“Böyük Azərbaycan şairi Nizami Gəncəvi Uluslararası (Beynəlxalq) Konqresi” Türkiyə Cümhuriyyətində keçiriləcəkdir. Konqres 25-29 iyul tarixində Türkiyənin Bursa şəhərində baş tutacaqdır.
Etmtv.news xəbər verir ki, konqres Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti tərəfindən həyata keçiriləcəkdir.
Konqresin təşkilat komitəsi adından, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun verdiyi məlumata görə, Konqres Nizami Gəncəvi İli çərçivəsində reallaşdırılıb. Bildirilib ki, konqreslə bağlı iki xüsusi akademik jurnal nəşr olunacaq. Elm sahəsində dünyaca məşhur olan “Turkish studies” elmi məqalələr jurnalı (https://turkishstudies.net) və Azərbaycanda işıq üzü görən “Elm və İnnovativ Texnologiyalar” beynəlxalq jurnalın konqres materialları ilə bağlı xüsusi nömrəsi nəşr ediləcəkdir.
Konqresə dəvət alanlar arasında Gəncə şəhərində yaşayan istedadlı Nizamişünas alim Bayram Apoyev də vardır.
-“Böyük Azərbaycan şairi Nizami Gəncəvi Uluslararası” Konqresində Sizləri aramızda görmək bizi onurlandıracaqdır. Konqre ile ilgili teklifler ve önerilerinizi bizimle paylaşmanızdan mutluluq duyacağız”- Bayram Apoyevə göndərilən dəvətnamədə qeyd olunur.
Onu da qeyd edək ki, 2017-ci ildə “Nizami Gəncəvinin pedaqoji ideyalar sistemi” mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə edən Bayram Apoyev 100-dən artıq elmi əsərin, o cümlədən 20 adda monoqrafiya, dərslik, dərs vəsaitin və metodik vəsaitin müəllifidir. İndiyədək 10 Beynəlxalq Elmi Konfransda iştirak etmiş, elmi məqalələri Kanadanın, İsveçin, Rusiyanın, Qazaxstanın, Qırğızstanın nüfuzlu nəşrlərində ingilis, fransız və rus dillərində çap olunmuşdur. “Nizami Gəncəvinin pedaqoji görüşləri” və “Heydər Əliyev və Nizami Gəncəvi” kimi qiymətli elmi əsərlərin müəllifidir. O, Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçisi”dir.
Bayram Apoyev həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun 5 şeir kitabı işıq üzü görmüşdür.
Hörmətli alimə uğurlar diləyirik!