Azərbaycan xalqı üçün noyabr ayının ən əlamətdar hadisələrindən biri dahi bəstəkarımız Fikrət Əmirovun adı ilə bağlıdır. O, 22 noyabr 1923 -cü ildə Gəncə şəhərində anadan olmuşdur.
Gəncədə payızın bu ayı çox gözəl, mənzərəli olar, qızılı rəngə bürünmüş ağaçlar şəhərə xüsusi gözəllik verər, payız günəşi isə onlara mehribanlıqla sığal çəkər…
2013-cü ilin belə payız günlərinin birində hər il olduğu kimi Gəncə şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində Fikrət Əmirovun yubileyi ilə bağlı həyəcan yaşanırdı. Axı bu məktəb böyük qürurla öz məzunu olmuş dahi bəstəkarın adını daşıyır və hər il böyük məsuliyyətlə onun ad gününü qeyd edir. Həm də ki, bu il bəstəkarın yubileyinə təsadüf edirdi. Elə bununla əlaqədar olaraq vurulmuş telefon zəngi bütün məktəbi həyəcanlandırmışdı. Bəstəkarın İngiltərədə yaşayan bacısı Şəfiqə xanım şəhərimizdə idi. O, qardaşının adını daşıyan musiqi məktəbinə baş çəkib, onun xatirəsini yad etmək arzusunda idi.
Bu xəbər bizi həm sevindirmiş, həm həyəcanlandırmış, həm də böyük marağımıza səbəb olmuşdu. Səbirsizliklə qonağı gözləyirdik. Yəqin ki, hamıdan çox həyəcan keçirən məktəbin müdiri Aidə xanım Əmrahova idi. Bütün məsuliyyət onun üzərinə düşürdü. Ona görə ki, hal-hazırda rəhbərlik etdiyi məktəbin əsasını qoyan və ilk rəhbəri Şəfiqə xanımın və Fikrət Əmirovun atası – tarzən, bəstəkar Məşədi Cəmil Əmirov olmuşdur. Onun bir əsr öncə qoyduğu ənənələrin layiqincə davam etdirildiyini göstərmək kimi məsuliyyətli bir iş tələb olunurdu.
Budur, nəhayət, qonaqlar məktəbin həyətinə daxil olur və şagirdlər gül dəstələri ilə onları qarşılayırlar. Biz çox qəribə hisslər yaşayırdıq, sanki qeyri-adi bir qüvvə bizi sehrləmişdi. Elə ilk dəqiqələrdən Şəfiqə xanım öz mülayimliyi, səmimiliyi və son dərəcə ziyalılığı ilə bizi özünə ram edərək çox asanlıqla ətrafını xoş bir ünsiyyətə cəlb etmiş oldu.
Məktəbin həyətində qoyulmuş bəstəkarın büstü qarşısında bir müddət dayandıqdan sonra Aidə xanım qonaqları içəri daxil olmağa dəvət etdi. Foyedə onları məktəbin nəfəsli alətlər şöbəsinin şagirdləri bəstəkarın əsərlərindən ibarət popuri ilə qarşıladılar.
Şəfiqə xanım xoş təəssüratlarla divarlardan asılmış stendlərə nəzər yetirirdi. Burada stendlərdən biri onun diqqətini xüsusilə cəlb etdi. Bu, yarandığı gündən məktəbə rəhbərlik edən müdirlərin şəkillərindən ibarət stend idi.
O, şəkillərin əksəriyyətini tanıyır və maraqlı fikirlər söyləyirdi. Daha sonra qonaqlar bəstəkarın məktəbdə təşkil olunmuş “Xatirə” muzeyinə baş çəkdilər. Muzeydə qonaqları məktəbin şagirdlərindən ibarət kamera orkestri bəstəkarın “Min bir gecə “ baletindən quldurların rəqsi ilə qarşıladı. Əsəri diqqətlə dinlədikdən sonra Şəfiqə xanım kövrələrək orkestrin dirijoru və bədii rəhbəri olan, məktəbin qocaman müəllimi Nina Verbovaya və uşaqlara öz dərin minnətdarlığını bildirdi. Daha sonra bəstəkarın müxtəlif alətlər üçün əsərləri məktəbin şagirdləri tərəfindən böyük həvəslə ifa olundu. Şəfiqə xanım bizimlə çox maraqlı və indiyədək eşitədiyimiz xatirələri bölüşdü. Bu görüşün istiliyini və səmimiliyini qoruyub çatdırmaq məqsədi ilə çalışacağıq ki, Şəfiqə xanımın söylədiklərini bacardıqca onun öz dili ilə yazaq.
O, stendlərin birində atasının və bacısının şəkillərini görüb çox təsirlənərək dedi: -” Bu şəklin 100 yaşı var… Fikrətin musiqiçi olmasında anamın xidməti böyükdür. O, Fikrəti musiqi ilə ciddi məşğul olmağa məcbur etməsə idi, bu günkü Fikrət Əmirov olmazdı. Fikrət tarixi çox sevirdi. O, tarixçi olmaq istəyirdi. Atam isə artıq rəhmətə getmişdi. O zamanlar bizim ailəmizə çox yaxın olan Bülbül və Üzeyir Hacıbəyov bu işə qarışdılar. Vaxtilə Bülbülün toyunu atam təşkil etmişdi. Onlar bir-birinə qarşı çox etibarlı idilər. Bülbüllə anam balaca Fikrəti götürüb məsləhət üçün Bakıya Üzeyir bəyin evinə getdilər. Anam Üzeyir bəyə üzünü tutaraq dediki, bu uşaq Məşədi Cəmilin yadigarıdır. Atası onu musiqiçi görmək arzusunda olub. Ancaq o, tarixçi olmaq istəyir. Üzeyir bəy balaca Fikrətin musiqi qabiliyyətini diqqətlə yoxladıqdan sonra uşaqdakı istedadı görüb ona mütləq atasının davamçısı olmağı tövsiyə etdi.
Düzdür, atam Fikrəti skripka ifaçısı kimi görmək arzusunda olsa da, o, tara meyilləndi. O zamanlar Gəncədə çox istedadlı tar ifaçılarından biri olan Zərif Qayıbovla (hal-hazırda 5 nömrəli Uşaq Musiqi Məktəbi onun adını daşıyır) birlikdə təzə yaranmış xalq çalğı alətləri orkestrində çıxış edirdilər.
Fikrət sonradan Gəncədə Musiqi Texnikumuna daxil oldu. O, çox erkən yaşlarından bəstələməyə başlamışdı. Bu illərdə artıq bir çox əsərlərini yazmışdı. Sonra o, Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq şöbəsinə daxil olur və burada Zeydmanın sinfində dərs alır.
O zamanlar biz də Bakıya köçmüşdük və yaşadığımız evdə fortepiano aləti olmadığından Fikrət dirijor Niyazinin evində məşğul olurdu.
Konservatoriyanı bitirdikdən sonra 26 yaşlı Fikrət Rusiyanın qədim şəhərlərindən olan Staraya Russaya gedir. Orada yaradıcılıq evində “Kürd ovşarı” və “Şur” simfonik muğamları üzərində işləyirdi. Bu əsərləri tamamlamaq üçün ona maddi vəsait lazım idi. Bu məqsədlə Fikrət Staraya Russadan Niyaziyə zəng çalaraq xahiş etmişdi ki:
-Niyazi, Şəfiqəyə çatdır ki, musiqi fondundan mənə yenə iki min manat istəsin. Mən əsərləri tamamlamalıyam.
O vaxt musiqi fondunun müdiri Səfərov soyadlı birisi idi. Mən Fikrətin xahişini bildirdikdə o, çox əsəbləşdi və Fikrəti “uşaq” adlandıraraq dedi ki:
-Mən başa düşmürəm, bu uşaq orada nə ilə məşğuldur? O nə yazır? Niyazi kimi, Səid Rüstəmov kimi bəstəkarlara heç bu qədər vəsait lazım olmadı.Yoxsa o, bu pulları mənasız xərcləyir?! Bəs bunun sonrası necə olacaq?
Sonrası belə oldu ki, bu əsərlərin filarmoniyada premyerası keçirilən zaman anşlaq idi. Hətta konsertlərə nadir hallarda gələn, MK-nın 1-ci katibi Mircəfər Bağırov da burada idi. Biz birinci sırada oturmuşduq. Premyera çox uğurla keçdi. Tamaşaçılar əsəri ayaq üstə alqışlayırdılar. Mən Mərkəzi Komitənin işçiləri tərəfə boylandım və gözlərim Səfərova sataşdı. O da hamı kimi heyrətlənmişdi. Mən özümü saxlaya bilməyib ona yaxınlaşdım və soruşdum:
-Necə olur ki, bu “uşağ”ın yazdığı əsəri bütün zal ayaqüstə alqışlayır?
O, çox təsirlənmiş bir halda mənə cavab verdi:
-Qızım, məni bağışla.Bilməzdim ki, onda bu qədər istedad var. Bu qədər qüvvə var. Musiqinin bu qədər dərinliklərinə getmək… Belə gözəl orkestrovka etmək…
“Kürd ovşarı” və”Şur” simfonik muğamlarının premyerasından 3 gün sonra Fikrətə Dövlət Mükafatı laureatı adının verilməsi qərara alındı. Bu mükafatı almaq üçün o, əsərlərin partiturasını Moskvaya, müəyyən qurumlara tezliklə çatdırmalı idi.
O zamanlar biz şəhərin yuxarı hissəsində yaşayırdıq. Güclü qar yağdığından orada maşınlar hərəkət edə bilmirdi. Məcburiyyət qarşısında qalan Fikrət mənim yoldaşımla o vaxtlar “Polutorka” adlanan, iri, üstü açıq maşın tapıb, əsərlərinin əl yazması ilə dolu çamadanı arxaya qoyub, özləri sürücünün yanında əyləşdilər. Təyyarə limanına çatdıqda onu dəhşət bürüdü. Maşının arxasında notlarla dolu çamadan yox idi. O, çox məyus halda evə dönməli oldu. Halı indiyədək gözlərimin qabağındadır. Üzünün rəngi də qaçmışdı. Anam onu da bu halda görüb özünü itirdi:
A bala, sənə nə olub?-deyə ondan soruşdu:
-Ana, əsərlərin əlyazması yoxa çıxıb. Mənim isə onları Moskvaya çatdırmağa üçcə gün vaxtım var.
Fikrət iki gün gecə-gündüz yatmadan üç köməkçi ilə əsərləri təzədən köçürtdü və vaxtında lazımi ünvana göndərdi. “Kürd ovşarı” və “Şur” simfonik muğamları Dövlət Mükafatına layiq görüldü.
Fikrət əsərlərinə öz övladları kimi münasibət bəsləyirdi. Onlara çox tələbkar yanaşar, dəfələrlə yorulmadan düzəlişlər edərdi. Bəlkə elə ona görədir ki, əsərləri belə mükəmməl, ölməz və təkrarolunmazdır.
Bu yaxınlarda Londonda konsertlərin birində onun əsərləri ifa olunan zaman mən də orada idim. Əsər səsləndirildikdən sonra iki mindən artıq tamaşaçı ayaq üstə qalxaraq əsəri alqışlayırdı. Hətta orada məndən Fikrətin başqa əsərlərini də ifa etmək üçün onların partituralarını verməyimi xahiş edirdilər. Qəbələ Beynəlxalq Musiqi Festivalında London simfonik orkestrinə dirijorluq edən italyan dirijoru da Fikrətin əsərlərinə heyran olmuşdu”.
Burada söhbətə bəstəkarın qonaqlar arasında olan bacısı qızı Fikriyyə xanım qoşuldu:
-Bakıda keçirilən I Muğam Festivalının bir günü ancaq dayımın əsərlərinə həsr olunmuşdu. Əsərlərə dirijorluq etmək üçün italiyalı dirijor Bakıya cəmi üç günlük gəlmişdi. O, əsərləri bu qısa müddətə hazırlamalı idi.
Konsert zamanı birinci əsər ifa olunanda hiss etdim ki, bir qədər gərginlik var. İkinci əsərdə artıq hər şey qaydasında idi. Bu konsertdə çox təsiredici bir hal baş verdi. Əsəri ifa edib tamamladıqdan sonra dirijor gurultulu alqışların sədaları altında partituranı əllərinə alıb müqəddəs bir kitabtək üç dəfə öpərək gözlərinin üstünə qoydu. Onun bu hərəkəti hamını duyğulandırıb heyrətə gətirmişdi. Hər kəs kövrəlmişdi”. “Xatirə” muzeyindən çıxan qonaqları foyedə şagirdlərdən ibarət xalq çalğı alətləri orkestri Fikrət Əmirovun “Gülərəm , gülsən” mahnısının sədaları ilə qarşıladı. Məktəbin qocaman müəllimlərindən biri olan Vaqif Qaraxanovun dirijorluğu ilə gənc musiqiçilərin böyük həvəslə ifa etdiyi bu mahnıya diqqətlə qulaq asdıqdan sonra Şəfiqə xanım uşaqların əhatəsində duraraq dedi:
-Mən fəxr edirəm ki, gəncəliyəm və Gəncəmdə belə istedadlı uşaqlar var. O qədər sevinirəm ki, elə bil, təzədən anadan olmuşam.
Belə xoş təəssüratlarla qonaqlarımız məktəbdən ayrıldılar. Bu görüşlə bağlı xatirələr yaddaşımıza əbədi həkk olundu.
Svetlana Zelmixanqızı, Gəncə Musiqi Kollecinin müəllimi.