Əsgərlikdən yeni qayıtdığım vaxtlar idi. Təyinatla öz böyüdüyüm kəndə – Balçılı kəndinə Azərbaycan dili və Ədəbiyyat müəllimi olaraq geri dönmüşdüm. Məktəbdə müəllim işlədiyim müddətdə oxumaq istəyini reallaşdıra bilməyən gənclərin gözlərində gördüyüm işıq məni onların gələcəyində, dünyagörüşünün formalaşmağında rol oynamağıma gətirib çıxarırdı. İxtisasım üzrə hazırlıq keçməklə yanaşı, hər fürsətdə saf, təmiz arzularla böyüyən kənd uşaqlarının “gözünü açmağa”, onları hər vəchlə təhsil almağa yönəltməyi özümün ən böyük ali vəzifəm bilirdim.
Kənddə şagirdlər fərdi hazırlıqlara gedirdi, ancaq yollarda itən zaman, müəllimlərin pərakəndə fəaliyyəti şagirdlərin yaxşı nəticə göstərməyinə ciddi təsir göstərirdi. Gəncləri əsl vətəndaş kimi yetişdirmək, onlara bir mərkəzdən idarə olunan və dərslərin sistemli şəkildə tədris edildiyi Təhsil Mərkəzi açmaq mənim üçün məqsədə çevrilirdi…
Çünki, fərdi fəaliyyət nə qədər uğurlu olsa da, təktərəflidir və sistemli tədris qədər faydalı ola bilməz.
Bir müddət sonra belə bir sistemi – Göygöl Təhsil Mərkəzini yaratmaq qərarına gəldim. Asan olmadı, problemlər, çətinliklər, yuxusuz gecələr bir-birini izləyirdi, amma mən qərarlı idim və alınacağına inanırdım. Şagirdlərim də, onların valideynləri də mənə inanırdılar. İnandıq və biz bacardıq!
Gənclik illərimin ən gözəl çağında – 25 yaşımda şagirdlərimlə birgə Göygöl Təhsil Mərkəzini təsis etdik.
Bu gün Təhsil Mərkəzimizin yüzlərlə tələbə adını qazanan uğurlu məzunları, Mərkəzimizdə çalışan onlarla gənc müəllimləri, burada təhsil alan yüzlərlə abituriyenti var. Gənclərə faydalı olduğumuzu görmək bizi xoşbəxt edir, vətənimizə xidmət etməyə daha çox həvəsləndirir.
Bizi gənc saxlayan enerjimiz və məqsədlərimizə olan inamımızdır. Nə qədər ki, gəncik, təcrübə toplamaq və təhsilimizə yatırım etmək bizim üçün prioritet olmalıdır.
Gənclər günümüz mübarək!
Bünyad Balakişiyev.