəticəsində həlak olan dinc sakinlərin xatirəsini anıb

Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Gəncə şəhərinə səfər edib. O, Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror nəticəsində dağılan ərazilərə baş çəkib.
Antonio Anastasiyaya erməni terroru barədə məlumat verilib. Qeyd olunub ki, Vətən müharibəsi zamanı açıq hərbi əməliyyatlarda ardıcıl məğlubiyyətə uğrayan Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hücum əməliyyatlarının qarşısını almaq, bu hücumları dayandırmaq, xalq arasında qorxu və vahimə yaratmaq məqsədilə dinc insanların məskunlaşdığı yaşayış məntəqələrini qadağan edilmiş raketlərdən atəşə tutub, mülki vətəndaşlarımız arasında böyük tələfatlara nail olmağa çalışıb.
Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 130-dan çox dinc sakin isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Senatdakı sədri Antonio Anastasia Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildirib: “Biz sülh tərəfdarıyıq, istəməzdik ki, müharibədə mülki əhali zərər çəksin. Bizim üçün önəmli olan sülhdür. Heç bir müharibə mülki əhalinin ölümünə səbəb olmamalıdır. Gəncəyə gəlməzdən əvvəl mən belə dəhşətli faciəni, dağıntını təsəvvür etmirdim. Biz Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirir, xalqları sülhə çağırırıq”.
Qonaq həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüb.
Daha sonra Antonio Anastasia Gəncədə olan xristian dini məbədlərinə baş çəkib. Braziliyalı qonaq Gəncədə tarixi abidə kimi qorunub saxlanılan lüteran və alban kilsələrində, habelə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olub. Burada o, kilsənin baş keşişi Varfolomey Denis Sotnikovla görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.