1941-ci ilin 22 iyunda Böyük Vətən Müharibəsi başladı. O dövrdə 3,2 milyon nəfər Azərbaycan əhalisinin 500 mindən çox oğul və qızı Qızıl Ordu sıralarında döyüşürdü. Dövri mətbuatda və Sovinformburo hesabatlarında Qırmızı Ordunun o vaxtkı SSRİ-nin qərb sərhəddində- Baltik dənizindən Qara dənizə qədər ərazidə düşmənin hücumunu dayandırmaq üçün son nəfəslərinə kimi düşmənlə mübarizə aparan əsgər və komandirlərinin göstərdiyi rəşadət və qəhrəmanlıq geniş şəkildə işıqlandırılırdı. Belə qəhrəmanlar arasında müstəsna cəsarətinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz, baş serjant İsrafil Məmmədov da var idi.
Bununla belə, Brest qalasının müdafiəçilərinin qəhrəmanlığı yalnız yazıçı Sergey Smirnovun inadkar axtarışları sayəsində illər sonra məlum oldu. İnsanlar Brest qarnizonunun ən məşhur müdafiəçilərinin adlarını ilk dəfə onun ”Brest qalası” kitabından öyrəndi. Bunlar – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş mayor Qavrilov və leytenant Kijevatovdur; kapitan Zubaçev, Lenin ordeninə layiq görülmüş polk komisarı Fomin, leytenant Naqanov, Petya Klıpa, kapitan V. Şablovski, R. Semenyuk və s. qəhrəmanlardır.
Burada həm düşmən qüvvələri, həm də müdafiəçilər haqqında lazımi izahat vermək lazımdır. 1941-ci ildə bir sıra hərbi hissələrin daxil olduğu qalada möhkəmləndirilmiş hərbi qarnizon yaradılmışdı. Bunlar azsaylı tərkibi ilə 6-cı və 42-ci diviziyaların tərkibində olan 44-cü, 84-cü (3-cü batalyon – Xolm darvazası yaxınlığındakı kazarmada), 125, 333-cü atıcı alayları, 330-cu mühəndis alayı, 45-ci əlahiddə rabitə batalyonu, 455-ci, 170-ci və 226-cı artilleriya alayları, 211-ci artilleriya alayı, 393-cü əlahiddə artilleriya divizionu, eləcə də 447-ci korpus artilleriya alayı, 84-cü əlahiddə kəşfiyyat batalyonu, tank batalyonu, 18-ci əlahiddə rabitə batalyonu, 158-ci əlahiddə avtomobil batalyonu, 262-ci əlahiddə sanitar batalyonu, 17-ci sərhəd dəstəsinin 9-cu sərhəd zastavası və NKVD qoşunlarının 132-ci əlahiddə batalyonu idi. Almaniyanın Vermaxt qoşunlarının SSRİ ərazisinə hücumu ərəfəsində qarnizon heyətinin əksər hissəsi, eləcə də zirehli texnikalar və artilleriya yay düşərgələrində və təlim meydançalarında, qaladan kənarda idi. Əslində, daimi yerləşdirildiyi yerdə alaydan yalnız bir batalyon, ayrıca bir batalyondan bir rota və bir sıra köməkçi xidmət dəstələri qalmışdı. Düşmən hücumlarını dəf edərkən, qalanın azsaylı şəxsi heyəti, gecə-gündüz dayanmayan hücumlara, gündən-günə artan gecə hücumlarına və bombardmanlara, təslim olmağa səsləyən radio çağırışlara baxmayaraq, bu günlərdə 12-ci Ordu Korpusunun bütün qüvvələrinin yarısına qədərinə- bütün 45-ci və 34-cü Piyada Diviziyasının bir hissəsinə böyük zərbələr endirdi və onlara ağır itki verdi.
Müqayisə üçün aşağıdakı məlumatları veririk: Qala qarnizonunun gücü 4000 nəfər idi, ancaq qala qarnizonunun müdafiə mövqelərinə birbaşa hücum edən 45-ci Alman piyada diviziyasında 10 mindən çox əsgər var idi və üstəlik 100 faiz avtomobillər, zirehli maşınlar və artilleriya ilə təchiz olunmuşdu . Belə qeyri-bərabər şəraitdə qalanın müdafiəçiləri, hətta hansı bir mühitdə mübarizə apardıqlarını dərk edərək belə , 20 iyul 1941-ci ilə qədər düşmənə fəal müqavimət göstərdilər. Qalada kəskin qida, dərman, sarğı, silah-sursat və xüsusilə içməli su çatışmazlığı olduğundan onların göstərdiyi qəhrəmanlığın miqyası böyükdür. Muxavets çayından çıxarılan hər növbəti qab və ya bir qazan su, bir qayda olaraq, bir neçə cəsur insanın həyatı bahasına başa gəlirdi. Silah və sursat çatışmazlığı isə döyüşdə əldə olunan qənimətlər hesabına aradan qaldırılırdı. Düşmən yalnız ağır mühasirə silahlarından istifadə etməyə başladıqdan sonra qalaya sahib oldu və sağ qalan bütün qəhrəman müdafiəçilər əsir götürüldü.
Yeri gəlmişkən, onu da qeyd edək ki, qala müdafiəçilərinin mövqelərinə atəş açmaq üçün istifadə edilən ən böyük mühasirə silahı, “Karl” adlandırılan özüyeriyən top idi. Onun mərmilərinin hər biri 2 ton ağırlığında idi. Nasist Almaniyasında cəmi 6 belə minaatan var idi.
Təəssüf ki, indi postsovet məkanında, Brest qalasının müdafiəsində iştirak edən 44 azərbaycanlının adı geniş oxucu kütləsi üçün hələlik məlum deyil. Onların adları oxu, kiçik və yuxarı sinif şagirdləri üçün, orta peşə məktəblərinin tələbələri üçün, habelə ali məktəblər üçün tarix dərsliklərinə daxil edilməmişdir.
Bununla belə, qeyd etmək lazımdır ki, bəzilərinin adları respublika mətbuatında və o uzaq müharibə iştirakçılarının xatirələrində qeyd olunmuşdur. Məşhur musiqiçi Niyazi Kərimovun “Ölümün gözünün içinə baxan Azərbaycan musiqiçiləri” kitabında 70 bəstəkar, musiqiçi, konservatoriya tələbələri arasında Ənvər Mirzə Mənsur oğlu Mənsurovun da adı verilib. Orduda xidmət etməzdən əvvəl Ənvər məşhur bir musiqiçi – tar ifaçısı idi. 1939-cu ildə o, Qızıl Ordunun əsgəri idi, Sovet-Fin müharibəsində iştirak etmişdi və yalnız 1941-ci ildə Brest qarnizonuna hərbu xidmətə göndərilmışdi. Ənvər Mansurov birbaşa qalada müdafiə olunan mövqelərdə düşmənin növbəti hücumlarının birini dəf edərkən qəhrəmancasına həlak oldu.
Burada Yuri Fominin (Komissar Yefim Fominin oğlu) “Qala haqqında əfsanədən olan adam” kitabını qeyd etmək yerinə düşərdi. Bu kitabda azərbaycanlı döyüşçü Daniyal Abdullayevin adı iki dəfə çəkilir. Birinci halda, D. Abdullayevin, 84-cü piyada alayının 9-cu rotasının keçmiş hərbçisi kimi özü tərəfindən yazılmış məktubu dərc olunub , ikinci dəfə isə, onlar haqqında hekayətin sonunda digər döyüşçülər ilə birlikdə. Birinci və ikinci hallarda onun azərbaycanlı olduğu qeyd edilməyib. Bu boşluğu doldurmağı vəzifəm hesab edirəm. Belə ki, Abdullayev Daniyal Abdul oğlu baş serjant hərbi rütbəsinə sahib idi və 84-cü piyada alayının 3-cü batalyonunun 9-cu rotasının vzvod komandirinin köməkçisi vəzifəsində idi. Əslən Balakən rayonunun Maqomalar kəndindəndir. Döyüş zamanı başından ağır yaralanmış, iyunun 30-da almanlar tərəfindən əsir götürülmüşdü . Bir neçə əsir düşərgəsindən keçib: Polşada – Byala Podlyaska, Demblin və Edlind, Almaniyada Noyhammer şəhərinin yaxınlığındakı düşərgələrdə olub. 1943-cü ildə qaçmağa müvəffəq olub və fransız partizanlarına qoşulub. Əvvəlcə adi bir əsgər kimi , sonra isə rota komandiri vəzifəsində bir çox döyüşlərdə müstəsna igidlik göstərib. Xüsusi xidmətlərinə görə iki dəfə Fransa Respublikasının Hərbi Xaç ordeni ilə təltif edilib. Müharibədən sonra vətəninə qayıdıb.
Azərbaycanda da Brest qalasının ölməz qarnizonunun müdafiəçilərinin adlarının axtarışının davam etməsi sevindirici bir hal sayılmalıdır. Brest qalasının müdafiəsində 44 azərbaycanlı əsgərin iştirakı professor Qaraş Əli oğlu Mədətovun “Azərbaycan Böyük Vətən Müharibəsi illərində” adlı elmi araşdırmasında, həmçinin 1977-ci ildə nəşr olunan “Azərbaycan Sovet Ensiklopediyası” nın ikinci cildində öz əksini tapmışdır.
Ağır iş yükünə baxmayaraq, Brest qalasının müdafiəçilərinin kimliyini müəyyənləşdirmək də Milli Elmlər Akademiyasının Tarix üzrə direktor müavini, tarix elmləri doktoru, professor Cəbi Əmirvar oğlu Bəhramov tərəfindən həyata keçirilib. Onun sayəsində Brest qalasının müdafiəsində azərbaycanlıların iştirakı Böyük Vətən Müharibəsində Nasist Almaniyası üzərində Qələbənin 65 illiyinə həsr olunmuş təntənəli iclasda müzakirə edildi. Məruzəçi professor D. Bəhramov idi. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası Milli Tarix Muzeyinin konfrans zalında keçirilirdi. Bu xəbər bizi çox sevindirdi. Bir az sonra professor Cəbi müəllimə müraciət etdik. Sözsüz ki, günümüzdə də qala qəhrəmanlarının taleyinə biganə olmayanların mövcudluğu onu çox sevindirirdi. Sonra o, bizə adları Azərbaycan tarixi kitabının 7-ci cildinə, birinci hissədə, ikinci fəsildə daxil edilmiş on iki əsgər və komandirlərin siyahısını verdi. Bunlar- hərbi həkim M. Qədirov, siyasi təlimatçı A. Kastryulin, Qızıl əsgərlər- İ.Səfərov, İ. Dadaşov, A. İmanov, M. Məmmədov, A. Qafarov, A. Mansurov, V. Xankin, H. Məmmədov, A. Əliyev və D. Abdullayev idi.
Professorla görüşlərin birində onu Brest Qala Xatirə Muzeyi Kompleksinin rəhbərliyinə birbaşa institut adından bir məktub göndərməyi təklif etdik, qala müdafiəçiləri haqqında materialların isə cəbhə dostumuz, Belarus Respublikasının Brest şəhərində daimi yaşayan ehtiyatda olan mayor Fizuli Qənizadə tərəfindən göndərəcəyini bildirdik. Cəbi müəllim bu fikri dərhal dəstəklədi.
Bu vaxt Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin İcra katibi, Əməkdar mədəniyyət işçisi, bəstəkar Eldar Mansurovla görüşmək üçün razılığa gəldik. Ondan çox şey öyrəndik. Demə, Eldar müəllim əmisinin döyüş yolu ilə maraqlanır və onun haqqında mövcud bütün materialları toplayırmış. Bəzilərini məmnuniyyətlə bizə verdi, bu addımın gözəl bir iş olduğunu söyləyərək, xalqımızın qəhrəmanlıq dolu keçmişi ilə maraqlanan insanların olduğuna çox sevindiyini bildirdi.
Bir müddət keçdikdən sonra biz Brestdən lazımi materialları aldıq. Bu materiallarda bizim üçün yeni olan adlar da var idi. Bu, 84-cü piyada alayının rabitə rotasınının əsgəri, əslən Gədəbəy rayonunun Kiçik Qaramurad kəndindən olan Nəsir Məmməd oğlu İskəndərov, Ağamirza Əli oğlu Nəzərov, 333-cü piyada alayının hava hücumundan müdafiə bölüyünün komandiri serjant Xəlil Həmzə oğlu Haqverdiyev idi. Materialların arasında onların 1940-cı və 1972-ci illərə aid olan şəkilləri, habelə Brest xatirə muzeyi kompleksinin elmi işçisi M.A. Pestretsova tərəfindən hazırlanan 8 nəfər üçün qısa bioqrafik məlumatlar da vardı. X. Haqverdiyev haqqında isə müharibədən əvvəl Gədəbəy rayonunun Çaldaş kəndində musiqi müəllimi işlədiyi və 22 iyun 1941-ci ildə qalanın müdafiəsi zamanı həlak olduğu və qalada dəfn olunduğu barədə daha ətraflı məlumatlar verilmişdi.
Qalanın müdafiəsinin iştirakçısı, həmyerlimiz olan bir əsgərin adı, təsadüfən veteranlar üçün xəstəxanada müalicə alan, 1991-94-cü illərdə müharibə veteranı və bizim döyüş yoldaşımız olan 2-ci qrup əlil, kapitan Sahib Məmmədov tərəfindən biri ilə söhbət zamanı ortaya çıxdı. Bu tankçının adı Nicad Abdullayevdir. Brestdəki bir tank rotasının komandiri idi. Yenilənmiş məlumatlara görə, Nəcəf Ağayeviç Brest bölgəsində yerləşən 22-ci Tank Diviziyasında xidmət etmişdir. Nəcəf ailəli idi. Müharibənin başlandığı gün ailəsi qalada idi. Düşmənin davamlı hücumlarını dəf edən günlərdə almanlar qeyri-adi bir mərhəmət etdilər, uşaqları olan qadınlar qalanın kənarındakı mühasirədən azad edildi. Onların arasında qucağında körpəsi olan arvadı da vardı. Bəli, bu dəhşətli müharibədə sağ qala bildi, ancaq ailəsini tapmaq fikrindən vaz keçmədi və 8 ildən sonra onları axtararaq tapdı.
Qalanın müdafiəçilərinin tapılmasında bizə Azərbaycan Milli Elmlər Akademiyası Milli Tarix Muzeyinin əməkdaşları tərəfindən böyük köməklik göstərildi. Belə ki, muzeyin şöbələrindən birinin müdiri, fəlsəfə elmləri doktoru Zərifə xanım Dulaeva uzaq 1962-ci ildə”Azqosizdat” tərəfindən 4000 tirajla nəşr edilmiş bir kitabla tanış etdi…
Davamı var…
Elmir Şərifov, ehtiyatda olan polkovnik-leytenant, 1991-94-cü illər müharibəsinin veteranı.
Rus dilindən tərcümə etdi:
Ruhulla Zahidov, yazıçı-jurnalist.