Azərbaycan Cüdo Federasiyası (ACF) ölkəmizdə cüdo idman növünün kütləviləşdirilməsi, uşaqların və yeniyetmələrin sağlam həyat tərzinin formalaşdırılması və onların müasir standartlara cavab verən idman zallarında cüdo idman növü ilə məşğul olmaları üçün hərtərəfli tədbirlər həyata keçirir. 22 noyabr 2022-ci il tarixində Gəncə şəhərində açılışı olan Federasiyanın Təlim-Məşq Mərkəzi də bu tədbirlərdəndir.
Açılışda Rəqəmsal İnkişaf və Nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Olimpia çempionu Elnur Məmmədli, idarə, müəssisə, təşkilat rəhbərləri, məşqçilər və idmançılar iştirak ediblər.
Tədbirdə çıxış edənlər Milli Olimpia Komitəsinin sədri, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın idman sahəsinə göstərdikləri diqqət və qayğıları xüsusi vurğulayıblar. Bildirilib ki, məhz bu dəstəyin nəticəsidir ki, Azərbaycan cüdoçuları Olimpiya oyunlarında, Dünya, Avropa çempionatlarında və digər nüfuzlu beynəlxalq yarışlarda mütəmadi olaraq iştirak edir, medallar qazanır və ölkəmizin bayrağını qaldırırlar. 2022-ci il ərzində Azərbaycan yığma komandasının müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirlərdə ümumilikdə 194 medal qazanılıb ki, bunlardan 66 qızıl, 55 gümüş, 73 bürünc medallardır.
Gəncənin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Daha sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib.