Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat yaydı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat yayıb. Bəyanatın mətnini olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

“-30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin zəbt etdiyi Azərbaycan Respublikasının tarixi ərazisi – Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar bu günlər müzəffər Azərbaycan Ordusu tərəfindən qarış-qarış işğaldan azad edilir.

Silahlı Qüvvələrimizin şəxsi heyətinin şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan rayon mərkəzləri, habelə bu rayonların, eləcə də Xocavənd, Tərtər rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad olunmuşdur. Azad olunan ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələri də düşmən tapdağından xilas edilmişdir.

Bununla bərabər təəssüf hissi ilə qeyd olunmalıdır ki, illərlə davam etmiş bu işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılmış, mənimsənilmiş, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalmışdır. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olmuşdur. Ermənilər məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirmişlər. İşğal olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir.

Azad olunmuş ərazilərdə yerləşən abidələrin bir çoxu, gözlənildiyi kimi, acınacaqlı vəziyyətdədir. Zəngilan rayonunda yerləşən, daşınmaz tarix-mədəniyyət abidəsi kimi dövlət qeydiyyatında olan tarixi məscid binasından donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin daha bir bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq təşkilatların, tərəqqipərvər dünya birliyinin kəskin qınağına səbəb olmalıdır. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir.

Müsəlmanların ibadət yeri olan məsciddə heyvanların saxlanılması Ermənistan Respublikasının bəşəri dəyərlərə olan mənfi münasibəti ilə yanaşı, xalqımızın, bütövlükdə  müsəlman dünyasının dini dəyərlərinə hörmətsizlikdir və bu beynəlxalq səviyyədə hüquqi qiymətini almalıdır. Sivil dünya dövlətlərini və xalqlarını Ermənistan Respublikasının bəşəri dəyərlərə qarşı bu cür mənfur əməllərini pisləməyə çağırırıq.

Xüsusilə diqqətə çatdırırıq ki, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir. ” – bəyanatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.