Bakı Mühəndislik Universitetində “Məzun günü”

Bakı Mühəndislik  Universitetində “Məzun  günü” keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə  başlayan “Məzun günü”ndə millət vəkilləri, dövlət və hökumət nümayəndələri,  universitetin professor-müəllim heyəti, valideynlər və günün səbəbkarları olan məzunlar iştirak edib.

Universitetin rektoru, professor Havar Məmmədov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib.

Rektor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən dövlətin inkişafı ilə yanaşı gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Bu gün də ölkə başçısı İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva  dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakına xüsusi diqqət yetirdiyini qeyd edib.

Professor Havar Məmmədov Azərbaycan Respublikasında  mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə, 8 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış Bakı Mühəndislik Universitetinin fəaliyyəti, uğurları və gələcək planları barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, bu il universitetdən 963 tələbə məzun olur. Onlardan 818 tələbə bakalavr, 145 tələbə isə magistr pilləsindən məzun olur. 88 tələbənin universiteti fərqlənmə ilə bitirməsini xüsusi qeyd edən rektor ölkəmizdə yaradılan müasir sənaye müəssisləri üçün BMU-da yüksək səviyyədə kadr hazırlığının  aparıldığını da diqqətə çatdırıb.

Millət vəkili, iqtisad elmləri doktoru, akademik Ziyad Səmədzadə çıxış edərək məzunları təbrik edib və onlara tövsiyələrini verib. Bildirib ki,  BMU uğurları ilə cəmiyyətdə və  Azərbaycan təhsil sistemində  öz mövqeyini gücləndirir.

Görkəmli iqtisadçı Ziyad Səmədzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının inkişaf prespektivləri və aparılan islahatların nəticələri barədə ətraflı məlumat verib.

Abşeron rayon icra hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov və rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova BMU məzunlarını təbrik ediblər. Rayonun ictimai həyatında universitetin fəaliyyətindən, orta təhsil müəssisələri ilə əməkdaşlığından danışıblar.

Sumqayıt Kimya Sənaye Parkının baş direktoru Nazim Talıbov məzunları təbrik edib. Universitet-sənaye əlaqlərindən, BMU ilə rəhbərlik etdiyi sənaye parkının əməkdaşlığı barədə məlumat verib. Ölkəmizdə yaradılan sənaye parklarının rəqabətə davamlı inkişafında kadr hazırlığının rolundan danışıb.

Universiteti ixtisası, fakültəsi və ümumi universitet üzrə birinci bitirən tələbələr universitet tərəfindən mükafatlandırılıblar. Qeyd edək ki, universitet birincisi 99.14 balla İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasından məzun olan Almaz Mirzəyeva olub.

Tədbirin bədii hissəsində universitetin özfəaliyyət kollektivləri ilə yanaşı tanınmış sənət adamları ifaları ilə məzunları təbrik ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.