Aztv.news-in “dəlixana” səfəri və “İlin həkimi” mükafatı

Bu mövzuda əvvəllər də yazmışıq, indi də yazırıq. Yəqin ki, sonralar da yazacağıq… Nöşün ki, onsuz da bu işə çarə axtaran birisi tapılmayacaq. Bilsək ki, onlara bir “xətər toxunduran” olacaq, heç yazmarıq. Nə çox avam adam, sadəlövh, mükafatbaz, tərifbaz… Qoy dolansın bu sayt. Dünyanın axırı zadı deyil ki!

Təəssüf doğuran hal odur ki, bunlara aldanan insanlar arasında həqiqətən də gözəl ziyalılarımız, həkimlərimiz, müxtəlif peşə sahibləri vardır! Belə insanlardan biri də Gəncə şəhərində fəaliyyət göstərən Psixiatriya xəstəxanasının baş həkimi Elmira Mirzəyevadır.

Aztv.news bir modern tipli portaldır. Heç kimə oxşamaz, öz dəsti-xətti var, adı mediadır, özü bir quldur dəstəsi.

Özünün iş planı, stili, qanunları və hər kvartalda kəşf və təsis etdiyi mükafatları var. Onlar yalnız bunlarla “dolanar”, sayta yalnız bu mükafatlara aldanan həkimlər, pedaqoqlar, avamlar, humanistlər, anarxistlər, kommunustlər… düşər. Bir sözlə, kimlərə bu saytda rast gəlməzsən. Mükafat almaq üçün pula simiclik etməyənlərin hamısı burda.

Heç nə veclərinə olmaz, hamını barmaqlarına dolayarlar, başlarını tovlayarlar, ağıllarını başlarından alarlar… nə bilim nə edərlər, bir sözlə, mətbuat işindən başqa nə işlə desən məşğul olarlar.

Çünki, ağıllı adamlardı. Neynirlər əsər yazmağı, məqalə üzərində işləməyi, film çəkməyi? Gündə birinə bir “mükafat” sırıyarlar, vəssalam. Bilirlər ki, onsuz da onlara bir söz deyən tapılmayacaq, heç kim danlamayacaq, onlaru tutmayacaq, pulsuz-parasız da yola salmayacaq… nə bilim nə olmayacaq… Nöşün ki, “AzTV”-də (AzTV telekanalı yox. Sadəcə adlar oxşardır) işləyirlər.

Boyuna qamışmı ölçüm a mətbuat, yoxsa, gözünə külmü töküm, nə gündəsən sən? Kimlər səni təmsil edir, kimlər başını yerə soxur, kimlər soxulub arana ağac qurdu kimi səni içindən yeyir? Aç bu saytı, gör kimlər var burda, qucağında da mükafat, gözlərində sevinc yaşları, üzündə sevinc dolu təbəssüm.. necə şəkillər var burda, necə sevinirlər, bu mükafatları alanda. Həkimə “hekim”, müəllimə “müellim” yazanlar mükafat verib bunlara! Bəlkə bundan başqa yaxşı heç bir “mükafat” gözləmirlər insanlardan? Bir xəstəyə pulsuz bir arayış belə verməyən həkimlər, adları min cür dolaşıq işlərdə hallanan məmurlar necə də sevinir bu “qayğıya”, bu “diqqətə”!

Sizə nə deyim, a bu millətin mediası, icra hakimiyyəti, nə bilim nəyi?.. Adam da Psixiatriya xəstəxanasına “İlin həkimi” mükafatını verər? Bəlkə, özlərinə aid nəsə görüblər orda?!. Ya da baş həkimi avam, sadəlövh görüblər?

Heç avama oxşamır baş həkim Elmira Mirzəyeva. Avam olsaydı, Aztv adını eşidəndə heç qorxmazdı, zəng vurardı televiziyaya, soruşardı kimdi bunlar, nə üçün çəkiliş aparmaq istəyirlər burda? Və nə iş görmüşəm ki, məni belə ələ salırlar, bu mükafatı kim təsis edib? Nə vaxt edib, nə üçün edib?..

Aydındır ki, yalançı çəkilişlə çox bərk qorxuzublar qadın həkimi, bu media cəngavərləri. Hansı internet televiziyaları var bu “igid”lərin? Harada yerləşir bu televiziya?

Qadını, həkimi aldatmaq nə vaxtdan media işi olub? Bir soruşan gərək onlardan. Soruşan olacaqmı? Heç inanmağımız gəlmir.

Bəlkə insanların özləri aldanmaq istəyir? Bəlkə, bu adamların özləri “sino gedir” belə mükafatlardan ötrü? Hansısa məlumat istəsən, deyərlər, “işıqlanmaq” istəmirəm. “Qaranlıqlatmaq”istəsən, deyər- məhkəməyə verərəm, “xalam oğluna deyərəm başını əzər, bibim oğluna deyərəm qıçını sındırar”! Amma sevinərlər  yalançı mükafatları alanda!

Çətin mövzudu bu. Anlamaq olmur heç bu adamları!..

Şərəflı həkim ,ləyaqətli Xanım Elmira həkim

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.