Azərbaycan mədəniyyətinə ağır itki üz verib

Xalq rəssami, ADRA-nin professoru Mayis Əlişir oğlu Agabəyov 17 iyun 2020-ci ildə 79 yaşında vəfat edib.

Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. O,1961-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib və təhsilini Moskvada davam etdirib. O, həmçinin 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun “Rəssamlıq” fakültəsini bitirib. Mayis Ağabəyov təhsil aldığı illər ərzində M. Boqdanovun kursunda kino sənətinin incəliklərini dərindən öyrənə bilib. O, Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlayıb. 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunub.
İstedadlı rəssam 1965-ci ildən başlayaraq bir sıra beynəlxalq və respublika sərgilərində kino eskizləri və rəngkarlıq əsərləri ilə iştirak edib. İlk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilib. 1996-ci ildə Türkiyənin İstanbul, 1994-cü ildə Fransanın Avinyon, 2000-ci ildə Böyük Britaniyanın London şəhərlərində təşkil olunan beynəlxalq sərgilərdə əsərləri uğurla nümayiş olunub. 2002-ci ildə Baki İncəsənət Mərkəzində, 2005-ci ildə Səttar Bəhlulzadə adına Sərgi salonunda fərdi sərgiləri təşkil olunub.

O, “Babək” (film, 1979), “Burulğan” (film, 1986), “Çalış, nəfəs alma” (film, 2006), “Çətirimiz buludlardır” (film, 1976), “Dağıdılmış körpülər” (film, 1996), “Dərvişin qeydləri” (film, 2013), “Əlvida, cənub şəhəri” (film, 2006), “Girov” (film, 2005), “Gümüşgöl əfsanəsi” (film, 1984), “Günaydın, mələyim!” (film, 2008), “Həyat bizi sınayır” (film, 1972), “Xoşbəxtlik qayğıları” (film, 1976), “İntizam” (film, 1983), “Köpək” (film, 1994), “Qətl günü” (film, 1990), “Ləqəbi “İKA”dır” (film, 1997), “Məkanın melodiyası” (film, 2004), “Müqəddəs oda yanaram” (film, 1991), “Nə gözəldir bu dünya…” (film, 1999), “Nəsimi” (film, 1973), “Nizami” (film, 1982), “Ölüm növbəsi” (film, 2009), “Ötən ilin son gecəsi” (film, 1983), “Özgə vaxt” (film, 1996), “Rəssam ömrünün palitrası” Xalq rəssamı Böyükağa Mirzəzadə (film, 2006),
“Sevil” (film, 1970), “Silinməyən izlər…” (film, 2011), “Super ağcaqanad” (film, 1981), “Şirbalanın məhəbbəti” (film, 1991), “Təkcə adanı özünlə apara bilməzsən…” (film, 1980), “Təki dam olsun…” (film, 1972), “Toya dəvətnamə” (film, 1973), “Ümid” (film, 1995), “Ürək… Ürək…” (film, 1976), “Yeddi oğul istərəm…” (film, 1970), “Zirzəmi” (film, 1990) kimi filmlərin quruluşçu və bədii rəssamı olub.

Mayis Ağabəyovun bədii yaradıcılıq və pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirilib. Sənətkar 1990-cı ildə Əməkdar rəssam, 2000-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb, təsviri sənət nominasiyasında “Humay” milli mükafatını alıb (2012). 2004-cü ildən Prezident təqaüdçüsü idi.

Allah rəhmət etsin, ruhu şad, məkanı cənnət olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.