Prezident İlham Əliyev 2021-ci il 10 may tarixində Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə qeyd etmişdir ki, artıq Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Qarabağ münaqişəsi həll olunub. Azərbaycan bu münaqişəni təkbaşına həll edib. Döyüş meydanında qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabr ayının 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır. Artıq münaqişə öz həllini tapıb. Revanşist fikirlər Ermənistanı daha acınacaqlı vəziyyətə sala bilər. Əgər onlar hansısa praktiki əməllərə keçsələr, dərhal məhv ediləcəklər. Heç kim onları müdafiə edə bilməz. Heç kimsə bizim qarşımızda dura bilməz.
Daha sonra Prezident İlham Əliyev vurğulamışdır ki, Zəngəzur dəhlizinin açılışı məsələsi strateji əhəmiyyət daşıyır. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Bu dəhliz mütləq açılacaqdır. Azərbaycan öz üzərinə düşən vəzifəni icra edəcək. Horadiz –Ağvənd dəmir yolunun təməl daşı artıq qoyulub. Ordubaddan Ermənistan şəhərinə qadər çatışmayan 15-16 kilomertlik hissə inşa ediləcəkdir. Naxçıvan dəmiryolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yükdaşımalar həyata keçirilir. Yəni, Azərbaycanın məhz bu günkü zəfərinin təməli nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük hörmət qazanmış Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətləri sayəsində qoyulmuşdur. Fəxrlə demək olar ki, bu gün bütün sahələr üzrə əldə olunan uğurlar Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin bəhrəsidir. İnanıram ki, Prezident –xalq, Prezident –Ordu birliyinin sayəsində Ulu öndərimizin təbili ilə desək, müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir.
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!
Talıbova Gülnaz Yolçu qızı
Masallı rayonu, Lürən kənd sakini.