Anar Kərimov ICESCO-nun baş direktoru ilə onlayn görüş keçirib

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik ilə onlayn görüş keçirib.

Görüş zamanı tərəflər bir sıra məsələlər barəsində fikir mübadiləsi apardılar. Anar Kərimov son 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin, xüsusilə də  Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər ordumuz tərəfindən azad edilməsi və bunun dünya və islam mədəniyyəti üçün əhəmiyyəti barədə məlumat verdib. O qeyd edib ki, Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilmiş, bütün mədəni mülkiyyət talan olunmuş, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılmış, xüsusilə islam irsinə aid olan abidələr və məscidlər təhqir edilmişdir. Nazir müavini hazırda azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirib.

Dr. Salim bin Məhəmməd Əl-Malik Azərbaycan xalqını bu tarixi qələbə münasibətilə təbrik edib, ICESCO-nun bu məsələdə ilk günlərdə bəyanat verərək Azərbaycana tam olaraq öz dəstəyini ifadə etdiyini bildirib və eyni zamanda və bu sahədə əməkdaşlığa dair birgə İş Planının hazırlanmasının tərəfdarı olduğunu qeyd edib. ICESCO ekspertlərinin sözügedən ərazilərə araşdırma səfərinin təşkilinə də hazır olduğu baş direktor tərəfindən ifadə olunub.

Görüşdə həmçinin mədəni irsin qorunması, yaradıcı sənayelərin inkişafı, “Bakı Prosesi” təşəbbüsünün daha da inkişaf etdirilməsi, İCESCO baş direktorunun Azərbaycana səfəri və digər məsələlər ətrafında  müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.