Biz nə qədər vətənpərvərik?!.

Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir.(Vikipediyadan)

Bu il faşizm üzərində qələbənin 75 illiyi tamam oldu. Azərbaycan xalqının da tarixə qəhvəyi taun kimi daxil olmuş faşizm üzərində qazanılmış bu qələbədə öz payı vardır. 350 mindən çox igid oğul və qızını bu dəhşətli müharibədə itirmiş xalqımız hələ də bu qəhrəmanların xatirəsini əziz tutur. Xalqımızın Böyük Vətən müharibəsində  qəhrəmanlıqla dolu mübarizəsi hərb tarixinə qızıl hərflərlə yazılmışdır. Və üstündən on illərlə vaxt keçsə də, bu mövzu öz aktuallığını bu gün də qoruyub saxlamışdır və müharibə şəraitində yaşayan bir xalqın gələcəyi sayılan gənc nəslin vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsində böyük önəm daşımaqdadır.

İllər ərzində bu mövzuda yazılar hazırlayan, kitablar nəşr etdirən yazar kimi bu işin müasir dövrdə necə bir gərəkli iş olduğunu anlayır və bizi hansı çətinliklərlərin gözlədiyini bildiyimiz halda yeni-yeni yaradıcı axtarışa  çıxır və min bir əziyyətlə də olsa, istəyimizə nail ola bilirik. Çətinliklər çoxdur, manelər sonsuz, saysız – hesabsızdır, bu nəcib işdə bizə maneəçilik edənlər bir-iki deyil. Bununla belə, qarşımıza çıxan bütün çətinlikləri dəf etməyi artıq öyrənmişik. Neyləmək olar, insanların heç də hamısı bu müharibənin xalqımıza gətirdiyi dəhşətləri, bu qələbəyə verdiyi tövhəni bilmir, adları tarixə düşən qəhrəmanları tanımır, yaxud tanımaq istəmir. Bəs bu işdə aparıcı rol oynamalı olan insanların, əsasən də məmurların qəhrəmanların təbliği işində yarıtmaz, çox vaxt isə cinayətkar münasibətinə kimlər öz qiymətini verməli, münasibətini bildirməlidir? Onlara kim “dur!” deyəcək. Doğrudanmı, bu hal elə həmişə belə davam edəcək? Bəlkə korrupsiya girdabına batmış bu məmurlar həmişə cəzasız qalacaq?

Bu sahədə yaradıcı işlərlə bağlı kimlərə məktublar ünvanlamamışıq, kimlərdən əməli dəstək istəməmişik? Baxmayaraq ki, bu dəstəyin içində bir dəfə də olsa, maddi yardım istəyi və çağırışı olmayıb, gördüyümüz işə can yandıran bir-iki insan istisna olmaqla, demək olar ki, bütün məmurlar bizləri  min bir yalanlarla, yaxud dolayısı da olsa, “başdan etməyə” çalışıb. Onların içində İcra başçıları da var, Təhsil və Mədəniyyət İdarələrinin rəhbərləri də. Yadımıza gəlmir ki, hansısa Veteranlar Şurası bu işdə bizə kömək etsin. Heç cəhd etmirlər də. Sanki, bu rəhbər vəzifələrə təyinat alan insanlar vətənpərvərlik hissindən məhrum olanlar arasından seçilir. Yaxud da aylar ötdükcə onlarda bu hisslər həyatda sonuncu plana keçir. Bizə qəhrəmanlar lazım deyil? Bəlkə qəhrəmanlığın təbliği artıq lüzumsuz bir işə çevrilib?

Məmurların sənədlərdə önə çəkdiyi işlərin böyük hissəsi yerlərdə öz işinə məsuliyyətlə yanaşan insanların zəhməti və istəyi sayəsində ərsəyə gətirilmiş, həyata keçirilmiş işlərdir. Onların yalnız müəyyən hissəsi tarixi, əlamətdar və bayram günlərinə təsadüf edir ki, bu da, dövlət səviyyəsində həyata keçirilməkdədir. Gördüyü, yaxud görməli olduğu, bundan ötrü dövlətdən məvacib alan insanların həyata vəsiqə almış  (yaxud kağız üzərində yer almış) işlərlə qürrələnməsi sadəcə, gülüncdür! Amma bu sənədlər, onların guya ki, effektli işini önə gətirən faktordur. Kağız üzərində əksini tapan, bununla belə çoxu həyatda təsdiqini tapmayan effektli iş!

Fikirləşdik ki, qarşılaşdığımız, günlərlə deyil, aylarla vaxtımızı alan, yaradıcılığın-ərsəyə gətirilməli olan kitabların, videomaterialların, insanların böyük marağına səbəb olacaq, onlarda qəhrəmanlara rəğbət yaradacaq yazıların qarşısına “kötük atan” insanların nifrətə layiq görülən əməllərini təsvir edən yazılara da vaxt ayıraq. Onların əməllərinin milli-mənəvi dəyərlərin, vətənpərvərliyin təbliği işinə vurduğu ziyankarlığa, bu işin törədə biləcəyi, yaxud törətdiyi fəsadlara həsr olunmuş yazılara da yer verək. Bu insanları tanıdaq. Yəqin ki, bu, oxucular üçün çox maraqlı olacaqdır. Bu yazılar  sənədlər üzərində qurulacaqdır.

İlk yazımız Şəmkir Regional Mədəniyyət İdarəsinin bu işdə yarıtmaz fəaliyyətinə həsr olunub.

Onu da qeyd edək ki, Etmtv. news portalı adından çəkilişi planlaşdırılan “Şəmkir və Gəncə Böyük Vətən müharibəsi illərində” sənədli filminin ssenarisinin hazırlanmasında bizi maraqlandıran suallara cavab tapmaq ümidi ilə Şəmkir Regional Mədəniyyət İdarəsinə suallar ünvanlanan məktub göndərmişdik. Şəmkir rayon İcra Hakimiyyəti Başçısına ünvanladığımız məktuba cavabda işimiz təqdirəlayiq sayılsa da, adı çəkilən idarədən aldığımız cavablar ürəkaçan olmadı. Həmin məktuba yazdığımız cavabı oxuculara təqdim edirik. Beləliklə:

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayevə

Sizin 11.06.2020-ci il tarixli məktubunuzu aldım. Orada Şəmkir Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələrində milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədilə görülən işlər sadalanır. Əlbəttə ki, görülən bu işlər bizi yalnız sevindirir və biz, yaradıcı insanlar bunu həmişə alqışlamışıq. Bununla belə, məktubda qeyd etdiyiniz bəzi nüansların bizi sarsıtdığını çox təəssüf hissi ilə bildirməliyəm .

Əvvəlcə sizin qəhrəmanların və qəhrəmanlığın təbliği işi ilə bağlı bəzi məsələlərdə savadsızlığınıza və məlumatsızlığınıza əyani sübut olan kəlmələrinizə və məktubda mənə qarşı yer alan gizli hədələrə və gördüyümüz işə göstərilən rişğəndə rəğmən cavab verməməyi düşündüm. Lakin məktubunuzun sonunda mənə ünvanladığınız “əks sual”ınıza  dəqiq və dürüst cavab istəyinizi nəzərə alaraq, bu məktuba cavab yazmağı qərara aldım.

İlk öncə onu da bildirməliyəm ki, mən yazıçı, jurnalistəm, yaradıcılığımda vətənpərvərlik və hərbi-vətənpərlik tərbiyəsinin aşılanmasını həmişə önə çəkmişəm. Düşünürəm ki, müharibə şəraitində yaşayan xalqımız üçün Böyük Vətən müharibəsi qəhrəmanlarının təbliği işi də çox önəmlidir və bu qəhrəmanlar dünyanın faşizm taunundan xilas edilməsində heç də digər xalqların nümayəndələrindən az rol oynamamışlar. Onlar bu gün də sevimli qəhrəmanlar olaraq qalmaqdadır. Bu sahədən yazdığım, müəllifi olduğum kitablardan sizin masanın üstündə də vardır və onları sizə şəxsən özüm təqdim etmişəm. Heyf ki, siz bu kitabları açıb oxumamısınız. Əks təqdirdə mənə – yaradıcı insana belə suallar ünvanlamazdınız. Əgər cavab istəyirsinizsə, onda onu sizə təqdim etmək bir şərəf məsələsidir. Necə ki, dövlətin sizlərə etibar etdiyi sahəni ləyaqətlə təmsil etmək də sizin üçün bir şərəf məsələsi olmalıdır.

Nəzərinizə çatdırım ki, məktubda Böyük Vətən müharibəsi iştirakçıları ilə bağlı sadaladığınız işlərin bir çoxu güman ki, sizin fanataziyanızın məhsuludur və görülübsə belə, yenə də Regional Mədəniyyət İdarəsi üçün yetərli sayılmamalıdır. Eyni zamanda ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun anadan olmasının 100 illiyi bu ilə yox, ötən 2019-cu ilə təsadüf edir. Ölkəmizin heç yerində bu yubiley dövlət səviyyəsində keçirilməmişdir. Demək, Şəmkir Regional Mədəniyyət  İdarəsində də bu yubiley ilə bağlı böyük həcmli tədbirlər həyata vəsiqə almamışdır. Bu səbəbdən, qəhrəmanın həyatının və döyüş yolunun təqdidatçısı olan bəndənizə məktubda verdiyiniz məlumatlar bizdə yalnız istehza doğurur. Ötən ilin dekabrında sizinlə ilk görüşümüzdə İsrafil Məmmədovun Şəmkir rayonunun Qapanlı kəndində abidəsinin olması məlumatının ilk dəfə məndən eşitdiyinizi (özü də yubileydən yarım il keçdikdən sonra) dediyinizi  sizə xatırlatmağa məcburam.  Regional İdarənin rəhbərinin bu barədə xəbəri yoxdur! Belə halda məktubunuzda qeyd olunmuş “Qapanlı kəndinə ucaldılmış abidəsi ziyarət olunaraq, gül dəstələri qoyulmuşdur” kəlmələrinə şübhə ilə yanaşmağa məcburuq. 30 may 2019-cu il tarixdə rəhbəri olduğum Etmtv. news portalının çəkiliş qrupu elə mənim yazdığım ssenari əsasında həmin kənddə qəhrəman haqqında sənədli film hazırlayırdı və bizlərdən heç kim onun abidəsi önünə gül-çiçək qoyduğunun şahidi olmayıb. Abidəyə aylarla, bəlkə də illərlə qulluq göstərilməmişdi. Toz-torpaqdan dəhşətli görkəmi vardı. Yalnız bizim israrla xahişimizdən sonra yerli insanlar bir nərdivan tapıb abidəni yuyub, toz-torpaqdan, quş peyinindən təmizlədilər. Onda insanların sizi hansı söyüş və tənqidlərə layiq gördüyünü eşidib-görsəydiniz. Qəhrəmanın abidəsinə belə münasibət yalnız düşmənçiliklə ölçülə bilər. Siz qəhrəmana düşmənsinizmi?

Məktubu oxuyandan sonra belə qərara gəldik ki, ya sizin bu məktubun yazılmasından xəbəriniz yoxdur, yada Böyük Vətən müharibəsi haqqında heç bir anlayışa sahib deyilsiniz. Bunu sezmək və başa düşmək üçün elə də böyük savada malik olmaq tələb olunmur. Əks təqdirdə, siz ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovu Milli Qəhrəman adlandırmazdınız. Məktubunuzdan sitat – “İsrafil Məmmədovun, Mübariz İbrahimovun və digər Milli Qəhrəmanlarımızın…” Ən gülməlisi isə odur ki, bu sözlərdən sonra  yer alan  növbəti abzasda İsrafil Məmmədov ilk Azərbaycan Sovet İttifaqı Qəhrəmanı kimi qeyd olunur.

Özünüzdən kəşf etdiyiniz yeni titul yalnız sizin qəhrəman haqqında olan təsəvvürünüzü və biliyinizin səviyyəsini əks etdirir. Belə olan tərzdə sizin rəhbərlik etdiyiniz İdarədə qəhrəmanlığın təbliği ilə bağlı işlərin hansı səviyyədə həyata keçirildiyini göz önünə gətirmək də çətin deyildir. Belə halda “Şəmkir Böyük Vətən müharibəsi illərində” sənədli filminin çəkilişlərinə göstərdiyiniz tam biganəliyi, maneələri və Mədəniyyət Naziyliyi adından çəkilişə qadağa qoymanızı tam anlayırıq. Siz bunu istəmirsiniz, müsahibə verməkdən çəkinirsiniz və elə tabeçiliyinizdə olan işçilərin də bu sahədə olan məlumat, bilik və bacarığına da tam bələd olduğunuz üçün bu addımı atmağa qorxursunuz. Əgər belə deyilsə, əksini sübut etmək üçün hansısa addım atın. Biz buna şad olarıq.

Növbəti gileyimiz bizi dolayısı yolla hədələmək və gördüyümüz nəcib işə rişxəndlə yanaşmağınızdır. Sizə ünvanladığımız .”Ötən ilin iyul ayının sonunda Velikiy Novqorod şəhərinə səfər etdik və İ. Məmmədovun qızı Qalinanı tapıb müsahibə aldıq. Bütün respublikada bu xəbər sevinclə qarşılandı. Əfsuslar olsun ki,  “xahiş edirik onun qızlarını tapın” deyib telekanallara müsahibələr verən insanlar və eləcə də, Şəmkir Regional Mədəniyyət İdarəsi  bu xəbərə  heç bir reaksiya vermədi. Sizcə Mədəniyyət İdarəsi qəhrəmanın qızının tapılması xəbərinə niyə biganə qalmalı idi? Onunla əlaqə yaradılıb, heç olmazsa  hal-əhvalını sormaq, idarənin işinin tərkib hissəsi sayıla bilərmi?” sualına verdiyiniz cavab bizi şoka saldı.

Məktubunuzdan sitat:- “Tək Düyərli kənd mədəniyyət evinin facebook səhifəsinin izləyiciləri  (Qeyd: Yəqin “izləyicilərinin sayı” yazmaq istəmisiniz) 5000-ə çatıb. Sizə əks sualımız olacaq və sizin youtube kanalınızın cəmi 3 nəfər abunəçisi olduğu halda, yəqin ki, dəqiq və dürüst cavab verməyə çətinlik çəkməyəcəksiniz. Azərbaycan xalqı və mədəniyyəti üçün Qalina və Svetlana hansı dəyərli işlər görüblər?”

Bu sözləri bizə göndərdiyi məktubda qəhrəmanlığın təbliği ilə bağlı geniş işlər apardığını təntənə ilə önə çəkən Regional Mədəniyyət İdarəsinin rəhbəri yazıb?

Qeyd etməliyəm ki, abunəçilərin sayı bizim savad, bacarıq və intellektual səviyyəmizin göstəricisi deyildir. Bunu yazmaqla şəxsiyyətimizi aşağılamaq və gördüyümüz işin səviyyəsini heçə endirmək  niyyətiniz vardır. Bundan əlavə, siz sosial şəbəkə, internet resursları və kütləvi informasiya vasitələrini də qarışıq salırsınız və bu sahədə də məlumatınız sıfıra bərabərdir. Bizim Youtube kanalımız başçılıq etdiyimiz portala yalnız köməkçi vasitədir və videoqalereya rolunu oynamaqdadır. Üstəlik Youtube kanalı bizim iş yerimiz deyildir və müxtəlif illərdə çəkdiyimiz filmlərin bir hissəsinin arxivi rolunu oynayır. Bu, çəkdiyimiz filmlərin yalnız bir hissəsidir (bir çoxu isə respublikamızda fəaliyyət göstərən telekanallara məxsusdur və ssenari müəllifi də mənəm) və onların böyük əksəriyyəti televiziya və internet televiziyasında nümayiş olunmuşdur, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır və demək, minlərlə baxıcı sayına malikdir. Biz kiminləsə abunə və ya izləyici yarışına da çıxmamışıq. Abunəçinin say azlığı da bu kanalın təzə yaranması ilə bağlıdır. İnşallah siz öz ambisiyanızı bir kənara qoyar və özünüzə əziyyət verib elə Şəmkirli qəhrəmandan, eləcə də Şəmkir rayonunun təhsil işçilərinin qəhrəmanlığın təbliği ilə bağlı apardığı işlərdən bəhs edən filmə də baxarsınız. Abunəçi də olsanız, say 4-ə qalxar. Həmçinin, sosial şəbəkələr, internet  resursları və KİV haqqında da biliyinizi artırmaq yerinə düşərdi.

Qayıdaq mənə ünvanladığınız “əks sual”a. Bunun cavabı üzərində bir neçə gün düşünməli olduq. Sizin xahişinizi yerinə yetirmək zorundayıq. Düşündük, bəlkə də biz  səhvik. Nəyisə düz etmirik.  Ona görə də mədəniyyət sahəsində kifayət qədər tanınmış simalara, yaradıcı insanlara müraciət edib, onlara sizin yazdığınız cavaba münasibət bildirməyi xahiş etdik. Bu cavabların bir hissəsini sizə təqdim edirik:

– Bir Regional Mədəniyyət İdarəsinin rəhbəri yazıçı-jurnalistə təhqiramiz məktub ünvanlayıb. Sizcə yazıçı tərəfindən bu məktubun ictimailəşdirilməsi nə dərəcədə etik normalara cavab verərdi?

 -Elə necə varsa o cür də verin. Müzakirəni oxucuya verin.

– Məktubda mənə ünvanlanan “əks sual”da deyilir: “Youtube kanalının cəmi 3 nəfər abunəçisi olduğu halda yəqin ki, bu suala dürüst cavab verməyə çətinlik çəkməyəcəksiniz. Azərbaycan xalqı və mədəniyyəti üçün Qalina və Svetlana (ilk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun qızlarını nəzərdə tutur) hansı dəyərli işlər görüblər?”

Sizcə, bu həqarətə necə cavab verilməlidir? Əslində onlar xalqımız və mədəniyyətimiz üçün kimdirlər?

-Elə onların varlığı özü bir xidmətdir bu xalq qarşısında. Çünki bu millətin tarixi və varlığı baxımından dəyərlidirlər.

-Sizcə bu kəlmələr onu yazan insanın hansı pis xüsusiyyət və cəhətlərini üzə çıxarir? Doğrudanmı Mədəniyyət İdarəsinin işində qəhrəmanın övladları ilə əlaqə yaratmaq artıq iş sayılır? Qanunla necə olmalıdır?

-Demək, Milli dəyər və bəşəri ideyalar onun üçün yoxdur.

-Hansı mənada yoxdur?

-Gənc nəslin tərbiyəsi və qəhrəmanların təbliği işinin, həmçinin, tanıdılma prinsipinin yoxluğu baxımından.

– Onlar məktubda İsrafil Məmmədovu Milli Qəhrəman adlandırırlar..

– Hələ bunlar Milli qəhrəmanla Sovet İttifaqı Qəhrəmanını ayıra bilmirsə, sözün bitdiyi andır…

Sizə yazdığım cavabda işinizin mənfi tərəflərini sübut edən onlarla fakt və sübutlar əlavə etmək olardı. Lakin, məktubu sizin təbirincə desək, “əks sual”la bitirməli olacağam:

– Soruşmaq ayıb və günah olmasın, axı  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatın əks etdirildiyi videogörüntülər ölkəmizin bütün telekanallarında yayımlandı və siz də  Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Musiqi Məktəblərindən hər ay  11.000 manat rüşvət aldığınızı etiraf etdiniz. Bəs niyə türmədə deyilsiniz? Və sizin daha hansı cinayətlərdə və korrupsiya əməllərində əliniz vardır?

 

 

2 Comments on “Biz nə qədər vətənpərvərik?!.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.