Azərbaycan Texnologiya Universiteti (ATU) Erasmus+ proqramı çərçivəsində Avropa universitetləri ilə əməkdaşlığı uğurla davam etdirir
2023/2024-cü tədris ilində Azərbaycan Texnologiya Universitetinin daha 8 tələbəsi Avropa Komissiyasının Erasmus+ proqramından yararlanıb.
Belə ki, müvafiq tədris ili ərzində universitetin 7 tələbəsi Qranada Universiteti (İspaniya), Xaen Universiteti (İspaniya), Varşava Ekologiya və Menecment Universiteti (Polşa) və İaşi Texniki Universitetində (Rumıniya) təhsilini uğurla bitirib, daha bir tələbə isə növbəti semestrdə İaşi Texniki Universitetində (Rumıniya) təhsil almaq hüququ əldə edib.
Universitetin rektoru v.m.i.e dos. Yaşar Ömərov 23.09.2024-cü il tarixində həmin tələbələrlə görüşərək onları bu uğurları münasibətilə təbrik edib, öz tövsiyələrini verib. Tələbələrin mübadilə ilə bağlı təəssüratlarını dinləyən Y.Ömərov onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayıb, bu kimi proqramlarda iştirakın əhəmiyyətindən danışaraq beynəlxalq mübadilə proqramlarının gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını və əldə edilən bilik və bacarıqların ölkəmizin inkişafı üçün zəruri olduğunu vurğulayıb.
Tələbələr də öz növbəsində onlar üçün belə imkanlar yaradıldığına görə minnətdarlıq ifadə edib, bu kimi təcrübələrin gələcəkdə peşəkar fəaliyyətlərinə böyük töhfə verəcəyini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində Avropa ölkələrinin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq edir və proqram çərçivəsində təhsil alan tələbələrin bütün xərcləri Erasmus+ proqramı çərçivəsində Avropa Birliyi tərəfindən qarşılanır.