Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq, bu gün Laçın rayonu Azərbaycana qaytarılır.
Etmtv. news xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Laçını tərk etməsinə Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları səbəb olub.
Belə ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizə, qəsəbələrimizə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb.
İşğalçı erməni silahlı birləşmələri Ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub.
Beləliklə, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Bəyanatın alıtncı bəndinə əsasən, 1 dekabr 2020-ci il tarixinədək Laçın rayonu Azərbaycan Respublikasına qaytarılır. Bununla da Azərbaycanın işğal altında olan daha bir rayonu qəsbkarlardan azad edilir və orada bayrağımız ucaldılacaq.
Qeyd edək ki, 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.
P.S. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də artıq Laçın rayonuna daxil olub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi xəbər yayıb.