Azərbaycan Respublikasının çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda Avropa İttifaqının aparıcı dövlətlərindən biri olan İtaliaya Respublikası ilə sıx münasibətlərin qurulması və inkişaf etdirilməsi, çevik siyasi və iqtisadi siyasətin həyata keçirilməsi vacib amillərdən biridir. Özünün coğrafi və geoiqtisadi mövqeyi, zəngin təbii ehtiyatları ilə fərqlənən respublikamız fövqəldövlətlərin, o cümlədən İtaliaynın geostrateji maraq dairəsində mühüm yer tutmaqdadır.
Azərbaycan – İtaliya münasibətlərinin inkişafında Ümummilli lider Heydər Əliyevin 1997-ci il sentyabrın 24-27 tarixlərində bu ölkəyə rəsmi səfəri mühüm rol oynamışdır. Bu, müstəqil Azərbaycan Respublikası Prezidentinin ilk rəsmi səfəri olmaqla çox mühüm siyasi məna kəsb etmişdir. Heydər Əliyevin İtaliya Prezidenti Oskar Luici ilə səmimi və açıq dialoq mühitində keçirilən görüşü və səfər çərçivəsində siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə imzalanmış sazişlər dövlətlər arasında çoxşaxəli əməkdaşlığın qurulmasında əhəmiyyətli rol oynamışdır.
1999-cu il aprelin 9-da Bakıda İtaliya səfirliyinin açılış mərasimində çıxış edən Ulu öndər Heydər Əliyev qeyd etmişdir ki, biz İtaliyanın Azərbaycana olan diqqət və qayğısını yüksək qiymətləndiririk. Ölkələrimiz arasında qarşılıqlı anlaşma, əlaqələr yaranıb, bir neçə müqavilə imzalanıbdır. Bu, İtaliya-Azərbaycan əməkdaşlığının, dostluğunun əsaslarını qoyubdur.
İtaliya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi Ulu öndərin Siyasi varisi Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursunun əsas prioritetlərindən biri olmuşdur. Azərbaycanın dövlət başçısının 2005-ci il fevral ayının 24-26-da İtaliyaya rəsmi səfəri və həmin səfər çərçivəsində keçirilən Azərbaycan-İtaliya Biznes-forumunda iştirakı əlaqələrin yeni mərhələyə keçid almasında və iqtisadi tərəfdaşlığın intensivləşməsində əhəmiyət kəsb etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il noyabr 25-26-da İtaliyanın Baş naziri Silvio Berluskoninin dəvəti ilə bu ölkəyə növbəti rəsmi səfəri də yaddaqalan və məzmunlu olmuşdur. İtaliya və Azərbaycan əməkdaşlığının perspektivlərinin müzakirə edildiyi görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və İtaliyanın regional enerji əməkdaşlığının möhkəmlənməsində fəal iştrak etmək niyyəti vurğulanmışdır. Həmin görüş enerji ehtiyatlarının şaxələndirilməsində Avropa İttifaqının aparıcı ölkəsi kimi İtaliyanın güclü siyasi dəstəyini bəyan etməklə Cənub Qaz Dəhlizi layihəsinin həyata vəsiqə almasında əhəmiyyətli rol oynamışdır.
Azərbaycan Prezidentinin 2011-ci ilin iyun və 2014-cü ilin iyul aylarında İtaliya Respublikasına səfərləri də ikitərəfli əlaqələrin dinamizminə təkan vermiş, İtaliya inestisiyalarının Azərbaycan iqtisadiyyatına yönəldilməsinə, xarici investisiyalı təşkilat, firma, onların nümayəndəliklərinin fəaliyyət göstərməsinə, birgə iqtisadi layihələrin icrasına təkan vermişdir. 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi mühüm siyasi sənəd olmaqla münasibətlərin inkişafına və gələcək əməkdaşlığın istiqamətlərinə güclü zəmin yaratmış, qarşılıqlı maraq doğuran qlobal və regional məsələləri müzakirə etmək üçün strateji əhəmiyyət kəsb etmişdir.
Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in sənəd və qərarlarına uyğun olaraq, həmçinin onun himayəsi altında davam edən danışıqlar prosesi əsasında sülh yolu ilə həll edilməsi rəsmi Romanın xarici siaysət kursunda həmişə ön planda olmuşdur. ATƏT-in Minsk qrupuna üzv dövlətlərdən biri olan İtaliyan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Dağlıq Qarabağ münaqişəsinin BMT-nin müvafiq 4 qətnaməsi çərçivəsində həll edilməsi ilə bağlı dəyişməz mövqe nümayiş etdirmişdir.
2018-ci il iyul ayının 19-da Azərbaycanda rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Prezident İlham Əliyevlə keçirdiyi səmərəli görüşlər dövlətlərarası münasibətlərin inkişafında yeni mərhələ açmış oldu. Səfər zamanı səsləndirilən bəyanat rəsmi Romanın Azərbaycana qarşı dost və konstruktiv, qarşılıqlı maraqlarının üstünlük təşkil etdiyi siyasət yürütdüyünü, açıq dialoq şəraitində yüksək səviyyəli strateji əməkdaşlığa üstünlük verdiyini təsdiqlədi. Sercio Mattarella Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmaqla sülh yolu ilə həllinə tərəfdar olmasını bəyan etməklə İtaliyanın Azərbaycanın ərazi bütövlüyünə olan rəsmi mövqeyini bir daha dünyaya nümayiş etdirdi: “Bz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropanın müxtəlif nüfuzlu qurumlarının qəbul etdiyi sənədlər əsasında beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmaqla sülh yolu ilə həllinə tərəfdarıq”.
Həmin səfər zamanı Sercio Mattarellanın ölkəmizin ən yüksək dövlət təltifi olan Heydər Əliyev Ordeni ilə mükafatlandırılması Azərbaycan ilə İtaliya arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin inkişafının mühüm bir göstərici kimi yadda qalmışdır.
İtaliya Respublikasının Prezidenti İtaliya Senatında bir neçə dəfə Xocalı soyqırımı ilə bağlı çıxışlar edilmiş, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı soyqırımı pislənmişdir. İtaliyalı senatorlar Xocalı faciəsi kimi dramatik və qanlı faktın anılması ilə yanaşı, müvafiq məsələ ətrafında dinləmələrin təşkil edilməsi, problemin araşdırılması, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin icra vəziyyəti ilə tanış olmağın vacibliyini vurğulamışlar.
2017-ci il fevralın 25-də İtaliaya Senatında Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator Sercio Divina (Şimal Liqası Partiyası), habelə senatorlar Mariya Rizzotti (“İrəli, İtaliya!” Partiyası) və Hans Berqer (Muxtariyyət Naminə siyasi fraksiyası) çıxış edərək ermənilərin Xocalıda mülki əhaliyə qarşı törədilən vəhşiliklər, baş vermiş insan itkiləri və qurbanların başına gətirdiyi ağır işgəncələrdən danışaraq Xocalı soyqırımına görə məsuliyyət daşıyan Ermənistanın cinayətkar şəxslərinin cəzalandırılmasını tələb etmişlər. Deputalar İtaliya parlamenti və hökumətini bu faciəyə biganə qalmamağa, gələcəkdə bu cür bəşəriyyət əleyhinə cinayətlərin qarşısını almaq məqsədilə, soyqırımı tanımağa dəvət etmişlər.
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar isə İtaliya Senatının kitabxanasında israilli müəlliflər Əmir və Arye Qutun İtaliyada “Sandro Teti Editore” nəşriyyat evi tərəfindən italyan dilinə dərc olunmuş “Ağrı” (İl Dolore) bədii-sənədli romanının təqdimatı keçirilmişdir.
Azərbaycanın Birinci vitse-Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu İtaliya ilə respublikamız arasında ictimai-siyasi, iqtisadi, elmi-mədəni əlaqələrin inkişafında mühüm rol oyanamqadadır. Romada dahi Nizami Gəncəvinin abidəsinin ucaldılması, çoxsaylı beynəlxalq forumlar, konfranslar və layihələrin təşkili məhz Mehriban xanımın yorulma fəaliyyətinin nəticəsidir. Mehriban Əliyeva bu cür layihələri gerçəkləşdirməklə humanitar sahədə Azərbaycan “mədəniyyət diplomatiyası” funksiyasını yerinə yetirmişdir.
Heydər Əliyev Fondu tərəfindən İtaliyada Kapitolini Muzeyinin Fəlsəfə zalında həyata keçirilmiş təmir və bərpa işlərində, Romada “Mercati di Traiano” və Pio-Klementino muzeylərində, Müqəddəs Marçellinio və Pietro katakombalarında, Roma imperiyası dövrünə aid olan Zevsin heykəlinin bərpa olunmasında Heydər Əliyev Fondunun xidmətləri əvəzolunmazdır. Fond öz fəaliyyətini genişləndirərək 2013-cü ildən İtaliyanın regionlarında da yeni layihənin həyata keçirilməsinə başlamışdır. Fondun şərflə yerinə yetirdiyi bu missiya iki ölkə arasında mədəni əlaqələrin inkişafına təsir etməklə yanaşı, İtaliya ictimaiyyəti arasında ölkəmizin müsbət imicinin formalaşdırılması və möhkəmləndirilməsi baxımından da mühüm rol oynamışdır.
Azərbaycan və İtaliya ədalətli prinsiplər, qarşılıqlı etimad və dostluq mühiti əsasında uğurlu əməkdaşlığı bu gün daha da inkişaf etdirməkdədir. Bu əməkdaşlıq ölkələr arasında tarixən mövcud olan xalq diplomatiyası sayəsində əlaqələrin dərinləşməsi və iki xalqın daha da bir-birinə yaxınlaşması üçün əlverişli şərait yaratmaqdadır. Prezident İlham Əliyevin və Birinci vitse-Prezidenti Mehriban Əliyevanın İtaliyaya səfəri ikitərəfli əməkdaşlıq imkanlarının daha da genişlənməsinə və səmimi dostluq və açıq dialoq mühitinin möhkəmlənməsinə səbəb olacaqdır.