“Azad edilmiş ərazilərimizdə ali təhsil müəssisələrinin qurulması çox gərəklidir” – Musa Qasımlı

Elm və təhsil naziri Emin Əmrullayev işğaldan azad olunmuş ərazidə Qarabağ Universitetinin tikiləcəyini bildirib.”Hazırda azad edilən ərazidə Qarabağ Universitetinin böyük konsepti hazırlanır. Ağdamda universitet binası inşa ediləcək. İstərdik ki, orada tibb sahəsi tədris olunsun. Bu sahədə fəaliyyət istiqamətində əməkdaşlığa hazırıq”,- deyə nazir vurğulayıb.

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Musa Qasımlı jurnalistlərə müsahibəsində deyib:

-Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş, dövlət suverenliyimizin qurulduğu bütün ərazilərimizdə aparılan quruculuq işlərinin tərkib hissələrindən biri o ərazilərimizə elm, təhsil və mədəniyyətimizin gəlməsidir. Dünya mədəniyyəti yaradan millətimizin mədəniyyəti həmin ərazilərə qayıdır. Bunlardan biri də heç şübhəsiz təhsilimizdir. Həmin ərazilərdə ən müasir məktəblər tikilir və Qarabağ Universitetinin yaradılması çox mütərəqqidir, Qarabağ iqtisadi rayonunun inkişafına kömək edəcək. Eyni zamanda digər yaxın rayonlardan gənclərin təhsil almasına şərait yaradacaq. Təbii ki, bu məsələlər bir gün içərisində həll olunan bir proses deyil. Amma düşünürəm ki, işğaldan azad edilmiş ərazilərimizdə ali təhsil müəssisələrinin qurulması çox gərəklidir”, – deyə deputat vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.