Gəncə şəhərində «Zəfəroğlu Elektrik» MMC-nin “Led” tipli lampa istehsalı zavodunun açılış mərasimi baş tutub. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədr müavini Natiq Həsənov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova, Yaponiyanın TET İnternational Development şirkətinin prezidenti Taro Savado, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat, Azərbaycan Pakistan İqtisadi Əməkdaşlıq Palatasının idrə heyətinin sədri Azər Əkbərov, KİV nümayəndələri, çoxsaylı iş adamları və qonaqlar iştirak ediblər.
Qonaqlara məlumat verilib ki, “Zəfəroğlu Elektrik” MMC-nin istehsal sahəsi Gəncənin mərkəzində, indiyədək istifadəsiz qalmış keçmiş tikiş fabrikinin ərazisində yaradılıb. Müəssisənin ərazisi abadlaşdırılıb, əməkdaşların fəaliyyəti və istirahəti üçün şərait yaradılıb. 1 500 kvadratmetr sahəsi olan zavodda xaricdən gətirilən müasir avadanlıqlar quraşdırılıb.
Zavodda “Zəfər İşığı” brendi altında müxtəlif ölçülərdə “Led” tipli lampalar istehsal edilir. Burada hazırda 4 növ – 7, 9, 12 və 15 vatt gücündə olan “Led” tipli lampalar istehsal olunur. Sənaye müəsisəsinin istehsal gücü ayda 500 min ədəd lampa istehsal etməyə imkan verir.
Burada istehsal olunan “Led” tipli lampalar sənaye obyektlərində və ofislərdə, eləcə də mənzillərdə istifadə oluna bilərlər. Lampaların özəl xüsusiyyəti onların davamlı olması, o cümlədən kənar təsirlərdən sınmamasıdır. Belə ki, bu lampalar bərk səthə düşəndə də qırılmır.
Bildirilib ki, l”Led” tipli lampaların istehsalı üçün tələb olunan xammalın 65%-i ölkə daxilindən əldə edilir. Gələcəkdə yerli xammal payının daha da artırılması nəzərdə tutulur. Hazırda müəssisədə gündə 4 min ədəd lampa istehsal olunur. Gələcəkdə istehsalın genişləndirilməsi və məhsul çeşidinin artırılması planlaşdırılır.
Qeyd olunub ki, “Zəfəroğlu Elektrik” MMC-in yaranmasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişaf Fondu böyük dəstək göstərib. İlkin olaraq yatırılan 1 000 000 manat investisiyanın 50%-i SİF tərəfəndən təqdim edilib. Bundan başqa dövlət dəstəyi olaraq investisiya təşviqi sənədi alınıb. Bu sənədin olması “Zəfəroğlu Elektrik” MMC-yə vergi və idxal zamanı gömrük güzəştləri əldə etməyə imkan yaradacaq.
“Zəfəroğlu Elektrik” MMC-in “Led” tipli lampa zavodunun işə düşməsi Azərbaycan iqtisadiyyatında daha bir sahədə idxalı əvəz etməyə imkan yaradacaq. Zavodda istehsal olunan məhsullar, xaricdən idxalın azalmasına səbəb olacaq. Gələcəkdə isə istehsal olunan lampaların xaricə ixracı və ölkəyə xarici valyutanın gətirilməsi nəzərdə tutulur.
«Zəfəroğlu Elektrik» MMC-nin lampa zavodunun fəaliyyətə başlaması ilə müəssisədə 30 yeni iş yeri yaradılıb. Yaxın aylarda işçi sayının 50-yə, gələn ilin sonunadək isə 100 nəfərə çatdırılması gözlənilir.


