Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin fəaliyyəti timsalında sözügedən mövzu ətrafında geniş müzakirə təşkil olunub. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Azərbaycanın mədəni irsinin, mədəniyyət incilərinin ölkə daxilində və ölkədən xaricdə qorunması, təbliği məsələlərini özündə təcəssüm edən mövzuları daima araşdırır.
Bu məqsədlə mərkəz tərəfindən “Mədəni identiklik” mövzusunda beynəlxalq videokonfrans təşkil olunub.
Konfrans çərçivəsində Gürcüstan Respublikasının Tbilisi şəhərində fəaliyyət göstərən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyevanın geniş nitqi dinlənilib.
Konfransda həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, N.Nərimanovun xatirə muzeyinin direktoru Rəna Darivalova, Biləsuvar Dövlət Rəsm qalereyasının direktoru Rövşən Cənnətov və digərləri çıxış ediblər.
Mərkəz tərəfdən konfransda elmi katib Cavid Əliyev, sektor müdiri Pakizə Almazova və digərləri mövzu ilə bağlı danışıblar.
Qeyd etmək lazımdır ki, mərkəz P.Almazovanın timsalında M. F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və onun filialı olan N.Nərimanovun xatirə muzeyinin mövzu-ekspozisiya planının hazırlanması və bədii tərtibatında iştirak etmişdir.
60-dan çox mədəniyyət işçilərinin iştirakı ilə keçirilmiş konfransda çıxış edənlər Azərbaycan-Gürcüstan mədəni, dostluq əlaqələrinə, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, mədəni irsinin qorunmasına, M.F.Axundzadə, N.Nərimanov, C.Məmmədquluzadə, A.Şaiq və digər şəxsiyyətlərin irsinin ölkədən xaricdə təbliğ edilməsinə, muzey işinin inkişaf dinamikasına toxunublar.
Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev konfransı yekunlaşdıraraq, muzeylərin fəaliyyətində yeni yanaşmalar, müasir forma və inkişaf yolları, onların populyarlığı, əməkdaşların peşəkarlığı, muzeylərin tarixi, fəlsəfəsi və digər maraq doğuran mövzulardan bəhs edib. Sahə üzrə kadrların hazırlanmasında maarifləndirmənin əhəmiyyətindən danışan direktor muzeylərin rəqəmsallaşmasının vacibliyini vurğulayıb.
Muzeylərin fəaliyyətində müasir dövrün tələblərini diqqətdə saxlamağın və ona uyğunlaşmanın zəruri olduğunu qeyd edib, gənc kadrların cəlb edilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin şaxələnməsinə xidmət edə biləcək birgə perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.