Azərbaycan Milli Konservatoriyasının “Sənətkarlar” layihəsi davam edir.
“Sənətinin aşiqi” Bu gün yenidən AMK-nın sənətkar, müəllimlərindən söz açmağa ehtiyac duydum. Artıq 25 yaşını qeyd edəcək olan Azərbaycan Milli Konservatoriyası yarandığı gündən milli musiqi ənənələrinin, xüsusilə muğamın təbliği və inkişafı ilə tanınıb. Bu inkişafda böyük payı olan, adı musiqi təhsili verən tədris ocağını musiqi məbədinə çevirən, onu müqəddəsləşdirən məhz orada dərs deyən ustad sənətkarlardır. Bu sənətkarlar Azərbaycan mədəniyyətinin əzəli və özəyidir. Onlarla qürur duyuruq.
Bu dəfə söhbət səhnəmizin dəyərli simalarından biri, Xalq artistimiz Mənsum İbrahimovdan gedir. Uzun illərdir məni bir məqam düşündürür: necə olur ki, biz öz cəvahiratımız olan sənətkarlarımızın əsl dəyərini gec anlayırıq? İllərlə Azərbaycan mədəniyyətinə xidmət edən sənətkarımız Mənsum İbrahimovu həm sənətkar, həm də müəllim kimi tanımaq mənim də payıma düşdü. Mənsum İbrahimov fədakar və ustad sənətkardır. Onun fədakarlığının nümunəsi tələbələridir. Bu məqamda gözəl sənətkarla bir səfərimizi xatırlayıram: Şuşaya gedirdik. Bu ziyarətlə birgə xanəndələr də yola düşmüşdü. Söhbət əsnasında anladım ki, bu istedadlı iki xanım xanəndə – Gülzar Fərəcova və Sədəf Budaqova – Mənsum müəllimin tələbələridir. Mənsum müəllim hər getdiyi kiçik səfərə belə tələbələrini aparar. Heç kimin xətri qalmasın deyə səhnəni onlarla bölüşər, onlara yaradıcılıq işığı olar. Özü sənətkar olanların hamısında bu yüksək keyfiyyət olmur. Onun səmimi və ədəbli davranışı Azərbaycan musiqisinin şah damarı olan muğamın xiridarı olmasından irəli gəlir. Mən düşünürəm ki, Mənsum İbrahimov varlığı ilə özündən sonra bu yolda addımlayan, bu sənətdə sona qədər qalmaq istəyən hər kəsə bir örnəkdir. O çətin günlərdə – Xankəndimizə hələ qovuşmamışdıq postları keçirdik – qayıdarkən İsa bulağına getmək istədik. Polis heyəti Milli Konservatoriyanın əməkdaşları içində sənətkarı gördü və bizə bələdçilik etdi. İsa bulağı bizə nağıl kimi gəldi. Elə bu məqamda Mənsum müəllim, istedadlı xanəndə, Əməkdar artist Təyyar Bayramov, Gülzar Fərəcova və Sədəf Budaqova “Qarabağ” mahnısını oxumağa başladılar. Bu görüntünü hər kəs lentə aldı. Hələ evə çatmamış çox sayda dinləyici bu səhnəyə baxmışdı. Hətta Mədəniyyət xəbərlərində yayımlandı.
Bu gözəl hadisəni onunla bölüşəndə yenə təvazökarlıqla gülümsədi. Halbuki o dövrdə bu böyük bir hadisə idi. Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasının Muğam və Xanəndəlik kafedrasının müdiridir. Bu kafedrada Xalq artistləri, Əməkdar artistlər və otuzdan çox sənətkar dərs deyir. Azərbaycan mədəniyyətinin öndə gedən sənətkarları burada təhsil alan tələbələrə ustad-tələbə qayda-qanunlarını gözəl şəkildə aşılayır.
Onun idarəçilik bacarığı və müəllimlərinə verdiyi dəyər bütün layihələrdə özünü göstərir. Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Təyyar Bayramov, Elnur Əhmədov və Xalq artisti Elçin Həşimov bu gözəl dördlük xalqımızın hələ Qarabağa ümidlə baxdığı dövrdə “Qarabağ” qrupunu yaradaraq dünyanı gəzdi. Qırxdan çox xarici ölkəni ziyarət edən sənətkarlar konsertlə yanaşı, həmin ölkələrdəki Azərbaycan diasporunu da ziyarət edirdilər. Oradakı həmvətənlərimiz və xarici dinləyicilər onları ayaq üstə alqışlayırdı. Bu sevgi sonsuz və tükənməz idi. Ta erkən yaşlardan sənətlə nəfəs alan sənətkar bu gün də böyük ümidlə sənətinin keşiyində dayanır. Mənsum İbrahimov daim dinamik yaradıcılıq fəaliyyətindədir. Onun fəaliyyəti həm xarici ölkələrə yaradıcı səfərləri, həm də Azərbaycanın bölgələrində verdiyi konsertləri əhatə edir. Eyni zamanda bir çox önəmli dövlət tədbirlərində iştirak edir. Azərbaycanı qarış-qarış gəzmək – sənəti yaşatmaq deməkdir. Bu, bir sirr deyil. Bu, bir möcüzə də deyil. Bu, Allah vergisidir.
Mənsum İbrahimovun bir sadə özəlliyi də var: o, sadədir. Onu tamaşaçı sevir və yolunu gözləyir. Sənətkar bütün ömrünü sənətə həsr edir. Öz üzərində yorulmadan çalışır. Sənət fədaisinə çevrilir, sənətdə yetişir və yetişdirir. Vətənin mədəniyyətinin, muğamın keşiyində dayanmış bir əsgər olur. Yalnız bir gün görürsən ki, araşdırmadan, bilmədən, cahilcəsinə kiminsə düşüncəsi məni də sarsıdır. Bax, belə zamanlarda açıqlama verməyə ehtiyac duyuram. Məcnunun yaşı olmaz! Rejissor, Əməkdar incəsənət xadimi Hafiz Quliyevlə danışırdım. Hafiz müəllimə dedim: “Mənsum müəllim haqqında bir yazı yazmaq istəyirəm – cavab olaraq yox. Hər anlamaza cavab verməyə ehtiyac yoxdur. Bilirəm ki, Mənsum müəllimdən sonra opera səhnəmizdə sizin rejissorluğunuzla bir çox Leyli və Məcnunlar olub: İlkin Əhmədov, Elnur Zeynalov, Xəyal Hüseynov, Mirəli Sərizadə, Arzu Əliyeva, Gülzar Fərəcova, Rəvanə Əmiraslanlı, Xalq artisti Nəzakət Teymurova.” Mənsum İbrahimov da yalnız tamaşaçı istəyi ilə xüsusi tamaşalarda və tamaşaçı sevgisi ilə izlənilərək səhnəyə dəvət olunur. “Əlbəttə, dediyiniz kimidir,” – dedi Hafiz müəllim. Bu da mənə kifayət etdi.
Çox qəribə olsa da, bu cür insanlar məndə çox böyük bir ümid yaradır. Çünki haqqın səsini susdurmaq olmur. Belə mənasız sözlərin isə heç bir gün ömrü olmur – çünki yalandır. Və ey binəvalar, Məcnunun yaşı, qocalığı olmur. Məcnun – dahi Füzulinin Allaha olan eşqidir. Bu eşqi duyan sənətkar Məcnun rolunu uzun illər oynaya bilər. Mənsum İbrahimov kimi sənətkara bir kəlmə belə söyləyən adam nə Füzulidən, nə muğamdan, nə də eşqdən bir anlayışa sahib ola bilməz. Yeni xanəndələrin ifasında canlandırılan Məcnun və Leyli obrazları bəşəri bir mövzunun nəsildən-nəslə ötürülməsinin təcəssümüdür. Mənsum müəllim “Leyli və Məcnun”un televiziya versiyası, kompozisiya variantı və teatr-film yaradıcılığı çərçivəsində bu mövzuda hər zaman tövsiyəsinə ehtiyac duyulan və dəvət olunan sənətkar olaraq qalacaq. Allah sənətkara uzun ömür versin. O, hər zaman tamaşaçı istəyi ilə səhnəmizin məcnunudur. Çünki bu adı qazanmaq üçün, əvvəlcə sənətinin aşiqi – Məcnunu olmalısan.
Aysel Fikrət
AMK-nın mətbuat katibi

