Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Özbəkistan Respublikası Səmərqənd vilayətinin Kattaqorgon Şəhər Dram Teatrının yaradıcı heyətinin yolasalma mərasimi keçirilib.
Mərasimdə iştirak edən Mədəniyyət Nazirliyinin teatr sektorunun baş məsləhətçisi Emin Əliyev özbək teatrının direktoru Batır Tuqalova Mədəniyyət naziri Anar Kərimovun imzaladığı “Fəxri Fərman”ı təqdim edib.
Xatırladaq ki, Bakıya bir həftəlik qastrol səfəri çərçivəsində özbək teatrı üç dəfə Akademik Musiqili Teatrın səhnəsində, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda “Qayınana” (M.Şamxalov) komediyasını uğurla təqdim edib.
Azərbaycan tamaşaçılarının rəğbətini qazanan kollektiv bir sıra mədəni və işgüzar görüşlərdə də iştirak edib.
Kattaqorgon Şəhər Dram Teatrının yaradıcı heyəti adından teatrın direktoru Batır Tuqalov layihənin təşkilində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, iki ölkə arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verən bu layihə çərçivəsində özbək teatrının rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevi və teatrın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovu da xatirə hədiyyəsi ilə mükafatlandırıb.
Səfərdən olduqca məmnun olduqlarını vurğulayan qonaqlar bu gün Özbəkistana qayıdıblar.