Bakıda saxta polis tutuldu-İnsanları aldadaraq, pullarını mənimsəyirmiş

Hər şeyin saxtasını görmüşdük. Saxta müəllim, saxta jurnalist, saxta həkim, saxta xəstə… Saxta polis isə gündə rastımıza gəlmir. O günü də gördük. Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək, dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə bir nəfər qadın ərizə ilə müraciət edərək, özünü polis əməkdaşı kimi təqdim edən Vüsal adlı şəxsin guya onu dövlət qurumlarından birində işə düzəldəcəyi adı ilə aldadıb, ayrı-ayrı vaxtlarda 17 min manat pulunu aldığını bildirib.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində, vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Babayev saxlanılıb. Araşdırmalar zamanı V. Babayevin polis işçisi olmadığı halda özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etdiyi sübuta yetirilib. Saxlanılan şəxsin idarə etdiyi avtomobilə baxış zamanı oradan müxtəlif şəxslərin ərizələri, polis əməkdaşının geyim formaları, 6 ədəd mobil telefon, danışıq kartları, o cümlədən həmin şəxsin polis geyimində olan fotoşəkili maddi sübut kimi götürülüb.

Vüsal Babayev barəsində 32-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Vüsal Babayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi də istisna olunmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.