Azərbaycan dilinin orfoqrafik lüğətinə nəzər salsaq, müttəfiq sözü “birlikdə hərəkət etmək və ya başqa bir məqsəd üçün ittifaq bağlamış tərəflərdən hər biri” kimi izah edilir. Əslində Azərbaycan və Türkiyə arasındakı münasibətlər müttəfiqlikdən çox tarixən qardaşlıq münasibəti kimi olmuşdur. Azərbaycanın dövlətçilik tarixinə diqqət yetirsək, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nuru Paşa Azərbaycana olan münasibətlərin qardaşlıqdan ibarət olduğunu bizə əyani sübut etdi. Keçən əsrin hər bir zamanında Azərbaycan Türkiyəyə, Türkiyə Azərbaycana daim yardım etmişdir. Hələ I Dünya Müharibəsi zamanı Çanaqqala döyüşlərində doğma qardaşına yardıma gedən, öz kəfənimizi özümüz ilə gətirərik deyən Azərbaycan gəncləri , Türkiyə torpaqlarının da vətən torpağımız olduğunu bütün dünyaya sübut etdilər. Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkənin Türkiyə olması da müttəfiqlik əlaqələrimizin qırılmaz köklərə malik olduğunun bir göstərgəsidir.
1992-ci il 28 mayda Azərbaycan-Türkiyə sərhədində salınan, şərti və rəmzi adı “Ümid körpüsü” olan həyati bir layihənin həyata keçirilməsi dövlət sərhədlərimiz üçün böyük əhəmiyyətə malik bir hadisə idi.
“Ümid körpüsü” də adlandırılan bu mühüm əhəmiyyətli keçidin tarixi, strateji, geosiyasi, iqtisadi və sosial əhəmiyyəti haqqında danışmazdan əvvəl Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının xalqlarımızın tarixi qələbəsi sayılan Türkiyə-Azərbaycan birliyində körpü rolunu oynaması, qardaşlığımızın və dostluğumuzun əbədi nişanəsi olması məsələləri üzərində dayanmaq lazımdır.
“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, – deyən Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk ötən əsrin 20-ci illərində öz ölkəsi üçün yaranmış şəraitdən istifadə edərək 11 kilometrlik sahəni Azərbaycana çıxış əldə etmək üçün İrandan satın almaqla eyni kökə sahib olan iki xalqı bir-birindən ayrı düşməyə qoymamışdır. Mustafa Kamal Naxçıvanla bağlı fikirlərini belə ifadə etmişdir: “Azərbaycana bağlı Naxçıvan vilayəti qardaş Türkiyə ilə 11 kilometrlik sərhəddə olan türk yurdudur. Naxçıvan türk dünyasının qapısıdır, onu qorumaq lazımdır”.
Bundan başqa, Türkiyə daim Azərbaycana hərbi sahədə də müttəfiqlik göstərmişdir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan istər müsahibələri zamanı, istərsə də öz çıxışlarında daim bu müttəfiqlik əlaqələrinin tarixi kökə əsaslandığını qeyd etmişdirlər.
44 günlük Vətən müharibəsində istifadə olunan Pilotsuz uçuş aparatları müharibənin talehində əsaslı rol oynamışdır. 10 noyabr üçtərəfli akta əsasən Qarabağ ərazisində yerləşdirilən sülhməramlı qüvvələrin tərkibində Türkiyənin də iştirak etməsi bizim əlaqələrimizə verdiyimiz dəyərin bariz nümunəsidir.
2021-ci il 15 iyun tarixində Azərbaycan tarixinə Qurtuluş günü kimi düşən bir gündə Azərbaycanın tarixi mədəniyyət paytaxtı olan Şuşada Türkiyə-Azərbaycan arasında imzalanan Şuşa bəyannaməsi, bizim müttəfiqlik əlaqələrimizdə ən yüksək səviyyədə olduğunu bir daha dünyaya çatdırdı.
Nail İmranov,
Gəncə şəhər 37 nömrəli tam orta məktəbin direktoru.