Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2022-ci il tarixli Sərəncamına uyğun olaraq, ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim, milli müstəqilliyimizin tərənnümçüsü, istiqlal şairi, totalitar Sovet rejimi repressiyasının qurbanı Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi ölkənin ictimai, ədəbi və elmi mühitində geniş şəkildə qeyd olunur.
Bu Sərəncamın işığında AMEA Gəncə Bölməsində “Azərbaycanın istiqlal şairi Əhməd Cavad” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açılış nitqi ilə çıxış edərək Azərbaycanın ədəbiyyat, həmçinin ictimai-siyasi tarixində özünəməxsus iz qoymuş Əhməd Cavadın həyatı, yaradıcılığının xüsusiyyətləri və milli azadlıq hərəkatımıza töhfələri, eləcə də Gəncə şəhəri ilə bağlılığı haqda danışıb.
Konfransda “Əhməd Cavadın mühacirət şeirləri və sovet ədəbi tənqidinin metodoloji aspektləri”, “Əhməd Cavad yaradıcılığı Azərbaycan mühacirət ədəbiyyatşünaslığında”, “Əhməd Cavadın poeziyası”, “Əhməd Cavadın ictimai-siyasi mühiti: Gəncə XX əsrin əvvəllərində Azərbaycan milli azadlıq hərəkatının mərkəzi kimi”, “Əhməd Cavadın “Gəncəm hey!” şeiri Gəncə şəhərinin qəhrəmanlıq salnaməsidir”, “Azərbaycan istiqlalının böyük şairi Əhməd Cavad” və digər mövzularında məruzələr ilə çıxışlar dinlənilib.
Məruzələr ətrafında geniş müzakirələr aparılıb.



