Dünyanın ən prestijli elm mükafatlarından biri sayılan Nobel hər il müxtəlif ölkə və nominasiyalar üzrə təqdim edilir.
Maraqlıdır, bəs Azərbaycanda hansı istiqamət üzrə Nobel mükafatı almaq olar?
Bu barədə Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov açıqlamasında bildirdi ki, Azərbaycanda heç nə üzrə Nobel mükafatı almaq olmaz. Bunun üçün böyük laboratoriyalar lazımdır:
“Burada o dərəcədə qüvvəli alim yoxdur ki, Nobel mükafatı alsın. Azərbaycanda elmə çox üstünlük vermirlər. Elm üçün laboratoriyalar olmalıdır. Albert Sent-Cörci var, macar alimidir, Amerikada yaşayır. O, iki dəfə Nobel mükafatı alıb və deyir ki, üçüncü dəfə Nobel mükafatı almaq üçün mən gərək başqa laboratoriyada işləyim, mənim ideyalarım qurtarıb. İki ideyamı da həyata keçirmişəm, Nobel mükafatı almışam. Gərək elə laboratoriya olsun ki, bir istiqaməti də olsun, orada iş getsin”.
R.Mahmudov Türkiyədə Nobel mükafatı qazananlardan da danışdı:
“Onların PUA-ları dünyada birinci yerdədir. 22 kilometr hündürlükdə uçur. Hər bir dövlət PUA buraxır, amma heç biri 22 kilometr hündürlüyə qalxa bilmir, çünki onun elmi var. Nobel mükafatından da qiymətli orada Əziz Nesinin oğlu Əli Nesin var. İsveçrədə orta məktəbi qurtarıb, Amerikada riyaziyyat, həndəsə, triqonometriya üzrə institut oxuyub.
Riyaziyyatçılara Nobel mükafatı vermirlər. Onlar üçün Nobeldən artıq bir mükafat təsis ediblər. Nobel mükafatı 1 milyon 542 min dollardırsa, həmin Leelavati Mükafatı ondan 1 dollar artıqdır. Onu da Əli Nesin alıb. PUA-ların hamısının riyazi hesabatını məhz özü verib. Türkiyədə elmə pul ayırırlar, nəticəsini də elə PUA-lardan görürük”.
İctimai xadim həmçinin qeyd etdi ki, Əli Nesin türkdilli xalqlara həndəsədən, triqonometriyadan və həndəsədən suallar verir:
“Kim cavablasa, ona 15 gün pulsuz dərs deyir. Mənim nəvəm bunu bacarmışdı və onu çağırmışdılar”.
Sevinc İBRAHİMZADƏ