Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan milli komandası Vətənə qayıdıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, ASAPES-in müəllim-tələbə heyəti, idman ictimaiyyətinin nümayəndələri, idman könüllüləri, idmançıların yaxınları, idman həvəskarları və media nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığı və Ermənistan tərəfi verdiyi təhlükəsizlik təminatına əməl etmədiyi üçün ağırlıqqaldırma millimiz turnirdə iştirakdan imtina edib.