“Bilik günü” ərəfəsində Ağcabədidə iki məktəb binası istifadəyə verilib

“Bilik günü” ərəfəsində Ağcabədi rayonunda 696 şagird yerlik iki məktəb binası istifadəyə verilib.

Salmanbəyli və Qaradolaq kənd 1 nömrəli tam orta məktəbləri üçün inşa edilən yeni binaların açılışı münasibətlə keçirilən mərasimlərdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Milli Məclisin deputatı Tahir Rzayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, ictimaiyyət nümayəndələri, təhsil işçiləri, valideynlər və kənd sakinləri iştirak ediblər. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu sahədə gördüyü ardıcıl tədbirlərdən danışıb. Məktəbliləri milli ruhda böyüməyi, Vətəni sevməyi, ulu öndər Heydər Əliyevin ideyalarına, azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi yetişdirməyi tövsiyə edib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müəllim, şagird və valideynləri təhsil müəssisələrinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, qazanılan uğurlardan, təhsil ocaqlarının maddi-texniki bazasının qücləndirilməsinə yönəldilən mühüm tədbirlərdən söz açıb. Bildirib ki, ölkəmizdə müasir dövrün tələblərinə cavab verən güclü maddi-texniki bazaya malik məktəb binaları tikilir, mövcud məktəblər əsaslı təmir olunur, əlavə tədris korpusları inşa edilir. Sentyabrın 15-dən respublikada 48 məktəb binası müəllim və şagirdlərin istifadəsinə veriləcək. Bu ilin sonunadək isə 80-ə yaxın məktəbin istifadəyə verilməsi nəzərdə tutulur. Güclü maddi-texniki bazaya malik məktəb binaları ilə yanaşı, ucqar kəndlərdə, əhalinin az məskunlaşdığı ərazilərdə modul tipli məktəblər də quraşdırılır. M.Vəliyeva ölkəmizdə təhsildə maddi-texniki bazanın gücləndirilməsi ilə yanaşı, müəllim nüfuzunun artırılmasının da daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Təhsil nazirinin müavini yaradılan şərait müqabilində pedaqoji kollektivi tədrisin keyfiyyətini daha da yaxşılaşdırmağa, şagirdlərə isə yaxşı oxumağa, elmə, biliyə daha dərindən yiyələnməyə çağırıb.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı Tahir Rzayev də məktəbin kollektivini və kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb.

Açılış mərasimində çıxış edən müəllim və şagirdlər, eləcə də kənd sakinləri təhsilə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Sonda mərasim iştirakçıları məktəblərdə yaradılan şəraitlə tanış olublar. Salmanbəyli kənd tam orta məktəbi üçün inşa edilən bina 432 şagird yerlik, Qaradolaq kənd 1 nömrəli tam orta məktəbi üçün inşa edilən bina isə 264 şagird yerlikdir. Müasir standartlara uyğun inşa edilən ikimərtəbəli yeni məktəb binalarında sinif otaqları və fənn kabinetləri ilə yanaşı, kompüter, texnologiya otaqları, laboratoriyalar, kitabxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Binalarda müasir istilik və müşahidə sistemləri quraşdırılıb. Məktəblərin həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, transformator qoyulub, qazanxana, nasosxana, içməli və çirkab su anbarları inşa edilib, idman meydançası yaradılıb.(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.