Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir – MÜSAHİBƏ

Etmtv. news Yenigence.com saytına istinadən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadənin müsahibəsini təqdim edir.

– Pərvin xanım, sentyabrın 15-də ölkəmizdə yeni tədris ili başlayır. Bu baxımdan, Azərbaycanda təhsilin inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik…

– Ümumiyyətlə, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir.

Bu gün təhsilin bütün pillələrində – uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar – təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan illər ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunur.

– Ölkəmizdə təhsil infrastrukturu quruculuğu da diqqət mərkəzindədir. Bu barədə nə deyə bilərsiniz?

– Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır, Azərbaycanda təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır.

Bütün ölkənin pandemiya bəlasına qarşı mübarizəyə səfərbər olunduğu bir vaxtda belə təhsil infrastrukturunun inkişafı daim dövlətin və dövlət başçısının diqqət mərkəzində olub.

Bütövlükdə, yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 47 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəbdir. İlin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılan 100-ə yaxın məktəb binası şagirdlərin istifadəsinə veriləcək, onlardan 60-ı modul tipli məktəbdir.

Ümumiyyətlə, təhsil infrastrukturunun yenilənməsi istiqamətində görülən məqsədyönlü işlər ardıcıl xarakter daşıyır. Son 17 ildə Azərbaycanda dövlətin və Heydər Əliyev Fondunun xətti ilə 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Azərbaycan Prezidentinin müvafiq sərəncamları və tapşırıqları əsasında təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 2020-ci ilin sonuna qədər 98 ümumtəhsil məktəbi – 60-ı modul tipli olmaqla məktəblilərin ixtiyarına veriləcək. Ümumilikdə 2016-cı ildən başlayaraq 293 modul tipli məktəb Azərbaycanda inşa edilib. Bu, innovativ layihədir, çünki bu layihələr Azərbaycanın ən ucqar yerlərində belə məktəb infrastrukturunun yaxşılaşmasını birbaşa nümayiş etdirir. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və bunun tamamlanması, Prezidentin müvafiq tapşırığına müvafiq olaraq, 2021-2022-ci ildə başa çatmalıdır. Bu, analoqu olmayan bir faktdır. Dünyanın heç bir yerində belə qısa vaxt ərzində bu qədər məktəb inşa edilməyib.

– Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter almasının əhəmiyyəti nədən ibarətdir?

– Təhsil infrastrukturunun yenilənməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, Heydər Əliyev Fondu bir çox sahələrdə səmərəli layihələr həyata keçirməklə yanaşı, təhsilin inkişafı istiqamətində də mühüm təşəbbüslərlə çıxış edib, bu sahədə genişmiqyaslı işlər reallaşdırıb. Bu baxımdan, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını diqqətə çatdırmaq gərəkdir. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən artıq şagirdin təhsil aldığı 600-dək məktəb binası inşa olunub və yenidən qurulub.

Bu məktəblərin hər birində müasir laboratoriyalar, kitabxanalar, yeməkxanalar, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxanalar, idman zalları, geniş meydançalar yaradılıb. Bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.