Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında» 1 fevral 2019-cu il tarixli Sərəncamı adı çəkilən təhsil müəssisəsində böyük ruh yüksəkliyi yaradıb.
Bununla bağlı keçirilən toplantıda ADAU rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov məlumat verib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev «Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamla Kənd Təsərrüfatı Nazirliyinə 14 milyon 245 min manat vəsait ayrılıb.
Rektor qeyd edib ki, Dövlətimizin başçısı bütün ölkəni yenidən qurur və beləliklə, Azərbaycanın hər bölgəsi gözəlləşir, abadlaşır, müasirləşir, dünyanın ən inkişaf etmiş, stabil diyarlarından birinə çevrilir. Təkcə 2016-2017-ci illərdə universitetimiz üçün 2 yeddi mərtəbəli, hər birində 514 tələbənin yaşadığı tələbə evinin tikintisi və istifadəyə verilməsi ölkə rəhbərinin aqrar sahəyə necə böyük diqqət və qayğı göstərməsinin bariz nümunəsidir. Biz qürur hissi duyuruq ki, hər iki tələbə evinin açılışında möhtərəm cənab Prezident iştirak edib, qırmızı lenti özü kəsib. Bu il yeni bir texniki peşə məktəbinin də tikintisi üçün vəsait ayrılıb. Son illər dövlət rəhbərinin göstərişlərinə uyğun müasir bir universitetin qurulması faktdir. Bu gün Aqrar universitet nəinki MDB məkanında, eləcə də Şərqi Avropada bütün göstəricilərinə görə irəlidə gedən ali məktəblərdən biridir. Qazanılan bu uğurlarda minnətdarlığın tək ünvanı möhtərəm cənab Prezidentdir. Xalq Prezidentini sevir. Özünün və dövlətinin taleyini məhz cənab Prezidentə etibar edir. Biz hələ çox onilliklər cənab Prezidentin rəhbərliyi altında yeni Azərbaycan quruculuğunu davam etdirəcəyik.
Tədbirdə iştirak edən professor-müəllim və tələbə heyətinin nümayəndələri çıxış edərək universitetə daha bir qayğıya görə ölkə başçısına dərin minnətdarlığını, aqrar sahənin innovativ inkişafı naminə daha əzmlə çalışacaqlarını bildiriblər.
Toplantıda ölkə Prezidentinə müraciət qəbul olunub.