“Novruz Məmmədovun Baş nazir kimi bir illik fəaliyyəti heç nə ilə yadda qalmadı. Daha doğrusu, onun fəaliyyəti dövründə “giləmeyvə qalmaqalı”ndan başqa hansısa mühüm hadisə baş vermədi”.
Bu sözləri “Yeni Sabah”a iqtisadçı alim Nazim Bəydəmirli keçmiş Baş nazir Novruz Məmmədovun 1 illik fəaliyyətini qiymətləndirərkən deyib.
Novruz Məmmədov bu gün tutduğu vəzifədən azad edilib. O, bu vəzifəyə 21 aprel 2018-ci ildə təyin olunmuşdu. Novruz Məmmədovun yerinə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təyinat alıb.
Nazim Bəydəmirli hesab edir ki, Novruz Məmmədovun Baş nazir vəzifəsindən azad edilməsi onun gözləntiləri doğrultmaması ilə bağlı ola bilər. İqtisadçı alimin fikrincə, Nazirlər Kabinetinin daha çevik quruma çevrilməsinə ehtiyac var idi.
Lakin Novruz Məmmədov görəvini yerinə yetirə bilmədi. “Doğrudur, biz Novruz Məmmədovdan parlamentli respublikaların Baş nazirləri kimi aktiv fəaliyyət gözləmirdik. Lakin hər halda o, Artur Rasizadənin prototipi olmamalı idi. Elə buna görə də Baş nazir təyin olunmuşdu. Novruz Məmmədov faktiki olaraq isə texniki işlərlə məşğul olurdu. Hansısa qərarlarda texniki dəyişikliklər edirdi. Hətta bunu da yaxşı bacarmırdı. Yəqin, meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydalarına edilən dəyişiklik yadınızdadır. Bu cəmiyyətdə kifayət ciddi narazılığa səbəb oldu və bir neçə gün sonra Prezident qərarı ləğv etdi”,- deyə Nazim Bəydəmirli bildirib.
İqtisadçı alim əlavə edib ki, Nazirlər Kabinetinin çevik quruma çevirmək üçün nomenkulatur düşüncəli, yeniliyə açıq olmayan kadrlardan deyil, müasir tələbləri qiymətləndirə bilən çevik qərarlar qəbul etməyi bacaran kadrlara üstünlük vermək lazımdır: “Novruz Məmmədov isə nomekulatura nümayəndəsidir. Prezidentin Baş nazir təklifinə “Mən bunu bacarmaram” deyən bir şəxsin faəliyyəti sönük olmalı idi və belə də oldu.
Ümumiyyətlə isə düşünürəm ki, artıq Azərbaycanda da parlamentli respublikaya keçid haqqında düşünmək lazımdır. Arzuedərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi parlament çoxluğu tərəfindən seçilmiş Baş nazir, onun da nazirlərin içərisindən içtimai əsaslarla təyin edilmiş 2-3 müavini olan, ümumilikdə 18-20 nəfərdən artıq olmayan məsuliyyətli bir Nazirlər Kabineti olsun”. (Yenisabah.az)