Bir daha nəşriyyat işi və çap xidməti barədə. Bu haqda nə bilirik?

   Nəşriyyat və çap işinin təşkili və həyata keçirilməsi, nəşriyyat işi sahəsində fəaliyyətin təşkilati-hüquqi formaları haqqında heç bir biliyə malik olmayan istənilən sahənin işçisi, bir çox hallarda isə fırıldaqçı kimi tanınan insanların bir çoxu bu sahədə fəaliyyət göstərir. Peşəkarlara, yazıçı və jurnalistlərə, alim və şairlərə sərgilədikləri bu nifrət, kin də buradan qaynaqlanır. Onlarla söhbət zamanı özünü sanki bazarda, yaxud cinayətkarların “razborka”sında hiss edirsən. Onlar qarşısında duran savadlı insanların hər birinə hörmətsiz yanaşma sərgiləyirlər. Bu, artıq kütləvi hal alıb. Sifarişçi sayılan bu insanlar onların gözündə “ən əskik zümrə”dir. Ziyalılara bu münasibət öz işinə və yaradıcı insanlara cinayətkar yanaşmadır.

 Lakin onlara hansısa bir iradınızı bildirməyə də tələsməyin, bu, çox təhlükəli bir cəhddir. Çünki sizdə olan bir çox müsbət keyfiyyətlər onlarda yoxdur. Gördüyü iş üzrə savada, qabiliyyətə, elementar mədəniyyətə, insani hisslərə malik olmayan bu “biznesmen”lər istədikləri vaxt sənə hücum çəkər, səni şərləyər, səni aşağılayar, özlərinin dediyi kimi səni “ne prav” çıxardar. Sanki bu kitabları onlar yazıb ərsəyə gətiriblər və müəllifi də onlardır. Belə halda yazarların bütün hüquqlarını  tapdalayır, bunu da düzgün hesab edirlər. Günümüzün reallığı bax, budur. Yaşadığım və yazar kimi fəaliyyət göstərdiyim Gəncə şəhərində bu sahədə artı on illlərdir ki, xaos hökm sürür. Bu şəhərdə nəşriyyat işi üzrə yeganə ali təhsilli və təcrübəli mütəxəssis kimi bunu tam məsuliyyətlə deməyə haqqım çatır. Həyatımız niyə cəhənnəm əzabına dönür? İşimizə niyə diqqət göstərən, əməyimizi qiymətləndirən yoxdur? Bu suala gələn yazılarımızda cavab tapmağa çalışacağıq. Hələlik isə nəşriyyat və çap işinin necə təşkil edilməli olduğunu və əslində necə həyata keçirildiyini nəzərə çatdıraq.

Gəncə şəhərində EKAdizayn adlı Çap xidməti müəssisəsi var. Əlacsız qalıb kitablarımızı burada çap etdiririk. Get-gələ salırlar, keyfiyyətsiz kitablar istehsal edirlər, etirazını bildirəndə min cür təhqir və hücumlara tuş gəlirsən. Şəhərdə başqa istehsal müəssisələri də var. Amma onların işi də yazarlara qarşı təxribatdan başqa bir şey deyil. Sanki kimdənsə əmr alıblar…Hara müraciət edəsən, hərəsinin bir dayısı, bir arxası. Söz də başa düşmürlər. Əllərindən bir iş gəlmir? Xeyr, qəsdən və bilərəkdən belə istək nümayiş etdirirlər. Niyyətləri pisdir. Fəaliyyətdə yazarlar mənəvi və maddi zərər çəkirlər. Dözülməz haldır.

Bəs onların fəaliyyəti necə tənzimlənməlidir? Əslində onlar özlərinə “müştəri” saydığı insanlara hansı keyfiyyətlər və münasibət sərgiləməlidirlər? Qanun buna nə deyir? Özləri də bilmirlər. Düşündük, maarifləndirici bir yazı hazırlayaq, kitabların çapı ilə bağlı onlara müraciət edənlər öz hüquqlarını tam anlasınlar.

Beləliklə:

Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bu Qanun nəşriyyat işinin ümumi prinsiplərini müəyyən edir, nəşriyyat fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə əlaqədar nəşriyyat işinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini müəyyən edir. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları istifadə edir:

Qanunun I-ci maddəsinə əsasən nəşriyyat – əsas fəaliyyət sahəsi müəllifə sifariş verməklə və ya müəllifin (müəlliflik hüququ sahibinin) sifarişi ilə nəşriyyat məhsullarının hazırlanması, istehsalı və (və ya) yayımından ibarət olan ixtisaslaşmış mədəniyyət müəssisəsidir. (Demək, ixtisaslaşmamış çap xidmətləri müəssisələrinin bu işlə məşğul olması qadağan edilmişdir).

Çoxları dövlət nəşriyyatı ilə çap xidməti göstərən bu müəssisələri belə ayıra bilmir. Onlar arasında böyük bir fərq mövcudddur. Dövlət nəşriyyatında peşəkarlar çalışır. Dövlət nəşriyyatı – dövlət təşkilatlarının təsis etdiyi və yaxud onların təşkilat strukturlarına daxil olan nəşriyyatlar və nəşriyyat bölmələri, qeyri-dövlət nəşriyyatları isə xüsusi mülkiyyət və ya bələdiyyə mülkiyyəti əsasında yaradılmış nəşriyyatlardır. Nəşriyyat işi – nəşriyyat məhsullarının hazırlanması, istehsalı və yayımı ilə məşğul olan hüquqi və fiziki şəxslərin təşkilati-yaradıcılıq və istehsalat-təsərrüfat fəaliyyətini əhatə edən ictimai münasibətlər sahəsidir (Bu münasibətlər Gəncə şəhərində çap işi ilə məşğul olan müəssisələrdə mövcud deyildir. Aşağıda verəcəyimiz qeydlər buna bir daha sübut olacaqdır).

Nəşriyyat məhsulu – çap üsulundan və formasından asılı olmayaraq nəşriyyatların (naşirlərin) sifarişi ilə istehlakçı üçün nəzərdə tutulan kitab, broşür, albom, plakat, buklet, açıqca, elektron nəşrlər və digər nəşriyyat məhsullarının məcmusu, çap məhsulu isə poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə hazırlanan dövri mətbu nəşrlər, nəşriyyat məhsulları (elektron nəşrlərdən başqa) və bütün növlərdən olan poliqrafiya məhsullarının məcmusudur.

Sifarişçi – maliyyə obyektlərini üzərinə götürməklə nəşriyyat məhsulunun hazırlanmasını, istehsalını və yayımını sifariş edən fiziki və ya hüquqi şəxs, nəşr – nəşriyyat prosesindən keçirilərək texniki vasitələrin köməyilə sayı çoxaldılan yazılı və audiovizual formada bir dəfə, yaxud dəfələrlə yayılan nəşriyyat məhsuludur. Çap xidməti müəssisələrində olmayan redaktor – nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı mütəxəssisdir. Burada sual olunur:- Əgər redaktor nəzarəti yoxdursa, kserokopiya aparatları ilə çap xidməti göstərən müəssisələr kitab və broşüraların dövlət, xalq və milli-mənəvi dəyərlərə zid mətnlərlə dolu olub-olmadığını necə araşdıraraq istehsal edir? Bu sahəyə nəzarəti kim həyata keçirir?

Nəşriyyat işinin subyektləri – nəşriyyatlar (naşirlər), müəlliflər, poliqrafiya müəssisələri, nəşriyyat məhsullarının sifarişçiləri və yayıcılardır. Kitabın pirat nüsxəsi isə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kitabın hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan nüsxəsidir.

Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri (Maddə 3.) bölməsində göstərilmişdir:

Nəşriyyat işi sahəsində dövlət siyasətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

    Maddə 4. Nəşriyyat işinin sərbəstliyi

Nəşr üçün nəzərdə tutulmuş əsərlərin, əlyazmaların və digər materialların senzurasına yol verilmir (Bu, çap xidməti müəssisələrinə kitab və broşüraları maneəsiz çap etməyə imkan yaradır).

Nəşriyyat materiallarının müəllifi deyillərsə, dövlət orqanlarının, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, habelə vəzifəli şəxslərin nəşrə hazırlanan materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və yayılmasını qadağan etmək hüququ yoxdur.

 Bununla yanaşı, qanunun 5-ci maddəsində Nəşriyyat işinin sərbəstliyindən sui-istifadənin yolverilməzliyi qeyd olunur:

Nəşriyyat işinin subyektlərinin hazırladıqları, istehsal etdikləri və yaydıqları nəşriyyat məhsullarında dövlət sirlərini yaymağa, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirməyə, yaxud dəyişməyə, ölkənin təhlükəsizliyinə, dövlətin bütövlüyünə qəsd etməyə, müharibəni, zorakılığı, milli, irqi, dini müstəsnalığı, dözülməzliyi, sosial ədavəti təbliğ etməyə, habelə pornoqrafik xarakterli materialları nəşr etməyə və yaymağa, böhtan atmağa və digər qanun pozuntularına çağırışlara yol verilmir.-Bunu başa düşürük, bəs qanunçuluq, dövlətçilik ruhunda hazırlanan kitablara, qəhrəmanlığı və qəhrəmanları, milli-mənəvi dəyərləri təbliğ edən müəlliflərin hazırladıqları kitablara belə iyrənc münasibətə, onları bezdirməyə, qəsdən zay məhsullar istehsal etməyə, onlarla təhqiramiz davranmağa poliqrafçıları yaxud çap işi ilə məşğul olan insanları (onların çoxunu heç insan adlandırmağa dilimiz gəlmir) nə vadar edir? Yalnız kitaba, ədəbiyyata, elmə, qanunçuluğa və milli-mənəvi dəyərlərə olan nifrət! Bunu biz illərlə təcrübədə görmüşük və necə deyərlər, “öz dərimizdə hiss etmişik”.

Qanunun 10-cu maddəsində nəşriyyat məhsullarının istehsal edənin hüquq və vəzifələri aydın şəkildə izhar olunmuşdur:

Poliqrafiya müəssisələri, istifadəsində poliqrafik, surətçıxarma və ya müvafiq texniki vasitələr olan digər hüquqi və fiziki şəxslər nəşriyyat məhsullarını istehsal edə bilərlər. Nəşriyyat məhsullarını istehsal edən poliqrafiya müəssisələri nəşriyyatdan və naşirlərdən daxil olan sifarişlər əsasında nəşriyyat məhsullarının istehsalını və buraxılışını həyata keçirə bilərlər. Sifarişlərin yerinə yetirilməsinin şərtləri və müddəti tərəflər arasındakı müqavilə ilə müəyyən edilir (Bu qanunlara isə heç bir halda itaət olunmur). Qanuna əsasən Nəşriyyat məhsullarını istehsal edən poliqrafiya müəssisəsi poliqrafiya sahəsində dövlət standartlarına və beynəlxalq standartlara, texniki şərtlərə və normativ hüquqi aktlara əməl etməlidir.

Qeyd etmək lazımdır ki, istənilən halda, kitablar müəssisə rəhbərlərinin istədikləri keyfiyyətdə çap olunur, edilən narazılıqlar nəzərə alınmır. Sevimli sözləri var – İstəmirsən bura gəlmə, yaxud bəhanələr qurtaranda- sizi bir də bu müəssisədə görmək istəmirik.-deyilir. Müəllif üçün bundan böyük təhqiri təsəvvür etmirik. Dünyanın bütün ölkələrində sifarişçiyə bu münasibət cinayət və utancverici hal sayılır. Bircə Gəncə şəhərində fəaliyyət göstərən çap xidməti müəssisələrindən başqa.

Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa nəşriyyat məhsulunu istehsal edən poliqrafiya müəssisəsi nəşrin hazırlanmış tirajını və ya onun bir hissəsini, nəşrin orijinal nüsxəsini, maket və fotoları və ya çap formalarını sifarişçinin icazəsi olmadan başqasına verə, habelə nəşrin əlavə və təkrar tirajını çap edə bilməz.-Burada bir haşiyəni nəzərə çatdıraq. Gəncə şəhərində fəaliyyət göstərən EKAdizayn çap xidmətləri müəssisəsində başımıza gələn hadisə var. Uzun-uzadı get gələ saldıqdan sonra zay məhsulları qəbul etmədikdə, mənə “kitablarınızı götürməsəniz müəllimlərə bağışlayacağam”, “Kitabları götürməsəniz zibil qutusuna atacağam” deyə mesajlar gəlməkdədir. Müəllif və sifarişçi kimi hüquqlarımızın ayaq altına atılması bəs deyil, qeyri-insani davranışlar, təhqirlər, zorakılıq müəssisəyə xas olan ən böyük cəhətlərdən biridir. Bu, yaradıcı insanları ələ salmaq, onların ləyaqətini qəsdən tapdalamaq cəhdidir və bir məhkəmə predmetidir.

Qanunun 11-ci maddəsində Sifarişçinin hüquq və vəzifələri açıq-aydın yazılmışdır. Amma bunlara riayət edən yoxdur. Çünki, bu sahədə savadlanmağa heç birisinin nə savadı, nədə ki, həvəsi vardır.

Maddədə deyilir:-Hər bir hüquqi və fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəşriyyat məhsulunun sifarişçisi ola bilər. Sifarişçi qismində müəlliflər (həmmüəlliflər), tərtibçilər (həmtərtibçilər) və tərcüməçilər redaksiya-nəşriyyat işlənməsi, hazırlanması və buraxılışı üçün aşağıdakı materialları nəşriyyata (naşirə) təqdim edə bilər: belletristik, ictimai-siyasi, reklam, məlumat, tədris, elmi, tətbiqi və texniki səciyyəli əsərlər; çıxışlar, mühazirələr, nitqlər, məruzələr, moizələr; tərcümələr, işləmələr, annotasiyalar, icmallar, xülasələr, əsərlərin digər işləmələri və əsasında törəmə əsərlər yaradılan, orijinalın məzmununa ziyan vurmayan folklor işləmələri; almanaxlar, antologiyalar, ensiklopediyalar və digər toplular; digər əsərlər.

Qanuna əsasən Sifarişçi nəşrin dilini, həcmini, tirajını müəyyən edir və onun istifadə və yayımı qaydasını müstəqil həll edir.

Verilmiş sifarişlərin icra şərtləri, tərəflərin hüquq və vəzifələri müəllif (həmmüəllif) və ya sifariş obyektinin mülkiyyətçisi olan şəxs, sifarişçi, naşir, çap məhsulunu hazırlayan və yayıcı arasında qanunvericiliyə uyğun bağlanmış müqavilə ilə müəyyən edilir (Haşiyə: Poliqrafiya müəssisələrində bu sənədlər tələb edilir, çap xidmətləri müəssisələrində isə bu sahədə xaos hökm sürür. Belə halda hətta dövlət əleyhinə olan əsərlər belə diqqətdən keçirilməz və çap olunar). Maddələrdə belə hallar üçün  xüsusi şərtlər nəzərdə tutulmuşdur.

Bəs sifarişçinin istəyi qanunla hansı maddə ilə tənzimlənir? – 15-ci Maddənin “Müəllif nəşrləri” bölməsindəVətəndaşlar və təşkilatlar öz əlyazmalarını və digər materialları öz hesablarına və müəllif redaktəsi ilə çap etdirə bilərlər”.-deyilir.

 Qanunun 19-cu maddəsində Nəşriyyat işi sahəsində əqli mülkiyyət hüququ haqda məlumat da vardır:

19.2. Nəşriyyat işi sahəsində əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin elektron və kağız daşıyıcılarda nüsxələrinin qeyri-qanuni hazırlanması (istehsalı) və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətlər “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Bu sahədə qanunların icrasında çoxlu boşluqlar vardır. Kitablarımızın pirat nüxsələri on min tirajlarla çap olunaraq ölkəmizin bütün dükanlarında müəlliflərdən icazəsiz satılmaqdadır. Məsələn, mənim müəllifi olduğum, yaxud tərcüməçisi olduğum 4 adda kitab icazəmiz olmadan kitab dükanlarında, eləcədə Gəncə şəhərində gözümüzün qabağındaca satışdadır. Dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etməyimizə baxmayaraq, 25 ildən artıqdır ki, bir tədbir görülməyib.

Dəllal, qaniçən, yırtıcı, həyasız və qəddar pulqazananlar

Bəs naşirlər, çap məhsullarını hazırlayanlar və yayıcılar qanundan kənar fəaliyyəti və pis davranışları ilə hansı məsuliyyəti daşıyırlar?

Bu, qanunun 20-ci maddəsində, Naşirlərin, çap məhsullarını hazırlayanların və yayıcıların məsuliyyəti bölməsində aşkar yazılmışdır: – müəlliflik hüququ ilə qorunan əsərlərin müəlliflik müqaviləsi olmadan istehsalına, dövlət standartlarını pozmaqla məhsul istehsal edilməsinə görə inzibati və maddi məsuliyyət daşıyır. Nəşriyyat işinin sərbəstliyindən sui-istifadənin yolverilməzliyi qanunla tənzimlənir.

 Haşiyə: Bu, Nəşriyyat hüququ olmayan təşkilatlarda və çap xidmətləri müəssisələrində daha çox özünü biruzə verir. Kim nə istəyir, onu da edir. Savadsızlıq, qanuna məhəl qoymamaq, özbaşınalıq, cəzasızlıq hissi sanki bu”çapçılar”ın qanına hopub. Bu işə nəzarət edən təşkilat, qurum və idarələr belə onlar tərəfindən ustalıqla aldadılır. Bunlara nəzarət, demək olar ki, yoxdur. Nəşriyyat işinin təşkili və həyata keçirilməsi, nəşriyyat işi sahəsində fəaliyyətin təşkilati-hüquqi formaları haqqında heç bir biliyə malik olmayan istənilən sahənin nümayəndəsi, bir çox hallarda fırıldaqçı kimi tanınan insanların bir çoxu bu sahədə fəaliyyət göstərir. Peşəkarlara, yazıçı və jurnalistlərə, alim və şairlərə sərgilədikləri bu nifrət, kin də buradan qaynaqlanır. Onlarla söhbət zamanı özünü sanki bazarda, yaxud cinayətkarların “razborkası”nda hiss edirsən. Düzgün iradına görə elementar mədəniyyətə, insani hisslərə malik olmayan bu “biznesmen”lər istədikləri vaxt sənə hücum çəkər, səni şərləyər, özlərinin dediyi kimi səni “ne prav” çıxardar. Günümüzün reallığı bax, budur.

Ümumiyyətlə, surətçıxartma və yaxud çap xidməti göstərən müəssisələr kitab çapı ilə məşğul ola bilərlərmi? Qanun buna izn verirsə, hansı təqdirdə? Onların peşəkar keyfiyyətləri necə nəzərə alınmalıdır, bu sahədə təhsil və praktika vacibdirmi? Suallara cavab verə bilən varsa, gözləyirik. Bu sahədə maarifləndirmə işindən məhrum olan sifarişçilər elə hesab edir ki, kağız kserokopiya aparatına bu başdan salınsa, digər tərəfdən kitab çıxacaqdır. Bu, heç də belə deyil. Aldanmayın, cənablar!

 

Ruhulla Zahidov,

yazıçı-jurnalist, publisist, tərcüməçi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.