Feysbook səhifəmizdə etdiyimiz paylaşım Gəncənin bir sıra mədəniyyət işçiləri tərəfindən top-tüfənglə qarşılandı. Gözlənilən idi. İllər ərzində gördüyümüz mənzərədən, bizə və işimizə olan münasibətdən gəldiyimiz qənaət yalnız budur:- Bütün gücümüzlə əmək sərf etdiyimiz kitablar, qaldırdığımız məsələlər yeni dövrün bir sıra məmurları tərəfindən qəbul olunmur. Çünki, onların öz iş prinsipi, tutduqları vəzifələrdə niyyət və məqsədləri vardır və bütün bunlar vətəndaşların, yaradıcı insanların istək və niyyətləri ilə çox vaxt üst-üstə düşmür. Səsini qaldıran bütün yaradıcı insanlar onların “dəyənəyi”nin qorxusu altında yaşamalıdır.
Bu, əvvəllər də belə olub, indi də belədir. Dəyişən nədir? Demək olar ki, heç nə.
Şəmkir rayon Mədəniyyət Şöbəsi, indi isə Regional İdarə haqqında bu vaxtacan 3 tənqidi məqalə yazmışıq. Onlardan biri Mədəniyyət Nazirliyinin rəsmi qəzetində dərc olunmuşdu. Məni yazıma görə nədə ittiham etmirdilər. Hətta Mədəniyyət Nazirliyinin bir sektor müdiri məndən soruşmuşdu:- Sənə verilən pulu niyə qəbul etməmisən? Bu səlahiyyətli mədəniyyət xadimini başa sala bilmirdim ki, mən ümumiyyətlə niyə kimdənsə rüşvət almalıyam ki?
Bu adam daha o vəzifəni tutmur. Adını da çəkmək istəməzdim. Həmin dövrdə Mədəniyyət Naziri kimi çalışan Polad Bülbüloğlu bizi şəxsən qəbul etdi, yazdıqlarıma hörmətlə yanaşdığını bildirdi. Həmin müdir çox keçmədi ki, vəzifəsindən uzaqlaşdırıldı. Üstündən 15 ildən çox keçdi, şöbə regional idarəyə çevrildi, yenə də yaradıcılığa münasibətdə heç nə dəyişmədi. İdarənin indi bandit kimi vəzifəsindən uzaqlaşdırılan rəisi Höccət Əsədullayev və onun işbaz məsləhətçiləri bizim ünvanımıza nələr yazdırmırdılar, bizi nədə ittiham etdirmirdilər. Onların aft… daşıyanları da geri qalmırdı. Söyüş və təhqirin sayı-hesabı yox… Halbuki, qlobal bir məsələyə toxunmuşduq, idarədən kömək və dəstək gözləyirdik. O məsələdən ötrü ki, birbaşa dövlətin mədəniyyət siyasətinin tərkib hissəsi sayılırdı, birbaşa onların vəzifə səlahiyyətlərinə daxil idi. İstəmədilər, çünki, Şəmkir Regional Mədəniyyət İdarəsinin əslində tutmalı olmalı xəttinin düşmənləri idilər və ora da çalıb-çapmağa gəlmişdilər.
Höccət Əsədullayev DTX tərəfindən saxlanıldı. Aydın oldu ki, bu insan idarəyə rəhbərliyi dövründə yalnız çapqınçılıq ilə məşğul olub.
Üstündən bir müddət keçəndən sonra İdarəyə yeni rəis təyin olundu. Düşündük ki, yeni təyinatla bu insan sağlam istək nümayiş etdirəcək. Yox, bu rəis də cinayət əməlləri ilə keçmiş həmkarını kölgədə qoydu.İşlədiyi bu 5-6 ay ərzində nələr etməyibmiş ?..
Ora əlbəttə ki, yeni rəis təyin olunacaq, amma, nəsə dəyişəcəkmi? Yenə də sual altındadır. Fikrimizi bildirəcəyik, yenə də başlayacaqlar bizi topa tutmağa. Bilirsiniz niyə? Çünki, bu insanların əllərindən yaltaqlanmaqdan başqa bir iş gəlmir, özlərini müdiriyyətin gözünə soxmaqdan başqa bir işə yaramırlar. Onlar üçün hansı qlobal məsələlərin qaldırılmasının, bu məsələləri qaldırmış insanların şəxsiyyətinin, gördüyü işin məğzinin onlar üçün heç bir əhəmiyyəti yoxdur. Ona görə də ora təyin olunan müdirlərin heç birinin Şəmkir rayonunun Qapanlı kəndində İsrafil Məmmədovun adına orta məktəbin və məktəbin yaxınlığında heykəlinin olmasından və ümumiyyətlə qəhrəmanın əslən bu rayondan olmasından heç xəbəri də olmayıb. Yəqin, dəlinin yadına bel salmaq istəməyiblər…
Bir Mədəniyyət İdarəsinin əvəzində qəhrəmanın və qəhrəmanlığın təbliğini aparan yazıçı-jurnallist illərlə onların şərinin qorxusu altında yaşayıb. Gedib uzaq Rusiyanın Velikiy Novqorod vilayətində tapdığım Qalina İsrafil qızı Məmmədova Gəncə və Şəmkirin ictimaiyyətindən hələ də bir telefon zəngi gözləyir… Onun indi sağ olub-olmamasından kimin xəbəri varsa, buyurub, desin!..
Bu hadisələrə həsr etdiyim yazının linkini də əlavə edirəm. Belə məzmunlu yazılar birinci və sonuncu yazılar olmamışdır. Onların sayı onlarcadır. Hər birinin də maraqlı tarixçəsi vardır. Biz məsələ qaldırırıq, onlar isə bizi təhdid etmək, şərləmək, gözdən salmaqla məşğuldurlar! Maraqlananlar oxuyub onların savad və qabiliyyətinin “dərinliyi”nə şahid ola bilər.
Amma yox, yazıçı günahkardır, bunları dövlətin onlara verdiyi maaşı rahat yeməyə qoymur!
Bu barədə dəfələrlə yazmışıq, məsələ qaldırmışıq, səlahiyyətli insanlara, başçılara məktub yazmaqdan artıq barmaqlarımız “mazol” olub. Hansı müstəviyə çıxsaq da, hələki, normal düşüncəyə söykənən bir məktub oxumamışıq. Əvəzində yalnız şəxsimizin düşməninin və gördüyümüz işə düşmən erməni kimi münasibət bəsləyən insancıqların yaza biləcəyi şərhləri oxuyuruq.
Onu da bildirək ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin bizə sifariş verdiyi, müəllifi olduğum kitablar hələ də mətbəədə durmaqdadır. Hələ də mətbəəyə bu kitablara görə pul borcluyuq…
Qayıdırıq Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşlarının feysbook səhifəmizdə edilən paylaşıma yazdıqları şərhlərə. Bu paylaşımda onların təmsil olunduğu idarə haqqında bir cümlə də yox idi. Sadəcə bilirdilər ki, növbəti dəfə onlardan və “yenilməz rəhbərlikdən” də nəsə yazıla bilər. Demək, bu yazıların qarşısının alınmasını indidən vacib bir məsələ hesab edirdilər. O yazılarda nə yazılacaq, hansı məsələlər qaldırılacaq, dövlətə hansı xeyir gətiriləcək, onları maraqlandırmır. Əlbəttə ki, bu şərh yazanların hamısına aid deyil. Onların bir çoxu öz işi ilə həmişə hörmətə layiq olublar. Çoxsaylı xahişləri nəzərə alıb, bu paylaşımı silməli olduq.
Hamısı qeyrətlidir, vətən təəssübü çəkir, yazır-yaradır, bircə bizdən başqa. Başımıza nə oyunlar gətirmirlər, işimizə hansı maneəçilik törətmirlər… Aralarında bir yaradıcı insan yox, sağlam düşüncə tərzi nümayiş etdirən yox, sadəcə kiməsə yarınmağa çalışan və bunu özlərinə bir borc bilən bu insanlar heç söhbətin nədən getdiyini belə anlamaqda çətinlik çəkirlər. Onlar üçün heç fərqi də yoxdur. Sadəcə, kimdənsə tapşırıq alıblar, vəssalam. Sabah vətəni erməniyə satmağı əmr etsələr, satacaqlar, vəssalam. Bütün insani qanunlar ayaq altına atılıb. Onların əməlindən yalnız bu qənaətə gəlmək olar.
Bu paylaşıma ziyalı şərhləri yazanlar da oldu. Onlara təşəkkürlər.
Paylaşım ilə bağlı bəzi məqamlar Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova göndərdiyimiz məktubda da qeyd olunub. Məktubun məzmununu olduğu kimi sizlərə təqdim edirik:
” Hörmətli Vasif müəllim!
İki gündür ki, facebook səhifəmdə etdiyim paylaşım ilə bağlı sizin rəhbərlik etdiyiniz idarənin əməkdaşları və rəhbər vəzifəli şəxsləri tərəfindən təhqir və təzyiqlərə məruz qalmışıq. Bizi az qala vətənə xəyanətdə ittiham edirlər. Buna səbəb bəzi məsələlərə öz fikrimizin bildirilməsidir. Paylaşımda heç kimə qarşı təhqir ünvanlanmamışdır, heç kim heç nədə ittiham olunmur. Biz ittiham idarəsində işləmirik və fikrimizi açıq şəkildə ifadə etmək, üstəlik sual ünvanlamaq hüququna malikik. Yazıçı-jurnalist, publisistə qarşı edilən belə hərəkətlər heç bir mədəniyyət çərçivəsinə sığmır. Belə halda niyə edilir?
Bildiririk ki, belə hərəkətlər bütün insani və sivil qanunlara zidd olmaqla, həm də insanlığa yaraşmayan hərəkətlərdir, Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşlarının şəxsimizin ünvanına söylədiyi təhqirləri, insan şəxsiyyətinin alçaldılması, gözdən salınması, təhdid və s. kimi hərəkətləri bir məhkəmə predmetidir. Söylənilən fikirlərə görə bu işin təşkilatçısı sizsiniz və məhz sizin rəhbərliyiniz altında həyata keçirilməkdədir. Sual olunur:-Bu, belədirmi? Elədirsə, niyə? Ünvanımıza söylənilən təhqir, şantaj və təhdid əlamətləri şəxsimizin əleyhinə hansı məqsədlərin həyata keçirilməsinə xidmət edir?
Mədəniyyət İdarəsinin rəhbəri kimi sizə sual ünvanlayırıq:- Bu insanlar bizi yazıçı-jurnalist (baxmayaraq ki, onların əksəriyyəti ilə uzun illərdir ki, tanışıq) kimi niyə tanımır? Qəhrəmanlıq və qəhrəmanların, mədəniyyət sahəsinin təbliğinə ömrünü həsr etmiş yazıçıları tanıtdırmaq birbaşa Mədəniyyət İdarələrinin işinin tərkib hissəsidir və bu, Gəncə Regional Mədəniyyət İdarəsinin nizamnaməsində də öz əksini tapmışdır. Kitablar həsr etdiyim qəhrəmanların təbliği işi Mədəniyyət İdarəsi tərəfindən niyə qəbul olunmur? Müəllifi olduğum “Gəncə Vətən müharibəsində” adlı kitab isə kitabxana sisteminin kataloquna yalnız bizim israrlı xahişlərimizdən sonra son məqamlarda salınmışdır və bu sizin üçün bəhanə oluna bilməz. Əgər bizi vətənpərvər insan və yazıçı kimi tanıyırlarsa, bizim şəxsiyyətimizin alçaldılması və gözdən salınması üçün niyə belə ciddi cəhdlər göstərilir?
Onu da bildirək ki, paylaşımlarda qeyd olunan məsələlər günümüzün reallığını əks etdirən qlobal məsələlərdir və ünvanımıza yazılan təhqirlər toplum halında mədəniyyət işçilərinin ruhi müvazinətini, mənəvi-psixoloji durumunu, düşüncə tərzini, istək, savad və qabiliyyətini üzə çıxaran əlamətlərdir. Əgər onlarda qəlbi təmiz insana belə kin və küdurət varsa, onda bu, onların istəyinin pis məqsədlərə, vətənpərvər yazıçı-jurnalistin həyat və fəaliyyətinə cinayətkar yanaşmaya xidmət etdiyinin bariz nümunəsidir. Sadaladığımız əlamətlər özünü doğrultduğu tərzdə İdarənin həmin əməkdaşları barədə ölçü götürülməsini israrla xahiş etməkdəyik.
Yazıçı-jurnalistin əsərlərinin təbliği ilə məşğul olmaq, ona bir çox işlərdə yaxından köməkçi olmalı olan Mədəniyyət İdarəsi onu təhqir və böhtanlarla gözdən salmağa çalışır! Üstəlik bu qarayaxma kompaniyasına Mədəniyyət İdarəsinin rəisi şəxsən rəhbərlik edir! Dövlətin sizə etibar etdiyi sahənin belə idarə edilməsini hansı qanunun və məntiqin ayağına yazaq? Siz hansı qanunlarla işləyirsiniz? Belə idarəetmə sistemi gələcəkdə hansı dəhşətli nəticələrə gətirib çıxara biləcəkdr? Suallarıma cavab verməyiniz xahiş olunur. Desəniz, biz sizi daha yaxşı anlayarıq.
Bizim xidmətlərimizin üstündən qələm çəkilməsi, gözdən salınmağımız Gəncə Regional Mədəniyyət İdarəsinin işinin tərkib hissəsi və həyat kredosudurmu? Sosial şəbəkələrdə fikirin bildirilməsi nə vaxtdan cinayət tərkibli iş sayılır? Bəli, məni vətəndaş kimi bir çox məsələlər qayğılandırır və mən bizim üçün qaranlıq qalan məqamlara aydınlıq gətirilməsinə çalışıram. Siz isə idarə rəhbəri kimi vətəndaşların suallarına cavab və açıqlama verməyə borclusunuz. Bununla biz heç kimin cəzalandırılmasına çalışmırıq və bu işdən uzağıq. Sizin İdarənin əməkdaşları isə fikir azadlığından sui-istifadə edib ünvanımıza təhqir və böhtanlar yağdırmaqdadırlar. Belə təqdirdə biz vətəndaş və jurnalist kimi hüququmuzdan istifadə etməklə Gəncə Regional Mədəniyyət İdarəsinin işini çılpaqlığı ilə cəmiyyətə çatdırılmasına çalışmalıyıq! Və edəcəyik də!
Onu da qeyd edək ki, mənim jurnalist və yazıçı kimi fəaliyyətim elə Gəncə Regional Mədəniyyət İdarəsinin işçilərinin gözü qarşısında olmuşdur, fəaliyyətimin böyük hissəsi məhz bu idarənin işinin təbliği olub, təhsil və mədəniyyət qarşısında bir çox xidmətlərim vardır. Baxmayaraq ki, elə əvvəllər də işimizi əngəlləmək, bir çox məsələlərdə qarşısı alınmaqla tək yazıçı-jurnalistə deyil, ümumiyyətlə mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğinə əngəllər törədilmişdir, siz Regional Mədəniyyət İdarəsinə rəhbər təyin edildikdən sonra bu daha da pik həddə çatmışdır. Bu məsələyə növbəti məktubumuzda yer veriləcək suallara cavabların alınması ilə aydınlıq gətirilməsinə çalışacağıq. Ümid edirik ki, siz bu sorğumuza da yaxın günlərdə aydın şəkildə cavab verəcəksiniz.
Hörmətlə: Ruhulla Əsgər oğlu Zahidov,
Etmtv. news xəbər portalının təsisçisi və baş redaktoru”.
P.S. Böyük səbirsizliklə cavab məktubunu gözləyirik. Cavab məktubunda şəxsiyyətimiz, gördüyümüz işin vacibliyini vurğulayan cavablar alacağımıza böyük ümidlər bəsləyirik!
Ardı növbəti yazımızda.