Azərbaycan İkinci Dünya müharibəsi illərində

Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan ikinci Dünya müharibəsi illərində iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Almaniya Bakı neftini ələ keçirməklə Şərqə – İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin xəritəsi hazırlanmış, Qafqaza hücumla bağlı «Edelveys» planında Bakının işğalının dəqiq vaxtı göstərilmişdi.
Müharibə illərində Azərbaycandan cəbhəyə 600 minə yaxın döyüşçü göndərilmişdi ki, onların da 40 mini könüllülər idi. Ön cəbhədə azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 271-ci 402-ci, 416-cı diviziyalar döyüşürdü.
Azərbaycan döyüşçüləri müharibənin gedişində bir çox igidliklər göstərmiş və adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışdılar. Onlardan 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 34 nəfər «Şöhrət» ordeninin hər üç dərəcəsinə layiq görülmüşdü. Həzi Aslanovun Hüseynbala Əliyevin, İsrafil Məmmədovun, Qafur Məmmədovun, Baloğlan Abbasovun və başqalarının igidlikləri dillərdə gəzirdi.
Azərbaycanlılardan təşkil olunmuş 416-cı diviziya Qafqazdan Berlinədək rəşadətli döyüş yolu keçmişdi. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsində göstərdikləri igidliyə görə Ziya Bünyadov da daxil olmaqla 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.
Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Onlar Krımda, Ukraynada, Belorusiyada, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşdular. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belorusiyada «Dyadya Kolya» partizan birləşməsinin qərargah rəisi olmuşdu.
Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında üç mindən çox azərbaycanlı iştirak etmişdi ki, onlardan «Armed Mişel» (Xarqo) adı ilə tanınan Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı adını və digər ali döyüş mükafatlarını almışdı.
Yuqoslaviyada əfsanəvi partizan Mixaylo kimi məşhurlaşmış Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik etmişdi. Onunla birgə partizan hərəkatında iştirak edən 50-yə yaxın həmvətənimiz Yuqoslaviyanın orden və medallarına layiq görülmüşdü.
1941-45-ci illərdə cəbhəyə göndərilmiş 600 minə yaxın azərbaycanlının 300 mindən çoxu həlak olmuş və itkin düşmüşdü.
Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğunlaşdırılmış, bütün sənaye sahələri məhz cəbhə üçün çalışmağa başlamışdı. O zaman SSRİ neftinin 70-75 faizini, benzinin 85-90 faizini Bakı verirdi. Motorlu hərbi texnika, demək olar Bakı yanacağı ilə işləyirdi. 1941-1945-ci illərdə Bakıdan cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin göndərilmişdi.
Ümumilikdə Bakıda 130-dan çox silah və onun hissələri hazırlanır, o cümlədən «Katyuşa» raketi və «Şpagin» pulemyotu istehsal edilir, «YAK-3» qırıcı təyyarəsi yığılırdı.
Azərbaycan müharibə illərində 500 min ton pambıq və digər strateji xammal tədarük etmişdi.
1941 – 1943-cü illərdə müdafiə fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manatlıq istiqraz verilmiş, cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərmişdi.
Azərbaycanın alimləri də öz bilik və bacarıqlarını faşizm üzərində qələbəyə sərf etmişdilər. Məşhur akademik Yusif Məmmədəliyev başda olmaqla kimyaçı alimlər tərəfindən müharibə illərində 38 növ sürtkü yağının, 9 adda təyyarə benzininin və 8 növ dizel yanacağının istehsalı təşkil olunmuşdu.
Bütün bunlara baxmayaraq, Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfələr keçmiş SSRİ rəhbərliyi tərəfindən lazımınca qiymətləndirilməmiş, Bakının qələbədəki böyük rolu arxa plana keçirilmiş və qəsdən kiçildilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.