Bayramda Şəki Xan Sarayını hər gün üç minədək turist ziyarət edir

Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən olan Şəki ilin bütün fəsillərində turistləri özünə cəlb edir.

Etmtv. news AZƏRTAC-a istinadən xəbər verir ki, hər il olduğu kimi, bu il də bayram tətili günlərində Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə edilir. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaraylar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi – Şəki Xan Sarayı, həmçinin “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, “Sənətkarlar evi” yerli və xarici turistlərin daha çox marağına səbəb olur.

Bayram ərəfəsində Şəki Destinasiya Menecmenti Təşkilatının (DMT) təşəbbüsü və Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəkidə ilk dəfə “Yeni il bazarı” da təşkil olunub. Şəhərin mərkəzindəki parkın qarşısında təşkil edilən yarmarkada quraşdırılmış Yeni il çadırlarında yerli sakinlərin əl işləri, dulusçuluq məmulatları, “ABAD”çıların hazırladıqları suvenirlər sərgilənir və satışı həyata keçirilir.

Yeni il bayramı günlərində şəhərə turist axınını nəzərə alaraq, qoruğun ərazisindəki bütün muzeylər, sənətkarlıq emalatxanaları, həmçinin Xan Sarayının qapıları səhərdən axşamadək qonaqların üzünə açıq olur. Bayram günlərində xarici turistlər arasında Rusiyadan, Avropa ölkələri İspaniya, Fransa, Almaniya və İngiltərədən, ərəb ölkələrindən gələnlər üstünlük təşkil edirlər.

Yarmarkanın xidmətlərindən hər gün yerli sakinlərlə yanaşı, şəhərin qonaqları, o cümlədən əcnəbi turistlər də yararlanırlar. Yarmarkada yerli və xarici ziyarətçilər üçün Şəki DMT-nin informasiya məntəqəsi də fəaliyyət göstərir. Burada regionun otelləri, turlar və digər xidmətlər haqqında məlumat almaq olar.

“Yeni il bazarı” 2020-ci il yanvarın 5-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.