Azərbaycan Texnologiya Universitetində (ATU) BP şirkətinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yaradılmış Kibertəhlükəsizlik Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov, BP Azərbaycanın Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BP-nin tərəfdaş şirkətlərinin nümyəndələri və ATU-nun professor-müəllim heyəti iştirak edib.
Açılış tədbiri çərçivəsində əvvəlcə ATU ilə BP Azərbaycan arasında görüş keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib.
Daha sonra qonaqlar açılış lentini kəsərək regionun ilk Kibertəhlükəsizlik Mərkəzində yaradılan şəraitlə tanış olublar.
Rektor Yaşar Ömərov BP ilə qurulan əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, regionda ilk olan bu mərkəzin yaradılması universitetin elm və tədris imkanlarının genişlənməsinə, eyni zamanda informasiya təhlükəsizliyi sahəsində kadr potensialının güclənməsinə mühüm töhfə verəcək.
Bəxtiyar Aslanbəyli isə çıxışında Kibertəhlükəsizlik Mərkəzinin əhəmiyyətini vurğulayaraq BP-nin ölkədə təhsil sahəsində həyata keçirdiyi layihələrdən danışıb.
Açılış tədbirində tərəfdaş şirkətlərin nümayəndələri və universitetin professor-müəllim heyəti də çıxış edərək mərkəzin fəaliyyətinə uğurlar arzu ediblər.
Məlumat üçün bildirək ki, 1 ixtisaslaşmış laboratoriya və heyət üçün 1 köməkçi otaqdan ibarət Kibertəhlükəsizlik Mərkəzi Avtomatika, telekommunikasiya və informatika fakültəsinin nəzdində fəaliyyət göstərəcək. Layihənin əsas məqsədi ATU tələbələrinin kriptoqrafiya və kriptologiya sahəsində qabaqcıl biliklərə yiyələnməsini təmin etmək, kibertəhlükəsizlik üzrə xüsusi kurikulum əsasında təlimlər təşkil etmək və Gəncə regionunda fəaliyyət göstərən dövlət, özəl və vətəndaş cəmiyyəti nümayəndələrinin rəqəmsal savadlılıq səviyyəsini artırmaqdır.
Yeni mərkəzdə nəzəri və praktiki təlimlərlə yanaşı, tədqiqat işləri də aparılacaq, mütəxəssislər və tələbələr real kiberhücum ssenariləri üzərində işləyərək peşəkar bacarıqlarını inkişaf etdirəcəklər.










