Bayramdan bayram sevinci

Bayram Kərimov – Bu azadlığı mənə bəxş edən, ailəmi sevindirən müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdaram!

Dünən Xalqımız neçə günlər intizarında olduğu bir sevincli xəbərə qovuşdu. Günlərlə sosial şəbəkələrdən, xəbərlərdən izlədiyimiz, əsirlikdə olan qazilərimiz – Bayram Kərimov və Amin Mustafayev sağ-salamat ailəsinə qovuşdu. Bu münasibətlə qələm dostum Eltun Türkel hörmətli qazimiz Bayram Kərimovdan müsahibə almışdır. Oxucuları sevindirmək istəyi ilə yeni il gecəsi bu yazının dərc edilməsini xahiş edən Eltun bu xəbəri bölüşməyi portalımızdan xahiş etdi. Onun bu istəyini həvəslə yerinə yetirirk.

 Müsahibim  noyabrın 8-də yaralı halda düşmənə əsir düşən Kərimov Bayram Yaşar oğludur. Bayram 1992-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. İkinci Qarabağ müharibəsi başlayanda minlərlə Azərbaycan oğlu kimi o da, hərbi komissarlığa 28 sentyabr tarixində könüllü şəkildə müraciət edib. Təkidli müraciət nəticəsində sentyabr ayının 29-u Vətənin azadlığı uğrunda mübarizəyə yola düşüb. Söhbət əsnasında Bayram qeyd etdi ki, bir ay döyüş hazırlığı keçdiyim dövrdə çox narahat idim. Yeganə bir arzum var idi ki, təlim məşqləri tez qurtarıb döyüş bölgəsinə yollanmaq.

Elə ilk sualım da bu səpkidə oldu:

– Bayram, qardaşım, salam, öncə bu ağır və şərəfli yolu keçib gəldiyin üçün səni və ailəni təbrik edirəm. Döyüşə hansı istiqamətdən başladın və hansı istiqamətə kimi irəliyə bildin?

– Salam, xoş gəlmisiz. Döyüşə Füzuli rayonu istiqamətindən başladım. Hər gün irəliləyirdik. Hər gün yeni yaşayış məntəqələri, yeni strateji yüksəkliklər əldə edirdik. Bu uğurlu addımlar mənə və bütün döyüş yoldaşlarıma yüksək əhval-ruhiyyə, döyüş ruhu, əzmkarlıq bəxş edirdi. Noyabr ayının əvvəlindən başladığım “Dəmir yumruq” döyüş əməliyyatı  öz axarı ilə davam edirdi. O gün komandanlıqdan əmir gəldi ki, istiqamət Qarabağımızın incisi Şuşayadır. Bəlkə də, həyatda o an olduğu kimi xoşbəxt olmamışdım. Əfsuslar olsun ki, Şuşa şəhərinə qədər getmək mənə nəsib olmadı. Yeganə təskinlik onda tapıram ki, Şuşanın alınmasında mənim də zərrəcə də olsa, əməyim vardır.

– Hansı ərazidə yaralandın?

– Noyabr ayının 8-də bir qrup döyüş yoldaşlarım ilə Xankəndinin girəcəyində düşmən təxribatının qarşısını alırdıq. Çox saylı erməni terrorçularını məhv etdik. O ərəfədə onurğa sütunumdan yaralandım. Aldığım güllə yarası nəticəsində huşumu itirdim. Gözümü açanda artıq Ermənistanda balaca hospitala oxşar bir yerdəydim.

– Neçə gün əsirlikdə qaldın?

– Əsir düşdüyüm gündən Vətənimə qayıdana kimi təxminən bir ay.

– Neçə nəfər yaralı əsir düşmüşdü səninlə birlikdə?

– Mən olduğum hosbitalda təxminən 12 nəfər. Niyə təxminən dedim, çünki səsləri ilə müəyyənləşdirdim.

– Sizinlə necə davranırdılar?

– İlk günlər mənfi, ancaq dekabr ayının əvvəli sülhməramlı qoşununun komandanı Rüstəm Muradov gəlib bizlərlə görüşüb, vəziyyəti nəzarətə götürdü. O gündən etibarən bizlərə dəyib-dolaşmadılar.

Əsirləri müalicə edən həkimlər sizinlə necə davranırdı?

– Məni müalicə edən həkim müqavilə əsasında yönləndirilmiş rus əsilli həkim idi. Müsbət münasibət göstərirdi. Ancaq, arada erməni həkimləri də müdaxilə edirdilər.

– Onlar necə?

– Düşmən bildikləri birinə necə yanaşarlarsa elə…

– Deyəndə ki, sizi Azərbaycana təhvil verirlər və Vətənə çatdıqda hansı hisləri yaşadın?

– O hissləri dillə ifadə etmək mümkün deyil, yalnız Bakı aeroportunda təyyarədən endikdə inanmaq çox çətin oldu ki, həqiqətən də mən Vətənimdəyəm. Bu azadlığı mənə bəxş edən, ailəmi sevindirən müzəffər ali baş komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdaram.

– Bakıda hosbitalda neçə gün müalicə aldın?

– 19 gün müalicə aldım. Bu arada mənə doğma balası, qardaşı kimi yanaşan bütün DTX hospitalının həkimlərinə, tibb işçilərinə təşəkkürümü bildirirəm.

– Ən çox kimin üçün darıxırdın?

– Mənim üçün hər kəs əzizdir. Ailəm, qohumlarım, dostlarım. Ancaq etiraf edim ki, ən çox oğlum üçün darıxdım.

-Son bir sualım olacaq. Birinci Qarabağ müharibəsi yaddaşımızda çox ağır və itkiləriylə qaldı. Bu müharibə sənin yaddaşında necə qalacaq, əsir düşməyin, yoxsa qələbə?

– Əsir düşməyim artıq yaddaşımda yoxdur, onu qələbə sevinci çoxdan silib. Müharibə isə yaddaşımda bu xalqın birliyi, həmrəyliyi və bu həmrəylikdən doğan qələbə ilə qalacaq.

– Səmimi müsahibə üçün təşəkkür edirəm, bir daha səni və səni sevənləri təbrik edirəm. Allah Ali Baş Komandanımızı, Ordumuzu, Millətimizi pənahında saxlasın.

                            

Eltun Türkel.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.