Gəncədən olan iki Böyük Vətən Müharibəsi iştirakçısınına Belarus Respublikası adından “Yubiley medal”ı təqdim olunub. Medal Belarusun alman işğalından azad olunmasının 75-ci ildönümü münasibətilə təsis edilib. Alman faşizmi üzərində qələbənin əldə olunması istiqamətində göstərdikləri şücaətə görə Əliyev Qurban Yusif oğlu və Verdiyev Bəylər Abbas oğlu “Yubiley medalı” ilə təltif olunublar. Medalları Belarusun ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Qennadiy Axramoviç Böyük Vətən Müharibəsi iştirakçılarının yaxınlarına təqdim edib.
Mərasimdə çıxış edən Qennadiy Axramoviç qeyd edib ki, Azərbaycanın Böyük Vətən Müharibəsində qazanılan qələbədəki rolu olduqca böyükdür. Azərbaycan nefti qələbənin həlledici amillərindən biri olub. “Mən vurğulamaq istəyirəm ki, Belarusun alman işğalından azad olunması istiqamətində gedən döyüşlərdə azərbaycanlı əsgərlər xüsusilə seçiliblər. Belarus xalqı onların xatirəsini hər zaman əziz tutur. Bu gün mən özüm bura gəldim ki, Böyük Vətən Müharibəsi iştirakçıları ilə şəxsən görüşüm, Belarus xalqı adından onlara dərin minnətdarlıq bildirim”, – deyə səfir qeyd edib.
Çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova qeyd edib ki, Azərbaycan xalqının Böyük Vətən Müharibəsində göstərdiyi əzmkarlıq, qəhrəmanlıq və şücaət barədə nə qədər danışılsa azdır. Faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilib. Bu qələbənin əldə olunmasında böyük qəhrəmanlıq göstərən şəxslərin xatirəsini əziz tutmaq hər birimizin borcudur.
Mərasimdə Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası”nın Gəncə şəhər təşkilatının sədri Yusif Məmmədov və Böyük Vətən müharibəsinin iştirakçısı Tofiq Hüseynov çıxış edərək, öz xatirələrini bölüşüb, müharibə iştirakçıları adından gösətrilən diqqətə görə Belarusun ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Qennadiy Axramoviçə təşəkkür ediblər.