İnsanlar dünyaya bənzər (əkiz) gəldiyi kimi talelər də bənzər yazılır. Hətta bəzən o qədər bənzər talelərlə qarşılaşırsan ki, bir insan taleyini danışanda təxmin edə bilirsən ki, bunun sonu necə olacaq. Sanki saatlar əvvəl, günlər, həftələr, illər əvvəl bu taleyi sən başqa birindən eşitmisən. Bu bənzər talelər ən çox doğmalar arasında rast gəlinir.
“İsmayıl Mustafayev Kamal oğlu 1973-cü il aprelin 16-da anadan olmuşdur. Orta təhsilini Nigar Rəfibəyli adına 43 saylı orta məktəbdə aldıqdan sonra 77 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən sonra ixtisası üzrə Çini Qablar zavodunda əmək fəaliyyətinə başlamışdı. Hələ tələbə ikən Çaykənd döyüşlərində iştirak etmişdi.
İsmayıl Mustafayev 1991-ci il iyulun 7-də həqiqi hərbi xidmətə çağırılmışdı. 1 saylı Gəncə Özünümüdafiə batalyonunda vuruşduqdan sonra 1992-ci ildə könüllü olaraq Şuşada gedən döyüşlərə qoşulmuşdur. Bir müddət orada vuruşduqdan sonra Tərtərdəki Gəncə batalyonuna qayıtmışdı.
İsmayıl Mustafayev 1992-ci il mayın 11-də Marquşevan yaxınlığında mühasirəyə düşmüşdür. Qanlı vuruşma nəticəsində ayağından yaralanmış, ermənilərə əsir düşmüşdür. Görəndə ki, xilas olmaq mümkün deyil, ölümü əsirlikdən üstün tutmuş, özünü güllə ilə vurub öldürmüşdü. Mayın 28-də nəşi ailəsinə çatdırılmışdı. Ölüm xəbərini eşidən atası Kamalın ürəyi bir andaca dayanmışdı. İsmayıl Kamal oğlu Mustafayev Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.”
Bu ağrılı, acılı taleyi yaşadıqdan düz 28 il sonra Mustafayevlər ailəsi eyni taleyi ikinci dəfə yaşadılar.
Şəhid İsmayıl Mustafayev Elmar oğlu 22 sentyabr 1996-cı ildə Gəncə şəhərində dünyaya göz açıb. Uşaqlıqdan düşmənə nifrət hissi ilə böyüdü Axı niyə də nifrət etməsin? Hələ dünyaya gəlməmişdən 4 il əvvəl mənfur qonşularımız onun babasını və əmisini əlindən almışdı. Atası Elmar Mustafayev böyük oğluna, atasının, İsmayıla isə qardaşının adını qoymuşdu. İsmayıl uşaqlıqdan igidliyi, cəngavərliyi ilə seçilirdi. Hər zaman atasına:- “əmimin də, babamın da qisasını alacam büyüyüb”- deyərdi.
2012-ci ildə 43 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra 2012-2015-ci illərdə 2 nömrəli Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində) təhsili alıb. 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq İsmayıl Mustafayev yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşmuşdur. O, Füzuli və Cəbrayıl rayonları, Şuşa və Xankəndi şəhərləri istiqamətində gedən döyüşlərdə iştirak edib, çoxsaylı düşməni məhv edərək adını daşıdığı əmisinin qisasını almışdır. 8 noyabr 2020-ci ildə Xankəndi ərazisində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmişdir. Bu xəbəri eşidən böyük qardaşı Kamal çox cəhd göstərsə də pandemiyia səbəbdən Rusiyadan qardaşının vida mərasiminə gələ bilmir. 17 noyabr Şəhid İsmayıl Mustafayev Gəncə Şəhər Şəhidlər xiyabanında torpağa tapşırılır.
2021-ci ilin yanvar ayında vətənə dönmək imkanı olan Kamal İsmayılov 19 yanvar Gəncəyə qədəm atdığı gün ilk qardaşının ziyarətinə gedir. Cəmi bir gün sonra, 20 yanvarda isə qardaş həsrətinə ürəyi tab gətirə bilmir. Necə ki, qardaşı adını daşıdığı əmisinin taleyini yaşayır, özü də adını daşıdığı babasının taleyini yaşayır. Allah rəhmət eləsin!
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Şəhid İsmayıl Mustafayev Elmar oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ruhun şad olsun, Şəhidim!
Eltun Türkel
Oxunma Sayı:
1. 427
Ruhu şad olsun Şəhidimizin, Allah qəni-qəni rəhmət eləsin cəmi Şəhidlərimizi,Amin.
Allah razı olsun Sizdən əziz Şair qardaşım Eltun Türkel.