Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir.
Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir.1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə “Vəhşi diviziya” (“Дикая дивизия”) adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar.
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin böyük səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.
Azərbaycan ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. AXC-Müsavat hakimiyyəti dövründə də ölkəmizin ərazi bütövlüyünün qorunması üçün lazımi tədbirlər həyata keçirilmirdi. O vaxtkı iqtidar səriştəsizliyi üzündən düşünülmüş hərbi siyasət yeritmək qabiliyyətində olmadığına görə ölkəni və əhalini hər cür silah və hərbi texnika ilə təchiz edilmiş düşmənin ordusundan qoruya bilmir, onun qarşısında aciz qalırdı. Ölkə daxilində hakimiyyətsizlik, qarışıqlıq və xaos, siyasi çəkişmələr, ordunun iflic vəziyyətində olması, ərazilərin işğalı, ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi əhalidə ruh düşkünlüyü, vahimə və qorxu, dövlətə və orduya, sabahkı günə inamsızlıq hissləri yaratmışdı.
Məhz belə bir ağır böhranlı şəraitdə Azərbaycan xalqı öz müstəqil dövlətinin məhv edilməsi təhlükəsi qarşısında üzünü xalqın layiqli oğlu Heydər Əliyevə tutaraq onu hakimiyyətə gətirdi.
Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi. Ulu öndərHeydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. . Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu ənənəni Azərbaycan Respublikasının Prezidenti ,Ali Baş Komandan İlham Əliyev daha böyük uğurla həyata keçirir.
Sentyabrın 27-dən başlayaraq 44 gün müddətdə hərb meydanında əldə olunan möhtəşəm uğurların, döyüş bölgəsindəki tarixi qələbələnin əsasında Prezident İlham Əliyevin rəhbərliyi və uzun illər ərzində gərgin zəhməti ilə formalaşmış, ən son texnoloji silahlarla təchiz edilmiş müasir ordu dayandığının şahidi olduq. Qafqazın lider ölkəsi statusunu qazanan Azərbaycan Vətən müharibəsində peşəkar və güclü ordusu ilə hər kəsi təəccübləndirdi. Müzəffər ordumuz Vətən Müharibəsində müasir dövrün döyüş ənənəsini formalaşdırdı. Azərbaycan XXI əsrdə müharibənin necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirdi.
44 günlük Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz Qələbə salnaməsini qızıl hərflərlə yazdı.
O qələbə ki, şəhidlərimizin ruhu şad oldu, o qələbə ki, Şuşamızı, Kəlbəcərimizi,Ağdamımızı və işğal altındakı digər ərazilərimizi öz əbədi sahibinə-Azərbaycan xalqına qaytardı.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan!
Əntiqə Tağıyeva – Masallı Tarix Diyarşünaslıq muzeyin direktoru